FLAŞ


Erməni əsirliyində güllələnən azərbaycanlılar


http://img.milli.az/2016/05/16/434731.jpg

Tarixçi alim Zaur Əliyev öz Facebook səhifəsində erməni əsirliyində olan azərbaycanlı girovların ifadələrindən bəzi hissələri paylaşıb. 

Bolge.info baku.ws-ə istinadən bildirir ki, girovlar əsirlikdə olarkən onlara verilən işgəncələrdən, Azərbaycanın tarixi sərvətlərinin necə talan edilməsindən bəhs ediblər: 
 
Erməni əsirliyində olmuş Pənah İskəndərovun izahatından: "Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndiyə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndidə tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik".

1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin Azərbaycanın tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin söküldüyünü və müsəlman qəbristanlıqlarının dağıdıldığını bildirib.

Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin dağıdılmasına etiraz olaraq intihar etdikləri bildirilir. Belə şəxslərdən Məmmədəli Qasımovun adını çəkmək olar. Guya o, 16 iyun 1994-cü ildə qaçış zamanı öldürülüb. Əslində, bu şəxs azərbaycanlı məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib.

Digər bir soydaşımız - Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə aparılaraq güllələnib.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdi.

Səfər Babayev adlı əsirimiz Qarabağda qəbir daşlarını sökməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində meyidi ailəsinə təhvil verilib. Əsirlikdə olan soydaşlarımızın verdiyi məlumatlara görə, 5 azərbaycanlının Drambon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.

1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında yazır: "Şuşa şəhərində saxlandığım dövrdə orada azərbaycanlıların qəbristanlığındakı başdaşlarının, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam.

Bundan başqa, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə nişanlı maşınlarla birbaşa Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".