FLAŞ


“O gecə atam, qardaşım, bacım öldü, yoldaşım və uşaqlarım yoxa çıxdı...”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/may/04/big/00358a0064790d1db1e06348e90a2fd0.JPG

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da...

I hissə: http://bolge.info/Home/Details/9022

II hissə: http://bolge.info/Home/Details/9284

III hissə: http://bolge.info/Home/Details/9934

IV hissə

Aygün dünyadan qardaşı, qatili və xilaskarı Çingizlə bərabər köçdü. Çingiz Aygündən bir neçə saniyə artıq yaşamışdı...

Qadınlar 15 yaşlı qızın yağışın altında sərilib qalan cəsədinə həsədlə baxırdılar. O, xilas olmuşdu...

...Xasayın həyat yoldaşı Nərgiz 4 yaşlı Şəhriyarı kürəyinə bağlayıb, 6 yaşlı Elmidarın əlindən tutmuşdu. Kaha atəşə tutulanda Şəhriyar qolundan yaralanmışdı, aramsız ağlayırdı.

Ermənilər Çingiz tərəfə atəşi saxlayandan sonra yenidən kahalara dönüb axtarışa başladılar. Onların yoxluğundan istifadə edən Nərgiz, qaynı Surxayın arvadı Arzuya yaxınlaşdı:

- Nə qədər ki, başları qarışıqdır, gəl qaçaq...

- Nə danışırsan? Hara qaçaq? Görmürsən hər tərəfə doluşublar?

Binnət kişi onların nə pıçıldadıqlarını bilmirdi.

- Nərgiz, atamı yaralı qoyub heç yerə gedə bilmərəm... – deyərək, Arzu ondan ayrılıb, Binnətə yaxınlaşdı.

Nərgiz qayınanasına üz tutdu. Zibeydə arvad Aygünün cəsədi qarşısında diz çöküb özünü döyür, ağlayırdı.

- Mən uşaqları da götürüb qaçıram. Gəl, bir yerdə gedək.

- Dörd tərəf ermənidir, hara qaçacaqsan?

- Hər yan qayalıqdır, birindən özümüzü atarıq, canımız qurtarar. Əsir düşüb əzab çəkməkdənsə birdəfəlik ölmək yaxşıdır.

- Mən Arzunu qoyub heç yana gedə bilmərəm, qızım. Yanında körpəsi var.

Nərgiz vaxt itirmək istəmirdi. Ağlamağını kəssin deyə, Şəhriyarın ağzını bağlayıb, kürəyində bərkitdi. Oğlunun səsi gələ-gələ bunu edə bilməzdi. Elmidarın əlindən möhkəm yapışıb, qaçaraq dəstədən ayrıldı. Gözünü yumub, ilk qarşısına çıxan qayadan uşaqlar qarışıq özünü atdı...

Bir az sonra ermənilər yenə kahalarda gizlənmiş adamları tapıb çıxardılar. Üstəlik, dağlardan tapdıqları bir hərbçi meyitini də gətirmişdilər. Zibeydə arvad Aygünün başını sinəsinə sıxıb, əsgər meyitinə boylandı. Həmən də gözlərini yayındırdı. Çingiz olub-olmadığını görmək istəmədi. Ermənilər gülərək,  yolun kənarına atdıqları meyiti soyundurdular. Çəkmələrini, paltarını götürüb əsgərin cəsədini  yenidən atəşə tutdular

- Türk köpəyi! Yenə cavab ver! Bayaqdan bizimlə döyüşəndə bilmirdin axırın belə olacaq?

Meyiti güllə ilə deşik-deşik etdikdən sonra, girovlara tərəf çevrildilər. Adamların sayı azalmışdı. Özünü qayadan atan təkcə Nərgiz deyildi. Ermənilərin kahalara qalxmağından istifadə edən qadınlardan kimin ürəyi gəlmişdisə, özünü övladı ilə birlikdə qayalardan atmışdı... Erməni hərbçiləri ətrafa işıq saldılar:

- Burada qadın var idi, kürəyinə də yaralı uşaq bağlamışdı. Hanı? Hara getdi?

Suallarına cavab almadıqca, güllələri ətrafa səpələyirdilər.

