FLAŞ


Qarabağın xilası üçün ən uyğun zaman


http://musavat.com/data/largenews/dir322/img1940825.jpg
Ötən sutka Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bəlkə də son illərin ən gözlənilməz hadisəsi qeydə alınıb.  Belə ki, işğalçı ölkənin silahlı bölmələri atəşkəs rejimini cəmi 18 dəfə pozub. Xüsusilə də aprel döyüşlərindən sonra atəşkəsin pozulması halları az qala on dəfə çox olduğu halda, düşmən bu dəfə nədənsə özünü nisbətən sakit aparıb. 
 
Ancaq bu, heç də işğalçının islah olunması, yaxud Vyana görüşünün nəticəsi kimi dəyərləndirilə bilməz. Məsələ burasındadır ki, Ermənistan növbəti dəfə həyasızcasına Azərbaycanın işğal olunmuş Laçın və Ağdam rayonları ərazisində genişmiqyaslı hərbi təlimlər keçirib. Üstəlik, Ağdamdakı təlimlərdən sonra ərazilərimizə od vurulub. Bütün bunlar isə İstanbulda, BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə keçirilən toplantıda Azərbaycan prezidentinin Ermənistanın işğalçı siyasəti ilə bağlı çıxış etdiyi saatlarda baş verib. İrəvan bununla beynəlxalq hüququ tanımadığını bir daha nümayiş etdirib. 
 
Şübhəsiz ki, Ermənistanın aprel döyüşlərindəki sarsıdıcı zərbələrin ardınca yenə də aqressivləşməsinin arxasında Rusiya amili dayanır. Məsələ burasındadır ki, Moskva hərbi müttəfiqinə növbəti silah partiyasını 200 milyon dollarlıq kredit hesabına göndərməyə hazırlaşır.  Ermənistan aprel döyüşlərindən sonra Rusiyadan “Smerç” və TOS-1A odsaçanları əldə etməyə çalışır, lakin hələlik buna nail ola bilmir. Ermənistanın müdafiə naziri Seyran Ohanyan demişdi ki, kredit hesabına alınan silah və hərbi texnikanın daşınması üçün tədbirlər görülür, proses gedir. Lakin nazir silahların ilk partiyasının artıq Ermənistana daxil olduğu haqda təsdiqləyici heç nə deməyib. Bundan əvvəl baş nazir Ovik Abramyan silahların daşınması prosesinin artıq başladığını demişdi. (virtualaz.org)
 
Ancaq Ermənistanın aqressivləşməsi həm də daxildəki durumla əlaqədardır. Sərkisyan rejimi illər boyu daxildə elə atmosfer yaradıb ki, bu gün ac-yalavac vəziyyətdə olsa belə, erməni xalqı Qarabağın qaytarılmasını qəbul etmək istəmir. Ayrı-ayrı normal düşüncəli ermənilər də bu barədə danışanda onların üzərinə hücumlar başlanır. Üstəlik, Qarabağda və Ermənistanda mövqe sahibi olan, Qarabağ döyüşlərində cinayətlər törətmiş, faktiki olaraq beynəlxalq dərəcəli terrorçular statusu qazanmış şəxslər də Azərbaycanla normal münasibətlərin bərpasını özləri üçün faciəli sonluq hesab edirlər. 
 
Elə bugünlərdə erməni hakimiyyətinin çağırışlarına baxmayaraq, keçmiş səhra komandirlərini bir arada birləşdirən, “Yerkrapa” könüllüləri adlanan terrorçular silahları təhvil verib Qarabağdan geri dönməkdən imtina etdilər. Onlar iddia edir ki, aprel əməliyyatlarında Azərbaycanın azad etdiyi yüksəkliklər geri qaytarılana qədər Qarabağda qalacaqlar. 
 
Eyni zamanda Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Kobalt-2016" adı altında keçirəcəyi birgə taktik təlimlər mayın 24-dən start götürüb. Məlumata görə, ”Baqramyan" təlim bazasında keçirilən təlimlərdə KTMT-nin baş katibi Nikolay Bordyuja da iştirak edəcək.
 
Düşmənin davranışları təbii ki, Azərbaycan tərəfdə diqqətlə izlənilir və müdafiə tədbirləri görülür. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ötən həftə keçirilən görüşündə də təhlükəli vəziyyət müzakirə mövzusu olmuşdu. Keçirilən hərbi təlimlər də müdafiə qüdrətimizin artırılmasına hesablanıb. Azərbaycan ordusunun Raket və Artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov bugünlərdə mətbuata açıqlamasında 200, 300 və 500 kilometr məsafədə hədəfi dəqiq vuran operativ-taktiki raketlərin alınması üçün tədbirlər görüldüyünü də deyib. Məlumata görə, Azərbaycan artıq Pakistandan müəyyən operativ-taktiki raketlər alıb.
 
