FLAŞ


Stalinin Bağırova son sözü: "Sən səfehsən"


http://sonolay.org/uploads/posts/2014-12/1417720469_mircefer-bagirova.jpg
Stalin:
- Yoldaş Bağırov, sən kimsən?
 
 Bağırov cavab verir:
- Siz ki bilirsiniz, mən kiməm: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi.
 
 Stalin:
- Yox, sən əsl səfehsən!
 
  Bağırov susur, Stalin davam edir:
- Sən üçüncü dünya müharibəsini başlamaq istəyirsən? İstəyirsən ki, amerikalılar bizə nüvə hücumunu hədiyyə etsinlər? Niyə Cənubi Azərbaycandan bizim silahlı qüvvələrin çıxarılması ilə bağlı əmrimi yerinə yetirmirsən?
 
***
 
Cənubi Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş Kavian Cəfər Məhəmmədəli oğlu 1895-ci ildə Təbriz yaxınlığındakı Səhlan kəndində kəndli ailəsində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. Atası Məhəmmədəli qardaşı İsrafillə birlikdə  azadlıq hərəkatının fəallarından, gizli  inqilabi hərəkatın məşvərətçisi və Səttarxanın yaxın silahdaşı idi. Hərəkat yatırıldıqdan sonra Məhəmmədəli həbs olunub və işgəncələrə dözməyərək vəfat edib.
 
Səttarxan hərəkatına fədai kimi lap gənc yaşlarından qoşulan Cəfər Kavian, iki adla - gənc ikən Məşədi, milli hökumətin milli qoşunlar vəziri olanda isə General Cəfər Kavian kimi tanınır.  İnqilabdan sonra isə qardaşını da götürüb mücahidlərlə birlikdə  Bakıya pənah gətirir və iki qardaş 1912-1914-cü illərdə Bakıda yaşayaraq dərziliklə məşğul olurlar. 1914-cü ildə Cənubi Azərbaycana qayıdan Cəfər 1918-ci ilə qədər inqilabi və gizli Sosial Demokrat partiyasının işləri ilə məşğul olur. Fasilələrlə Naxçıvanda və Bakıda yaşasa da, 1920-ci ildə gizli şəkildə yenidən Təbrizə qayıdır və Şeyx Məhəmməd Xiyabani hərəkatında milli fədai başçısı kimi fəaliyyət göstərir. Şeyx Məhəmməd inqilabı məğlub olandan sonra Əbül- Yasin Lahrudi inqilabına qoşulur və fədai başçısı təyin edilir. Hərəkat dayandırıldıqda isə, Kavian mühacirlərlə birlikdə Tiflisdə birləşmiş Qafqaz partiyasına qoşulur. 1922-1924-cü illərdə partiyanın göstərişi ilə Bakıya, Partiya məktəbində təhsil almağa gəlir...
 
Daha sonra İrana qayıdan Kavian1930-cu ilin sonlarında həbs edilir. Məhkəmənin 3472/14 nömrəli qərarında deyilir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur".
 
Onu həbs edən Ələkbər xan ona zindanda olmazın işgəncələr verib, hətta qızı ilə görüşməyə belə, imkan yaratmayıb. Bütün bu zülmlərə dözən Kavian Ələkbər xana deyib:
 
“Nə bacarırsan elə, bir gün gələcək, sənin paqonlarının yerinə mıx çalacağam”. Oğlu Marks müəllim deyir ki, on beş il sonra xəstə düşən Kavian öləcəyindən və qisasını ala bilməyəcəyindən ehtiyat edərək, Ələkbər xanın öldürülməsi üçün silahlı dəstə göndərir, zülmü dillərə dastan olan Ələkbər xan öldürülür və şah ölkədə yeddi günlük matəm elan edir. 
 
Cəfər Kavian, 1941-ci ildə Sovet ordusu İrana gəldikdən sonra azad edilərək Təbrizə qayıdır və 1944-cü ilə qədər Təbrizdə müxtəlif antifaşist, xalq partiyalarının yaranmasında yaxından iştirak edir.
 