***

Xasaygil bir az da gözləyib, onların getdiyindən əmin olandan sonra sürünüb, başqa kahaya keçdilər. Bu yolla öz kahalarına qədər getməyi düşünürdülər...

Xasaygil kahaya yaxınlaşanda artıq səhər açılırdı. Bir az da yaxınlaşanda Xasay qayadan sallanan yaşıl rəngli uşaq şalvarını gördü.Çətinliklə öz-özünə dedi:

- Elmidarı... Elmidarı vurublar... – dedi.

Amma uşaq özü yox idi.

Kahada ilk qarşılaşdığı atası Məhəmmədin meyiti oldu... Sonra isə qardaşı Surxayın... Bir də kahanın bir küncündə kiçik oğlunun ayaqqabıları qalmışdı...

***

Xasay Əmralıyev xatırlayır:

- Beləcə, 1993-cü il, aprelin 18-də ailəmizdən ilk şəhidləri verdik: Atam Əmralıyev Məhəmməd Abış oğlu 1933-cü ildə doğulmuşdu. Qardaşım Surxay 26, Çingiz 23, Aygün isə 15 yaşında idi...

- Nə əcəb ermənilər 18-nə qədər kahaları axtarmamışdı?

- Başları kəndin içini qarət etməyə qarışmışdı. Adamlar dolu evdən canını götürüb çıxmışdı... Daşıyan daşıyanın idi. Heyvanlar acından ölməsin deyə, hamı evdən çıxanda tövləsinin qapısını açıq qoymuşdu, mal-qara dağılmışdı çöllərə... Aprelin 18- də axşam saat 5 olardı gəldilər... Əvvəlcə bir ağ “Niva” gəldi, dayandı düz kahanın qabağında... Başladılar Azərbaycanca camaatı çağırmağa. Kim çıxardı? Qorxusundan heç kəs səsini çıxartmadı. Gecə yarısına qədər axtarış, atışma, qumbaraları necə atırdılar kahaların içinə... Bizə olan o gecə oldu... Onlar gedəndən sonra da bilmədik əsir gedənlərimizin arxasınca qaçaq, yoxsa yollara, kahalara səpələnən meyitlərimizi toplayaq...

Surxayın həyat yoldaşı Arzunun anası Büsat ilə bacısını Zövqiyyəni da vurmuşdular... Kahada 60 nəfər idik, bizim kəndçilər, 8 döyüşçü və Laçından bir ailə var idi. Əhliman adlı kişi idi, körpə uşaqları var idi, iki qız, bir oğlan... 60 nəfərdən 15-nin meyitini tapdıq, qalan heç kim yox idi...

***

Nərgiz Əmralıyeva xatırlayır:

- Çingizin bizim əsir düşməkdənsə ölməyimizi üstün tutmasından ürəkləndim. Övladlarımın birinin əlindən tutub, o birini kürəyimə bağlayıb ölümə qaçırdığımın fərqində idim, amma ölümdən də çox girovluqdan qorxurdum. Bu əzabları gözə alıb, ana-bala özümüzü qayadan atdıq...

Uşaqlar qarışıq yerə düşəndə, gördüm sağ qaldıq... Şəhriyar arxamda idi, o əzilməmişdi, tez Elmidarı yoxladım. Allah hamımızı qorumuşdu. Ayağa qalxıb, başladım qaçmağa.

Üzü yuxarı qalxıb, özümüzü kollara çatdırdıq... Elə bu vaxt ətrafa işıq salıb, bizi axtarmağa başladılar... Qayalara işıq salıb, “rupor”la çağırıb ki, hardasınız, çıxın, qorxmayın, öldürməyəcəyik, deyirdilər... Uşağın biri kürəyimdə, o birini də bağrıma basıb, qısıldım kola... Dedim erməni əlində ölüncə, qoy bizi çöldə qurd-quş yesin...

***

Xasay Əmralıyev xatırlayır:

- Əsir apardıqlarını ancaq kahalardan tapmışdılar, yoxsa kəndlərdə də adam qalmışdı?

