FLAŞ


Bir fotonun tarixçəsi: Yanan rahib...


http://i.virtualaz.org/142589_res_01.jpg

Özünü yandıran buddist rahibin bu fotosunu 30 yaşlı amerikalı fotoqraf Melkolm Braun 1963-cü ilin 11 iyununda Cənubi Vyetnamda çəkib. Bu ekstremal səhnədə ən riqqətə gətirən detal rahibin ifrat sakitliyidir. Bu isə inamın gücünə illüstrasiyadır.

Bu intihar Cənubi Vyetnamda illərlə davam edən qarşıdurmanın nəticəsi idi. Bir tərəfdə buddistlər, digər tərəfdə ölkədə zor gücünə katolikliyi yayan Vatikan və yerli marionet rejim dayanırdı. Hələ Fransa işğalı zamanı qəbul edilən qanuna görə, buddistlər öz ölkələrində istənilən tədbiri keçirmək üçün xüsusi icazə almalıydılar. İcazə istəyəndə də mütləq rədd cavabı ilə qarşılaşırdılar.

Artıq fransızlar yoxdu, Vyetnamın cənubu ABŞ-ın işğalı altındaydı, ancaq qanun qüvvəsində qalırdı. Yəni, müstəmləkəçinin adı dəyişsə də, məzmun dəyişməmişdi.

Səbr kasasını daşdıran hadisə 1963-cü ilin 8 mayında baş verir. Minlərlə rahib Buddanın ad gününü qeyd etmək üçün Vyetnamın qədim paytaxtı olan Xyue şəhərində toplaşır. Polis dağılışmaq əmri verir və müqavimətlə qarşılaşır. Nəticədə, rahiblər gülləbaran edilir.

Etiraz əlaməti olaraq iyunun 11-də bir qrup buddist rahib Sayqon şəhərinin işgüzar hissəsində yolu bağlayır. 73 yaşlı rahib Txi Kuanq Dık sakit tərzdə kütlənin içindən çıxıb asfaltda əyləşir. 2 gənc rahib onun üstünə benzin tökür. Bundan sonra Txi Kuanq Dık kibritlə özünə od vurur. Yandığı müddətdə bir dəfə də pozasını dəyişmir.

Hadisənin canlı şahidi olan ABŞ jurnalisti Devid Xolberstem sonralar xatırlayacaqdı: “Təəccüblüdür ki, insan bədəni bu qədər tez yanır. Mənim arxamda az vaxtda yerli camaat toplandı. Bəziləri ağlayırdı. Mən şokda idim, nə isə düşünmək, qeydlər etmək, yaxud suallar vermək iqtidarında deyildim. Rahib öz ağrılarını xırda bir hərəkətlə də büruzə vermədi. Onun məğrur sükutu ağlayan kütlənin fonunda daha da nəhəng görünürdü”.

Baş verənləri lentə köçürən yeganə fotoqraf Melkolm Braun oldu. Həmin foto ona nüfuzlu Pulitser mükafatı qazandırmaqdan əlavə, ABŞ-ın Cənubi Vyetnam siyasətətini də dəyişdi. Bircəcik fotonun gücünə tarixi misal.

Yanan rahibin fotosu öz müstəqil həyatını yaşamağa başlayır. Kommunistlərin hakimiyyətində olan Şimali Vyetnamda o, antiimperialist təbliğatın simvollarından birinə çevrilir. Cənubi Vyetnamın mövqeyini isə hamıdan yaxşı o vaxtkı marionet prezident Nqo Din Dyomun xanımı (“birinci ledi”) madam Nxu ifadə edir. Bu qadından baş verənlərə münasibətini öyrənənlərə o, cavab olaraq deyir: “Daha bir yanan rahibin tamaşasına məmnuniyyətlə əl çalardım”.

Txi Kuanq Dıkın qismən yanmış ürəyi hazırda Vyetnam federal ehtiyatlar bankında bir müqəddəs əşya kimi saxlanılır.

Melkolm Braun isə o dəhşətli hadisəni bu cür xatırlayır:

Bəzən məndən soruşurlar: intihara mane ola bilərdimmi? Bilməzdim. Orada təqribən 200 rahib dayanıb zəncir yaratmışdı və qoca rahibə yaxınlaşmaq istəyənlərə mane olurdu. Yanğınsöndürənlər gələndə, rahiblərdən bir neçəsi özlərini maşının təkərləri altına atdı. Ancaq vaxt keçdikcə məni ağır bir hiss əzir: rahibin ölümündə hansısa dərəcədə mən də təqsirkaram. Əgər o rahib bilsəydi ki, yaxınlıqda hadisəni görüb sonra dünyaya çatdıracaq heç bir jurnalist yoxdur, böyük ehtimalla özünü yandırmazdı. Onun məqsədi də bu idi: Elə bir dəhşətli tamaşa oynamaq ki, aksiyaya aparıb çıxarmış səbəblər bütün dünyaya bəlli olsun”.

Qoca rahib istəyinə nail ola bildi. Artıq səhərisi gün foto prezident Kennedinin masasının üstündə idi. Kennedi ABŞ-ın Cənubi Vyetnamdakı səfirinə zəng vurur və deyir: “Buna son qoymaq lazımdır”.

Foto Vaşinqtonun marionet Nqo Din Dyom rejimini dəstəkləməsinə son verməyinə səbəb olur.

Rahibin fotosu bütöv bir ölkənin tarixini dəyişə bilir...

Yeri gəlmişkən, diktator Nqo Din Dyom və qardaşı Nqo Din Nu elə həmin hadisədən 5 ay sonra 1963-cü ilin 2 noyabrında hərbi çevriliş zamanı vəhşicəsinə qətlə yetirilir.

Məmməd Süleymanov

virtualaz.org