FLAŞ


3 gün buzlu vannada saxlanılan, Moskvaya üsyan edən bakılı şairənin FİLM KİMİ HƏYATI


http://news.lent.az/upload/images/news/2016/april/27/big/6f49fbd3efd5e50c25d77bf6dee0f4ab.jpg

Əlindən siqaret düşməzmiş. Nə olsun Bakıydı, SSRİ-nin ən böyük şəhərlərindən biriydi?! Mentalitet məsələsi vardı axı. Vecinə də deyildi, “Kubinka”dakı “qara bazar”dan da bahalı xarici siqaret tapıb, çəkirdi.

O nəhənglikdə Tixonova belə “yox” demək cəsarətində bulunmuşdu bu qız. Ən yaxın iki dostunu da götürüb imperiyanın paytaxtında, Moskvadaca qiyam qaldırmışdı. Çoxlarının üzvü olmaq üçün az qala qapısında yatdığı SSRİ Yazıçılar İttifaqından da rahatlıqla çıxıb getmişdi.

Onun üçün heç bir sərhəd, heç bir qadağa mövcud deyildi. Ürəyi istəyəni yazırdı. Onun və dostlarının yazdıqları artıq hakim ideologiyanın böyük qayğısına çevrilmişdi. Şeirləri Moskvanın elitar ədəbi dairələrində əl-əl gəzirdi...

Amma ilk kitabı Bakıda çıxmışdı İnnanın. 20 yaşından Azərbaycan poeziyasından tərcümələr etsə də, öz şeirlər kitabı - “Yaşadıqlarım” - 29 yaşında işıq üzü gördü. Və kiçik bir kitabla da bütün SSRİ-yə səs sala bildi.

1928-ci il iyunun 24-də Bakıda, həkim Lev Markoviç Lisnyanskinin ailəsində dünyaya gəlmişdi. Elə orta məktəbi də Bakıda bitirmişdi. Hələ məktəbliykən şeirlər yazırdı. Elə belə - dostları, rəfiqələri, tanışları üçün.

Sonradan yazacaqdı: “Mənim ilk uşaqlıq xatirəm kilsəylə bağlı idi. Məni xaç suyuna salmağa apardılar, yadımdadı, ətrafda hər şey qızıldan idi və mənə o zaman elə gəlmişdi ki, Tanrı da göydə qızılı geyimdə gəzir, ya da nə bilim, oturub. Səkkiz yaşından gedirdim kilsəyə. İş ondadır ki, mənim improvizasiya istedadım vardı. O zaman kilsəyə gedir, ahənglə dua edirdim, özüm də fərqində olmadan qafiyə qoşurdum. Sonralar, artıq 12-13 yaşlarımda bu qafiyələri yazmağa başladım...”

Heç bir yerə yığmırdı da şeirlərini. Amma…

Amma sən demə, onun yazdıqlarını özündən xəbərsiz Moskvaya, Ədəbiyyat İnstitutuna göndəribmiş dostları. Küləkli bir Bakı səhərində qapılarını poçtalyon döymüşdü. Əlində də teleqram. Sən demə, Nikolay Tixonovdan imiş, SSRİ Yazıçılar İttifaqının sədrindən. İnna Ümumittifaq Ədəbiyyat İnstitutunun yaradıcılıq müsabiqəsindən uğurla keçmişdi. Bircə qalırdı qəbul imtahanlarını vermək...

Yox, qabağa qaçmayaq, bütün bunlar isə hələ sonralar olacaqdı. Və İnna elə bir addım atacaqdı ki, çoxları onu qınayacaq, çoxları prinsipial olduğuna görə rəğbət bəsləyəcək, özü isə ümumiyyətlə, heç nəyi vecinə almayacaq, bir neçə şair və yazıçı dostuyla Moskvada gizli şəkildə “Metropol” adlı jurnal nəşr edəcək, sonra isə hər şeyə tüpürüb gedəcəkdi. Bütün bunlara hələ ən azı 30 il vardı. Hələliksə müharibə gedir, onun atasını da əlindən alan amansız müharibə…


***

Böyük Vətən müharibəsi başlayanda 13 yaşlı İnna beşinci sinifdə oxuyurdu. Bütün məktəblilər kimi, o da könüllü olaraq Bakı hospitallarına gedib, ağır yaralanmış döyüşçülərin qulluğunda durur, onlara məktub yazmağa kömək edirdi. “Bir hospital vardı. Çoxu da sifət nahiyəsindən yaralananlar idi. Mən onlara baxanda çox qorxurdum. Özümə görə yox, onlara görə. Çünki yaralı heç vaxt bilmirdi ki, onun sifətindən nə qalacaq, onun sonrakı görünüşü necə olacaq. Buna görə də hospitalda, üzləri sarınmış, kor, tənha insanlar üçün nəğmələr oxuyurdum. Əlimi əllərinə toxundururdum. Heç olmasa qadın ətri, qadın nəvazişi hiss etsinlər. Dəhşət həm də bilirsinizmi nədəydi? Yüngül yaralıların və sağalanların yanına onsuz da qızlar gəlirdilər, çoxu da ərə getməyə ümidli kimi. Ağır yaralıları isə amansızcasına unudurdular. Onların yanına heç kim gəlmirdi...” – şairə xatırlayacaqdı.

