FLAŞ


Osmanlıya xəyanət: ərəb faciəsi

– Məxfi müqavilə


http://axar.az/cdn/2016/may/19/1463608537.jpg

Axar.az siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimovun 100 il bundan öncə imzalanmış məxfi Sayks-Piko müqaviləsindən bəhs edən məqaləsini təqdim edir:

19 may 1916-cı ildə Böyük Britaniya və Fransanın nümayəndələri gizli şəkildə sonralar Sayks-Piko müqaviləsi adlandırılacaq və Levant regionunun gələcək parçalanmasının əsasını qoyan razılaşmanı imzaladılar.

Bu müqavilənin şərtləri altında Osmanlı İmperiyasının idarəsində olan əksər ərəb torpaqları I Dünya Müharibəsinin başa çatmasından dərhal sonra İngiltərə və Fransa arasında bölündü. 

Üstündən bir əsr vaxt keçməsinə baxmayaraq, Yaxın Şərq bu razılaşmanın acılarını çəkməkdə davam edir. Regionda yerləşən bütün ərəb ölkələri bu gün düşdükləri acınacaqlı vəziyyət üçün - Fələstinin işğal olunmasından tutmuş İŞİD-in yaranmasına qədər - bu müqaviləni və onu hazırlayan ölkələri günahlandırırlar. Onlara haqq vermək lazım gəlir. Osmanlı İmperiyasının (1516-1924) tərkibindəki 400 illik tarix boyu ərəblər son 100 ildə çəkdikləri qədər əziyyət çəkməyiblər. Təsadüfi deyil ki, Osmanl dövrü Ərəb Xilafətindən sonra onlar üçün “ikinci qızıl” dövr adlandırılır.

Osmanlı İmperiyasının süqutunun yaxınlaşdığını hiss edən Fransa və Böyük Britaniya tədricən ərəb ölkələrini nüfuzları altına almağa başlayır. Beləliklə, Fransa Əlcəzairi (1830), Tunisi (1881), Liviyanı (1911); Britaniya isə Yəmən (1939), Oman (1861), Küveyt (1899), Korfəz Ərəb Tayfaları (1820) üzərində hakimiyyəti ələ keçirirlər.

1914-cü ilin yayında I Dünya Müharibəsi başlayan kimi Böyük Britaniya, Fransa və Rusiyadan təşkil olunmuş müttəfiqlər həmin vaxt Almaniya və Mərkəz Qüvvələri tərəfində döyüşən Osmanlı İmperiyasının gələcəyi ilə bağlı çoxlu müzakirələr aparırdılar. Müzakirələrin obyekti Yaxın Şərqdəki geniş torpaqlar və cənubi-mərkəzi Avropa idi. 1915-ci ilin martında Böyük Britaniya Rusiya ilə gizli müqavilə imzalayır və bu müqavilənin Osmanlı İmperiyasının torpaqlarını təhlükəyə atması türkləri Almaniya və Avstriya-Macarıstanla daha da yaxınlaşmağa məcbur edir. Müqavilənin şərtlərinə uyğun olaraq, Rusiya Osmanlı İmperiyasının paytaxtı İstanbulu işğal etməli və Dardanel boğazına (Qara və Aralıq dənizlərini birləşdirən əhəmiyyətli keçid) və Çanaqqala (Gallipoli) yarımadasına nəzarəti bərpa etməli idi. Müqaviləni həyata keçirmək üçün müttəfiqlər 1915-ci ilin aprelində fəaliyyətə başladılar. Müqavilə İngiltərəyə Osmanlı imperiyasının digər ərazilərinə və neftlə zəngin Mesopotomiya da daxil olmaqla Fars torpaqlarına sahiblənməsinə razılıq verirdi.

