FLAŞ


Oğlunun tabutu önündə oynayan ana


http://www.aznews.az/photos/keramet_boyukchol_koshe0dsdsuufdfd.jpg

Kəramət Böyükçöl 


Sinif yoldaşım Nazim olduqca zirək və mərd oğlan idi, heç vaxt dediyindən dönməzdi. Məktəbimizdə onun qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da Nazimin üstünlüyü vardı, onun qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. Bu qabiliyyətinə görə Nazim çox tanınırdı, məktəblərarası futbol yarışında da onun hesabına çempion olduq.

Biz orta məktəbi bitirib ali məktəbə imtahan verəndə sinif yoldaşlarımızın əksəriyyəti qəbul oldu, amma Nazim oxumadı. Hələ bircə dəfə onun əlində bir kitab, ya çiynində çanta görməmişəm. Mən görməmişəmsə deməli, heç kim görməyib. Yəni Nazimlə bu qədər yaxın olmuşuq. Dəfələrlə deyirdim ki, niyə universitetə hazırlaşmırsan? Xeyri olmadı.
Axırda mən universitetə, Nazim isə əsgərliyə getdi.

Nazim Beyləqanda xidmət eləyirdi, əsgərliyin ilk aylarında telefonla danışırdıq, bir dəfə yanına da getmişdim. Həmin oğlan idi, heç dəyişməmişdi. Boynumu necə qucaqladısa qollarının yeri çiynimdə hələ də sürünür.
Görən kimi məndən Leylanı soruşdu.
– Getdi?
– Hə, imkanlı bir oğlan aldı...

Nazim düz 10 il sevmişdi Leylanı, amma qız onu sevmirdi. Axıra kimi də sevmədi. Nazim nə qədər məktublar yazdı, amma cavab gəlmədi. Düzdü, dostumun təsirli sözlər yazmaq qabiliyyəti yox idi, məktubların çoxunu mən düzüb-qoşurdum. Bir məktuba ürək şəkli çəkmişdim, bir ox da qoydum, guya, ox ürəyi dəlib keçir. Qırmızı qələmlə qan damcıları göstərdim. Məktubun arasına bir-iki damcı ürək dərmanı – karvolol tökdüm. Bunların hamısı mənim fantaziyam idi...

Sən demə, Leyla məktubları heç oxumurmuş, oxusaydı bəlkə, təsir eləyərdi, Nazimi sevərdi. Nə üçün oxumurdu, bilmirəm. Amma bir dəfə rəfiqələrinə belə deyib: 
– Ölsəm də o oğlanı sevə bilmərəm... 
– Niyə?
– Çünki o oğlan mənim tipim deyil.

Vəssalam, Nazim sonda hər şeyi başa düşdü və yavaş-yavaş Leylanı unutdu. Dəqiq bilmirəm, bəlkə unutmamışdı, hələ də sevirdi. Bircə onu bilirəm ki, qarşılıqsız sevgilər çətin unudulur. Beyləqan hərbi hissəsində soyuq Nazimin üzündəki ifadəni də dondurmuşdu, yoxsa hər şeyi üzündən oxumaq olardı...

– Xidmət necə gedir?
– Hərdən atəşkəs pozulur, cavab verir, həm də bir-birimizi möhkəm qoruyuruq.
Nazimin sinəsi çox dərin idi, səngərə oxşayırdı, ayrılanda məni necə qucaqladısa elə bil quyuya düşdüm.

– Özündən muğayat ol, beş-altı ayın qalıb... – Nazimə dedim.
Dostumun üz-gözündən öpüb əlini sıxdım, kürəyinə bir-iki əhsən yumruğu vurdum. Mənim yumruğum da nə yumruq, elə bil kürəyində milçək vızıldadı. Zarafatımdan da qalmadım:
– Sən getmisən, Bakı yetim qalıb.

Nazimin yanından qayıdandan cəmi beş-altı gün sonra arxamca qara bir xəbər də gəldi. Dedilər, Nazimi vurublar. Düz səhərə qədər it kimi uladım. Anası Səlimə xala oğlunun tabutunun qarşısında qəflətən qol götürüb oynadı.

Düzdü, adamlar ananın oynamağına ayrı bir don geyindirdilər. Guya Səlimə xala ona görə qol açıb oynayır ki, oğlu subay ölüb. Mən bu fikirlə razı deyildim. Səlimə xala nə elədiyini bilmirdi və inanın ki, bu daha dəhşətlidir.

Sonralar Səlimə xala özü də mənim fikrimi təsdiqlədi:
– Hə, bala, neylədiyimi özüm də bilmirdim, tabutu görəndə ağlıma oynamaq gəldi...

Ölümünün səhəri günü qəzetlərdə oxudum ki, dostum qəhrəmancasına şəhid olub. Yaxın bir əsgər dostunun nişan alındığını görən Nazim durduğu yerdən sıçrayaraq özünü güllənin qabağına atıb. Güllə düz ürəyindən dəyib. Nazim əsl qapıçı idi, sonuncu topu sinəsi ilə saxladı, qoymadı durduğu qapıdan vətənə güllə keçsin...

 

Aznews.az