- Xəbər yayılanda ki, ermənilər tuneli tutub, maşınların qabağını kəsib, camaatı girov götürüb, demək olar ki, bütün kəndlər boşalmışdı. Amma tək-tək evlərdə adamlar qalmışdı... I və II Dünya müharibəsində iştirak edən Ələsgər kişi var idi. Ələsgər Ələsgərov. Yaşlı adam idi, evində qaldı. İndiyə qədər də adı itkin siyahısındadır. Taleyindən xəbər yoxdur. Bir də məsələn, bizim kənddə bir Hüseyn var idi, yaxşı danışa bilmirdi deyə, adına lal Hüseyn deyirdik. Orta yaşlı adam idi. O vaxt ailəsi, uşağı camaata qoşulub kəndi tərk edəndə lal Hüseyn dedi mən inanmıram camaatın dediyinə. Hamısı şayiədir, erməni nə gəzir? Nə qədər elədik, heç birimizi dinləmədi, qaldı kənddə. Sonradan bildim... Anamgili yığıb apardıqları maşında Hüseyn də olub... Kahada bizimlə gizlənən adamlardan isə 15 nəfərini girov götürdülər.

- On beşi isə həlak olmuşdu. Cəmi 30 nəfər qaldınız?

- Bəli. Amma hələ ki, otuzdan da az idik. Ələkbərin ailəsindən xəbər yox idi. Dedik kəndə enək, görək bəlkə ora qaçıblar... Ev-ev gəzdik, heç yerdə yox idilər...

***

Gülcamal düz bir həftə qardaşlarından nigaran əsirlik əzabı və doğuş sancıları ilə qıvrıldı. Nəhayət, aprelin 8-də uşaq bağçasının müdirəsi gənc qadının əzablarını izləyib, “Doğuş başlayıb, xəstəxanaya göndəririk” dedi.

Onu Xankəndindəki doğum evinə apardılar.

***

Gülcamal Hacıyeva xatırlayır:

- İndi də yadıma düşəndə dəhşətə gəlirəm... İlk dəfədir, təcrübəm yox, yanımda anam, bacım yox nəsə desin... Ağrıdan az qalıram sürünəm, neyləmək lazımdır bilmirəm... Elə “su” deyib qışqırır, yalvarır, kömək istəyirəm. Hayıma gələn yox idi... Nəhayət, məni doğuş otağına apardılar. Orada başıma nə gəldi, uşaq necə oldu, heç nə bilmədim... Təkcə onu bilirəm ki, bir həftə ayağa qalxa bilmədim, tikişlər çox idi...

Gecənin bir vaxtı ayıldım ki, palatadayam. Hiss elədim ki, çarpayının içində tərpənirəm. Əlimi hara atdım, qan idi... Elə bil qan gölünə düşmüşdüm... Həkimlər gəlib pis-pis baxıb, getdilər... Heç kim yaxınlaşmadı... Sonra BQXC nümayəndələri gəldi... Ondan sonra gətirib iynə vurdular, qanaxma kəsdi. Bir həftə qaldım xəstəxanada...

***

Gülcamal xəstəxanada bir həftə yatmalı oldu. Bu günlər ərzində hamı onunla elə davranırdı ki, sanki o heç dünyaya övlad gətirməmişdi. Bir gün qapını açıb, üstünə acıqlandılar:

- Bəsdir, yatıb dincəldin! Qalx geyin, səni əsirlərin yanına geri aparacağıq!

Qapı çırpıldı. “Bəs uşaq?” - yenə Gülcamal ürəyində, öz-özünə dedi...

Qalxıb geyindi, çarpayının bir küncündə əyləşib, gözlədi. Qonşu palatalardan körpə çığırtıları gəlirdi. Gənc qadın bütün diqqətini cəmləyib, o səslərin içindən öz övladının səsini ayırd etməyə çalışırdı. Səslər o qədər anlaşılmaz və yad idi ki..

Nəhayət, qapını açıb, onu çağırdılar. Palatadan dəhlizə addım atanda Gülcamal ilk dəfə hiss etdi ki, yer üzündə doğum evindən əliboş çıxan qadın qədər miskin insan yoxdur. Girovluqda yaşadığı bütün əzablara rəğmən, özünü indiki qədər gərəksiz, ümidsiz hiss etməmişdi. Gülcamal doğuş sancılarını çəkərkən, bu ağrıların dünyada ən dəhşətli ağrı olduğunu hesab edirdi. Amma indi başa düşürdü ki, doğum evini övladsız tərk etməyin sancıları daha məşəqqətlidir...

(Davamı olacaq...)