 
Müşahidəçilərin fikrincə, hazırda hər iki ölkə şiddətli savaşa hazırlaşır. Sadəcə, Azərbaycan “Formula-1" yarışına qədər status-kvonun saxlanması üçün təmkinli davranmağa üstünlük verir. Ehtimallar var ki, məhz buna görə də Ermənistan ordusunun Ağdamdakı son həyasızlığına sərt reaksiya verilməyib. Ancaq düşmənin ”Formula-1" yarışları zamanı da təxribatlara əl atacağı istisna edilmir. Aprel ayında Bakıda keçirilən beynəlxalq forum zamanı da düşmən artilleriyanı işə salmışdı. 
 
Ümumiləşdirsək, nə Azərbaycan, nə də Ermənistan indiki şərtlər daxilində sülhə hazır deyil. Bu mənada prezidentlərin iyunda gözlənilən görüşündə də uğur əldə olunacağına inam yoxdur. Azərbaycan təbii haqqını tələb edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini, torpaqların azad olunmasını istəyir, Ermənistanda “Böyük Ermənistan” xəstəliyinə yoluxdurulmuş toplum Azərbaycanın tarixi torpaqlarının azad olunmasını ağıllarına belə gətirmək niyyətində deyil. Ortaya çıxan qənaət budur ki, Azərbaycan ordusu bayrağımızı Xankəndində dalğalandırmayınca, ermənilər ədalətli sülhə razılıq verməyəcəklər. Aprel döyüşlərindəki uğursuzluqdan sonra da onların hətta məğlubiyyətə görə Sərkisyan hakimiyyətini topa tutması bunu sübut edir. 
 
 
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında belə bir şəraitdə irimiqyaslı hərbi toqquşmaları istisna etmədi. Ancaq onun sözlərinə görə, “Formula - 1" yarışları bitənə qədər Azərbaycan hakimiyyəti atəşkəsi qorumağa və sakitliyə çalışacaq: ”Lakin iyul ayından başlayaraq, vəziyyətin yenidən gərginləşməsi ehtimalı yüksəkdir. Digər tərəfdən, “Foruma-1" yarışları ərəfəsində Ermənistanın da cəbhə bölgəsində təxribat törətməsi ehtimalı yüksəkdir. Ancaq ağılları olsa, həm iyunda sakit davranarlar, həm də prezidentlərin növbəti görüşündə mərhələli həll planının əsas müddəalarına razılaşarlar. Ancaq buna inamım azdır”.
 
Belə hesab olunur ki, Rusiya-NATO qarşıdurması Qarabağın xilası üçün şans yaradır. E.Şahinoğlu isə hesab edir ki, şansı ilk növbədə özümüz yaratmalıyıq - düşmənə təzyiqi artırmaqla. Bununla belə, politoloq Rusiyanın təklənmiş duruma düşməsini ciddi məsələ sayır: “Bəli, Rusiya təklənib. Üstəgəl, Vaşinqton çox uğurla Rusiyanı bütün sərhədi perimetri boyunca sıxışdırır. Vaşinqton əvvəlcə Rumıniya, Polşa və Çexiyada raketlərdən müdafiə sistemləri yerləşdirməyə qərar verdi, ardından Baltik ölkələrində və Gürcüstanda hərbi təlimlər keçirdi. Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya və Qərb uzun müddət vahid mövqedən çıxış edə bilməyəcəklər. Çünki müharibə uzansa, Rusiya Ermənistana hərbi dəstəyini artıracaq və bu, Azərbaycanda narazılıqla qarşılanacaq. Elə vəziyyət yarana bilər ki, rəsmi Bakı da NATO ölkələrindən, o cümlədən Türkiyədən hərbi dəstək istəyə bilər. Bu halda Cənubi Qafqazda ayırıcı xətlər çəkiləcək”.
 
Bəli, Rusiya təklənib, hətta NATO-Rusiya müharibəsinin başlaya biləcəyi barədə ciddi ekspertlərdən xəbərdarlıqlar da gəlir. Ancaq Bakı indiki “yaralı” halında “Şimal ayı”sını qıcıqlandıra biləcək hər hansı addım atmamaq xətti yürüdür, balansı qoruyur, münasibətləri saxlamağa çalışır. Rusiya tədricən 90-cı illərin əvvəllərindəki halına, Yeltsin zamanındakı postsovet ölkəsinə qayıdır. O zaman şimal qonşumuzu dağılmaqdan qoruyan Qərb bu dəfə çətin ki, eyni cür davransın. Hesab olunur ki, Qarabağın xilası üçün pəncərə də məhz Rusiyanın başının özünə qarışdığı, hətta Ermənistanı özünə ağır yük sayıb ayağının altına atmaq istədiyi məqamda açıla bilər.   

Musavat.com