1945-ci ildə Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə qədər yüksələn Kavian göstərdiyi xidmətlərə görə MK-nın, Azərbaycan Milli hökumətinin və Milli Məclisin qərarı ilə “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunur.
 
- Atam bizi götürüb yenidən Təbrizə qayıdır,- deyə, Marks müəllim söhbətinə davam edir. - O, inqilabi, antifaşist təşkilatlarda çalışmaqla bərabər, Pişəvəri, Doktor Cavid, Şəbüstəri və Padiqanla birləşərək artıq Milli Hökumətin yaranmasının vaxtı çatdığı qərarına gəlirlər. Mili Hökumət yaradılır və Cəfər Kavian Milli Məclis tərəfindən Milli Hökumətin müdafiə naziri təyin olunur. Pişəvəri Milli Hökumətin görünən tərəfi idi, Kavian görünməyən tərəfi. 1945-ci ilin dekabr ayında komandan, general Ələkbər Derəxşani təslim aktını imzalayır və ona həvalə edilmiş rəmzi komandan qılıncını Milli Hökumətin müdafiə naziri general Cəfər Kaviana təhvil verir.
 
1946-cı ildə Sovet Azərbaycanına pənah gətirən Cəfər Kavian ömrünün sonuna qədər burada yaşayır. Demokratik Respublikanın süqutu haqqında M. C. Bağırovun köməkçilərindən biri olan Mütəllim Babayev xatirələrində təsadüfən İ. Stalinlə M. C. Bağırovun telefon danışığını eşitdiyini deyirdi. Rəhbər Bağırovu, onun qoşunları Cənubi Azərbaycandan çıxarmaq tapşırığına əməl etmədiyinə görə tənbeh edirdi: “1944-cü ildə faşist Almaniyasına qarşı ikinci cəbhə hücuma başlayanda İ. Stalinin yeni göstərişini aldıq: “Sovet silahlı qüvvələri Cənubi Azərbaycandan çıxarılsın!” Lakin bu tapşırığı Mir Cəfər Bağırov çox həvəssiz və ləng yerinə yetirirdi. O, yaxşı bilirdi ki, qoşun çıxarılsa, şah ordusu Demokratik Respublikanın bütün qurumlarını darmadağın edəcək, adamlara divan tutacaq. Pişəvəri ilə telefon danışıqlarında hər şeyi açıb-ağartmaq istəmir, qoşunlarımızın orada olmasından isitifadə edərək adamların və gərəkli avadanlıqların sərhədin bəri tayına keçməsi tapşırığını verdi. Pişəvəri isə bu qərarla  heç cür razılaşmaq istəmir, telefon xəttində az qala qışqırırdı: “Bu, xəyanətdir, biz belə danışmamışdıq!”.
 