Rusiya, Böyük Britaniya və Fransa arasında müqavilədən bir il sonra İngilis siyasi müşaviri, diplomat, politoloq, hərbçi və səyyah Ser Mark Sayks (Sir Mark Sykes. 1870-1919) və Fransanın nüfuzlu diplomatı Frank Corc Piko (Francois Georges Picot. 1870-1051) Böyük müharibənin nəticələrinə yenidən baxmaq üçün mahiyyətcə əvvəlkindən bir qədər fərqli və yenə də məxfi müqavilə ilə ortaya çıxdılar. Piko Fransanın Suriyaya nəzarətini saxlamaq, Sayks isə öz növbəsində Böyük Britaniyanın nüfuzunu qorumaq uğrunda mübarizə aparırdı. Müqavilə ərəblərin iştirakı və razılığı olmadan onların taleyini həll edir, Osmanlının əlində olan torpaqlara tam nəzarəti ələ keçirir və bu gün baş verməkdə olan sonrakı qanlı proseslərin əsasını qoyurdu.

Beləliklə, 1916-cı il mayın 19-da imzalanan Sayks-Piko müqaviləsi keçmiş Osmanlı İmperiyasının nəzarəti altında olan ərəb torpaqlarının Böyük Britaniya və Fransanın nüfuz dairəsində bölünməsinin əsasını qoydu. Razılaşma bu ölkələrə nəzarət altına aldıqları torpaqlarda özlərinin uyğun bildikləri üsul-idarəni yaratmağa, istədikləri nəzarət mexanizmini tətbiq etməyə imkan verirdi. Sayks-Pikonun şərtlərinə görə, Suriya sahilləri və müasir Livanın xeyli hissəsi Fransaya verilirdi. Britaniya mərkəzi və cənubi Mesopotomiya, Bağdad və Bəsrə regionlarına sahib olurdu. Fələstin birgə idarəetməyə verilirdi. Müasir Suriyanın böyük bir hissəsi, İraqın şimalında yerləşən Mosul və İordaniya Fransa və Britaniyanın nəzarəti altında olan yerli ərəb tayfa başçılarına verilirdi.

Mütəfiqlərə göstərdiyi yardım və müharibədə iştirakına görə təbii ki, Rusiya da kənarda qala bilməzdi. Qara Dənizlə Aralıq Dənizi arasındakı keçid, İstanbul və Ermənistan Rusiyanın nəzarətinə verilirdi.

Bu müqaviləni reallaşdırmağa imkan tapmamış iştirakçı qüvvəllər 1918-ci ildə ona dəyişiklik etməyə və yenidən baxmağa məcbur oldular. Çünki I Dünya Müharibəsinin nəticələri və Çar Rusiyasının dağılaraq yerində Sovet Respublikasının yaranması tamam başqa şərtlər diktə edirdi. Mustafa Kamal Atatürkün Türkiyədə hakimiyyətə gəlməsi Böyük Britaniya, Fransa və eləcə də Rusiyanın planlarını alt-üst etdi. Birləşmiş qüvvələr Anadoludan qovuldular. Mosul Fransaya, sonradan Böyük Britaniyaya verildi. Amma Türkiyənin ora olan iddiaları təmin olunmadı.

Sonralar Yaxın Şərqin bölünməsində öz payını tələb edən ABŞ mübarizəyə qoşulur və vəziyyət daha da gərginləşir. Aparıcı qüvvələrin mübarizə meydanına çevrilən region bu gün tarixinin ən acı günlərini yaşayır. Yenə də Böyük Britaniya, Fransa və Amerika Birləşmiş Ştatları Yaxın Şərq üçün  planlar qurur, regionu nüfuz dairələrinə yenidən bölmək istəyirlər. Amma bunun üçün onlar İŞİD-lə qurtarmalı, Suriyanın taleyini bir tərəfə çıxarmalıdırlar.

Bu işdə isə onlar Rusiya kimi güclü maneə ilə qarşı-qarşıyadırlar. Ya Rusiya ilə razılaşaraq onun nüfuz dairəsinə müdaxilə etməməli, ya da ona qarşı yeni bir cəbhə açıb situasiyanı daha da mürəkkəbləşdirməlidirlər. Yaranmış vəziyyətdən çıxış yolunu bu vəziyyəti yaradanlar özü də görmürlər.