FLAŞ


Bakının məşhur qonaqları: Nikulinin İçərişəhərdə nərd atmağı

- FOTOLAR


http://politika.az/uploads/posts/2016-05/1462693699_1.jpg

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur 

Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirilir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə məşhur "Brilliant əl" filminin çəkilişləri zamanı Bakıda olmuş Sovet və Rusiya kino aktyoru, kloun, SSRİ xalq artisti Yuri Nikulin haqqında danışacağıq.

Yuri Nikulin 1921-ci ildə Rusiyanın Smolensk quberniyasının Demidov şəhərində anadan olub. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirib və Demidovdakı dram teatrında işə düzəlib. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçüb. Bununla əlaqədar o, 7-ci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə Yuri orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunub. 

Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirlər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yaranır. 

1983-cü ildə Mixail Şuydinin ölümündən sonra Yuri sirkin direktoru vəzifəsində çalışmağa başlayır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirib.

1949-cu ildə Yuri Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.

Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilliant əl", “12 stul", "Quldur qocalar", “Qafqaz əsiri” və s. filmlər var.

Məşhur aktyor 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat edib.

Yuri Nikulin “Brilliant əl” filminin bir hissəsinin Bakıdakı İçərişəhərdə çəkilişi zamanı, 1968-ci ildə Azərbaycan paytaxtına gəlib. 15 günlük səfər çərçivəsində Bakı sakinləri tərəfindən yaxşı münasibət görən Nikulin xatirələrini hələ çox sonralar paylaşacaqdı.

Bu haqda sonra danışcağıq. Öncə Yuri Nikulin haqqında danışılan məqamlara toxunaq.

Sosial şəbəkələrdə və diskussiyalarda Bakının müxtəlif yerlərində, xüsusilə Yuri Nikulinin bakılılarla nərd oynanılan yerdə şəkillərinə yazılan rəylərdən məlum olur ki, o çox evə qonaq gedib. Təbii ki, tanınmış aktyoru hər kəs öz evinə dəvət edib, milli təamalardan dadızdırmaq istəyirdi. Gərgin iş qrafikinə baxmayaraq, aktyor bakılılara vaxt ayırmağa və onları sevindirməyə çalışırdı. Aktyorun Bakı səfərinə şahidlik etmiş rəssam Fikrət Ələkbərov Modern.az saytına xatirilərini danışarkən deyib ki, insanlar Yuri Nikulini bir aktyor kimi deyil, yaxın dostları kimi görürdülər.
 Nikulinin İçərişəhərdə nərd atmağı
Fikrət Ələkbərli

“1968-ci ilin yayında qəzetdə bir qeyd diqqətimi çəkdi: Leonid Qaydayın qrupu film çəkilişləri üçün Bakıya gələcək. İçərişəhərdə hər kəs məni tanıdığı üçün bildirdim ki, gələndə xəbər etsinlər. Onlar gələndə mənə zəng elədilər. Həftənin birinci gün idi, İçərişəhərdə “Ləzgi məsçidi”nin yanında idilər. Dəvələr, atlar gətirilmişdi və Bakı “Şərqi xarici ölkə” kimi göstərilirdi. Qrup ilə görüşdüm, məni rəssam assistenti və qala bələdçisi kimi işə götürdülər. Çəkilişlər gedən zaman Miranovu, Nikulini evə qonaq çağırmışdım. Qonşular onlara baxmaq üçün az qala evimizin pəncərələrini sındırırdılar. Sual verdim ki, axı niyə belə edirsiniz? Dedilər ki, Nikulinə baxırlar. Nikulin bir dəfə də həyat yoldaşı ilə evimizdə qonaq olub. Oturduq, söhbət elədik. Çox mülayim kişi idi. İki-üç dəfə Moskvada olanda onun yanına getmişəm. Məni çox yaxşı qarşıladı”.

F.Ələkbərovun sözlərinə görə, Yuri Nikulin Bakıda iki dəfə olub. Bir dəfə Bakı Dövlət Sirkinin açılışında, ikinci dəfə isə 15 günlük “Brilliant əl” filminin çəkilişləri zamanı.

Filmin çəkilişləri zamanı hər kəs Nikulini evinə, restorana dəvət etməklə yanaşı, ona spirtli içkiləri də təqdim edirmiş. Heç kəs inanmırmış ki, filmlərində sərxoş, bomj rollarını oynayan biri real həyatda spirtli içki içmir. Fikrət müəllimin sözlərinə görə o, yalnız yarım stəkan qrımızı şərab içərdi.

“Filmlərinə görə içki aludəçisi kimi yaddaşlarda həkk olunmuşdu. İçərişəhər əhalisi Nikulinin hər istəyini anında yerinə yetirirdi. Su istəyən kimi qazlı içki, mürəbbəli çay, soyuq ev kampotunu hazır edirdilər. Onlar Bakını tərk edərkən sakinlər Nikulinə xüsusi hazırlanmış nərd bağışlamışdılar və o, bundan çox duyğulanmışdı. Həmin nərdi Moskvada sirkdə öz kabinetində saxlayırdı, ölümündən sonra oğlu evinə aparıb. Yəqinki ev muzeyinə qoyar.
 Nikulinin İçərişəhərdə nərd atmağı
Camaat Nikulini o qədər çox istəyirdi ki, saat necədə çəkilişin olmasından asılı olmayaraq, onu diqqətlə izləyirdi.

Bir dəfə saat 6-da çəkiliş aparılmalı idi. Saat 5-dən gəlib hazırlıqlara başlamaq istəyirdilər. Çəkiliş yerinin ətrafı insanlarla dolu idi. Rejissor bundan çox təəccüblənmişdi və deyirdi ki “sizin camaat nə vaxtsa yatır?”. Lakin qeyd etməliyik ki, İçərişəhər əhalisi özünü çox yaxşı aparır və çəkişilərə heç bir maneçilik törətmirdi”,- deyə F.Ələkbərov bildirir.

“Brilliant əl” filmin bütün heyəti “İnturist” mehmanxanasında qalıb.

“Bu mehmanxanadan çox xoşları gəlirdi. Meyvə-tərəvəz, limonad, soyuq pivə, nə istəsələr anındaca hazır olurdu. Bizim xalq da qonaqpərvərdir. Onu evimizə qonaq çağıranda anam çox gözəl süfrə açmışdı. 3 növ plov bişirmişdi: turşu qovurma, səbzi qovurma, fisincan plov. Anam dolma da hazırlamışdı. Nikulin deyirdi ki, “hamısının dadına baxmışam, doymuşam, amma yenə də yemək istəyirəm”. Azərbaycan milli mətbəxini çox bəyənirdi”.

“Azərbaycan havasını udmaq mənə təkcə “Brilliant əl” filminin çəkilişləri zamanı nəsib olmadı, həm də Bakı Dövlət Sirkinin açılışı zamanı bu xoşbəxtliyi daddım”. Bu sözləri Yuri Nikulin Bakını xatırlayarkən deyib.

“Həmin günlərdə qədimi şəhərdə gəzdim, ağsaqqallar və yeniyetmələrlə danışdım. Məni hətta çox məşhur insanlar kababa belə, qonaq etmişdilər. Həmin şəxslərin adını xatırlamıram, lakin azərbaycansayağı tələffüz edildiyi yadımdadır”. Bunları da Yuri Nikulin Bakı ilə bağlı xatirələrini bölüşərkən bildirib..(modern.az)
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı
 Nikulinin İçərişəhərdə nərd atmağı