Pişəvəridən söz düşmüşkən, Marks müəllim onun ölümü ilə bağlı səslənən müxtəlif versiyalara aydınlıq gətirir. Deyir, Pişəvəri İrandan Şimali Azərbaycana keçib, burada sığınacaq tapmış insanlarla görüşmək üçün rayonlara səfər edirdi. Nuru Quliyev və Qulam Yəhya Danişyan səfərlərində onu müşayiət edirdi. Gəncəyə gələndə səhər saat dörddə Pişəvərini oyadırlar ki, Şəkiyə qonaq gedirik. Günün o vaxtı qalxıb qonaq getmək ağlabatan olmadığından, Pişəvəri getmək istəmədiyini bildirir. Yola çıxası olurlar. Nuru Quliyevlə Qulam Yəhya yuxularının gəldiyini bəhanə edərək arxa oturacaqlarda otururlar. Yevlax yaxınlığında sürücü Pişəvəri oturan tərəfi körpüyə çırpır. Pişəvəri yaralı halda Yevlax xəstəxanasına aparılır. Yevlax təhlükəsizlik şöbəsinin sədri Lətif Salayev sürücü Qarnik Melikyanın ciblərini yoxlayarkən bir ədəd “Valter” tapançası və on min manat pul tapır. Salayev onun yanında qarovul qoyub, xəstəxanaya, Pişəvərinin yanına gəlir. Onu görən Pişəvəri -“xəyanət, xəyanət, xəyanət”- deyə, zarıyır. Salayev ondan soruşur: “ Yoldaş Pişəvəri, avtomobil sizin, sürücü sizin, nə xəyanət?” Pişəvəri isə bildirir ki, nə maşın onundur, nə sürücü: “Hər ikisi Qulam Yəhyanındır. İran şahı məni öldürə bilmədi, amma bunlar mənim axırıma çıxdı”. Hadisədən bir gün sonra canını tapşıran Pişəvəri Buzovnadakı Nobel bağında dəfn edilir. Marks müəllim deyir ki, bu hadisə baş verəndə onun on yaşı olub. Atası onu Pişəvərinin dəfninə aparmışdı. Qulam Yəhya başı tənzifli dəfnə gəlmişdi. Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərinin fədailərlə görüşə general-mayor Cəfər Kavianla yox, məhz Qulam Yəhya ilə getməsi hələ də şübhə doğurur.
 
Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla tez-tez görüşərmişlər. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona Razin qəsəbəsində üçotaqlı mənzil verir. O evdə indi oğlu Marks Kavian ailəsi ilə birlikdə yaşayır. Marks Kavian danışır ki,  Bağırovla atasının arasında belə bir söhbət olmuşdu:
 
Bağırov: “ Eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək istəmisiniz?” Atam başa düşür ki, bunu ona xəbər veriblər: “Yoldaş Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən kimi evə gəlib onu güllələmək istədim, amma buna imkan vermədilər. Belə olan halda, onu dərhal həbs etdirdim. Bir müddətdən sonra mərhumun ailəsi və qohumları şikayətçi olmadıqlarını bildirdilər. Məhkəmə oğlumun günahsız olduğunu bildirdi və ona, sadəcə, şallaq cəzası kəsdi. Mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya, hərbi məktəbə göndərdim.” Bağırov atama dedi: “Sən düz iş görmüsən, o, sadəcə, bədbəxt hadisə idi. Bilirsən, elə şeylər var, edirsən, amma sonra peşman olursan. Mənim oğlum döyüşdə həlak oldu. Mənə deyəndə ki, onun cənazəsini gətirək Vətəndə dəfn edək, razı olmadım. Krıma gedib, onu başqa əsgərlərlə birgə oradaca dəfn elətdirdim. İndi isə buna peşmanam.” Bu vaxt Bağırovun gözləri dolmuşdu. Sonralar məlum olur ki, o, oğlunun cənazəsini Bakıya gətirdərək dəfn etdirmişdi.
 
Oğlu Marks deyir: “ Yadıma gəlir ki, atam Heydər Əliyevlə tez-tez telefonla səmimi söhbət edərdi. O, bizim yaşadığımız evə də gələrdi. Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində olanda o, bir gün atamı yanına dəvət etdi. Atam nasaz olduğundan, məni də özü ilə apardı. Vidalaşıb ayrılanda atam paltosuna əl uzatdı. Heydər Əliyev ona kömək etmək istəyəndə atam etiraz etdi. Heydər Əliyev səmimiyyətlə dedi: “Hörmətli Vətən generalı! Biz polkovniklər Sizin qulluğunuzda dayanmağa həmişə hazırıq!”.  
 
Sovet hökumətindən ailəsinə Kavianın Fəxri Xiyabanda dəfn edilməsi təklif edilsə də, onlar heç vəchlə buna razı olmur. O, əmanət məzar kimi, nə zamansa yenidən doğulduğu şəhərdə dəfn edilməsi məqsədi ilə, taxta qutu içində Bakıdakı məzarlıqlardan birində dəfn edilir.      
 
Aydın yol