Bu illərdə Lisnyanskaya özü üçün dəqiq müəyyənləşdirmişdi – xalqın yeganə düşməni Stalindi. “Qərara almışdım: nə pionerə, nə komsomola, nə partiyaya – heç vaxt! Məni də komsomola yazmışdılar. Dedim ki, mən əşyalarımı itirirəm, huşsuzam. Xəbərdarlıq etdim ki, komsomol biletimi də itirə bilərəm. Buna baxmayaraq, yenə komsomola keçirdilər. Amma biletimi itirmədim, yandırdım. Mənə yeni bilet verdilər. Yenə eynisini elədim. Bu zaman məni avtomatik olaraq xaric etdilər”.

Amma bu hələ harasıdır ki?! 17 yaşındaykən onu Bakı NKVD-sinin zirzəmisinə də aparacaqdılar. İfadə almaq üçün. Sink vanna dolu buz kimi suda 3 gün işgəncə verirlər. Amma yenə də rəfiqəsi Rafa Kopeykis və onun sevgilisi Gena Alşullerin əleyhinə ifadəyə imza atmır. Sən demə, bu üçlük 7 noyabr günü Bakıdakı Lenin meydanında antisovet aksiyasına hazırlaşırmış və xeyli tələbəni də həmin aksiyaya qoşulmağa razı sala bilibmiş. Onların izinə isə NKVD düşübmüş. “Mən, subay qız, düz üç sutka NKVD-nin boz binasında buz kimi su dolu sink vannada oturmalı oldum. Zaman-zaman huşumu itirirdim, suda batırdım. Məni son anda çıxarırdılar. Döyürdülər ki, özümə gəlim, sonra yenə vannaya. Zaman-zaman rezin dəyənəklə qovaraq çılpaq halda qonşu otağa salıb dindirirdilər. Orda gözümə elə gur işıq salırdılar ki, məni dindirənin üzünü görə bilmirdim... Dindirmələrin birində bilmirəm şüurlu, ya şüursuz şəkildə epileptik kimi yerə yıxılıb çabalamağa başladım. Köməyi oldu. Buraxdılar, tənbeh etdilər ki, heç kimə heç nə deməyim, yoxsa öldürəcəklər. Bir də əmr etdilər ki, ömürlük bu əfsanəni yaddaşıma yazım. Guya Kopeykisi Tbilisiyə yola salandan sonra dənizdə çimmək qərarına gəlmişəm. Sabunçu vağzalında elektrik qatarına minib şəhər kənarına, Buzovnaya getmişəm. Necə deyərlər, hamı məni tanıyır və inanacaqlar ki, hətta dekabr ayında da dənizə girə bilərəm. Soyuq dənizə girib üşüdüm, sayıqlamağa başlayıb üzüm tənəyinin altında üç sutka halsız qaldım. Oradan çıxmağa çalışanda isə budaq gözümü yaraladı, zorla qurtula bildim. Doğrudan da zorla qurtuldum, eyni zamanda ağciyər, böyrək iltihabı və revmokarditdən. Tanrıya şükür olsun ki, qurtuldum, sadəcə bir gözümü qurban verərək və azca ürək qüsuru qazanaraq. Amma tamamən kor ola, ya da ümumiyyətlə, ölə bilərdim. Onların əfsanəsinə isə doğrudan da hamı inandı”.

***

Orta məktəbin sonuncu sinfində oxuyurdu bütün bunlar baş verəndə. Bir qədər sonra İnna Moskvaya gedəcəkdi. Yox, şikayətə-filana yox. Demişdik axı, dostları onun şeirlərini Ədəbiyyat İnstitutuna göndərmişdilər və müsabiqədən də keçmişdi. İndi bircə qalırdı imtahan vermək. Sən demə, üzvü belə olmadığı komsomoldan onun üçün xüsusi zəmanət məktubu gəlibmiş. Və İnna da bundan xəbər tutmuşdu. Qəbul imtahanına girmir İnna. SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov şəxsən imtahan keçirilən yerə gəlir, amma İnnanı razı sala bilmirlər.

Sonradan İnna yazacaqdı: “Tixonov dedi ki, qəşəng şeirləriniz var, niyə imtahan vermək istəmirsiz? Mən söylədim ki, yox, imtahan verən deyiləm. Əgər şeirlərim xoşunuza gəlirsə və mənim burada təhsil almağımı istəyirsinizsə, nə imtahan, 1-ci kursa qəbul edin. Mənə dedilər ki, əlbəttə, istəyirik, amma imtahan formal xarakter daşıyır. Sən təki imtahan verilən zala daxil ol, qeydiyyatdan keç, qalanı ilə işin olmasın. Dedilər, inan, İnna, bütün bunlar sənin bir neçə dəqiqə vaxtını alacaq, əsas odur ki, sən çox yaxşı şeirlər yazırsan. Xeyri olmadı, dedim ki, imtahan verən deyiləm. Sənədlərimi götürüb Bakıya qayıtdım”.

Bakıda isə…

(Davamı sabah olacaq)

 

Lent.az