FLAŞ


“15 yaşlı qızı saçlarından asmışdılar, əl-qol atırdı…”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2016/april/11/big/72be08929f0780b04e9bc4d5ce5dbfb8.jpg
23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...
 
 
II hissə
 
Erməni hərbçilər yaralıları, meyitləri yerə yığıb, onları necə edəcəklərini müzakirə edərkən, Ramil yavaş-yavaş maşının arxasına keçib, özünü yolun altından axan Tutqu çayına atdı. Uşağın özünü atdığını görən hərbçilər həmən istiqaməti atəşə tutdular…
 
***
 
Kəlbəcərin Günəşli kənd sakini İlhamə Quliyeva xatırlayır:
 
- Bizi maşınlara yığıb aparanda yolun kənarındakı ağacdan bir nəfər asılmışdı… Olardı 15 yaşı… Gözəl idi, uzun, qara saçları var idi. Elə saçlarından asmışdılar, bədəni tərpənir, əl-qol atırdı… Yəni hələ ölməmişdi. Sonradan dedilər ki, ermənilərdən kimsə ona sataşmaq istəyib, o da erməninin üzünə tüpürüb… 
  
***
 
Ramilin dizi çayın dibindəki ağac parçasına toxunub, yaralanmışdı.Çətinliklə birtəhər sahilə çıxdı. Sahildən isə yuxarı, yola qalxıb, bir az əvvəl maşınla çıxdıqları tunelə daxil oldu. İndi o hönkürərək, suyu dama-dama üzü kəndə sarı qaçır, yıxılır, yenidən qalxır, daha bərk qaçmağa çalışırdı...
  
Yolda tunelə doğru gedən maşınlara, qarşısına çıxan hərbçilərə ermənilərin tuneli tutduğunu, adamları girov apardığını deyirdi. Qısa zamanda hərbçilər bu məlumatı bütün kəndlərə yaydı. Təhlükəsizlik üçün tunel vasitəsi ilə Kəlbəcərə getməyə hazırlaşan 35 kəndin sakini indi nə edəcəyini düşünürdü...
 
Bir neçə gün öncə Bakıdan gələn helikopterlərlə qadınları, uşaqları çıxartmağa çalışmışdılar. Kəlbəcərlilərin əsl faciəsi də elə burada başlamışdı. Ekipajla birlikdə 30 sərnişin tutan helikopterə 55 nəfər minmişdi. Havaya qalxan helikopter dağlara çırpılanda... 55 kəlbəcərlidən cəmi doqquzu sağ qalmışdı...
 
Sonra baş verən hadisə isə bu faciənin acısını unutdurdu.
 
Kəlbəcərin mərkəzinə enən iki helikopter Gəncədən gəldiyini, Surət Hüseynova məxsus olduğunu bildirmişdi. Kişilər qadınlarını, qızlarını tez bu helikopterə mindirməyə can atırdı... Pilotlar helikopterə minmək istəyən yaşlıları qadınlı-kişili kənara itələyir, “Sən gözlə, əvvəlcə cavan qadınlar! Onları düşmən əlinə düşməkdən qorumaq lazımdır!” deyirdi...
 
Helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec idi. Hər iki helikopter Ermənistana tərəf uçurdu...
 
Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu...
 
...Hələ ki, kənd sakinləri çıxış yolu axtarırdı... Martın 31-də şaxtası bıçaq kimi kəsən, qarı dizdən olan Murov dağına üz tutmaq intihar idi. Amma Murovdan başqa da ümid yeri yox idi...
 
Eldar kişi ailə üzvlərini və “Quran”ı götürüb, qapıları bağladı...
 
Çarəsiz kənd camaatı hüzn içində kəndi tərk edib, Murova yollandı... Kəndin iki yaşlı sakini xəstə olduğu üçün yataqdan qalxa bilmədi... Qarının da, kişinin də övladları onları yataqlarında qoyub, üzlərindən öpüb, halallıq alıb, Murova üz tutdular...
 
***
 
Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev xatırlayır:
 
- Atamı getməyə güclə razı salmışdıq ki, tunelin bağlandığını görüb, geri qayıtdıq. Dağlarda qar əriməmişdi deyə, maşınla olan yolu gedə bilmədik. Ayaqla Murovu keçmək isə... Dağa üz tutanların nə qədəri yolu keçib gələ bildisə, elə o qədəri də yolda erməniyə rast gəldi... Dağda ölənlər çox oldu... Ayağı yer tutanlar gedir, yaşlılar isə qalırmış... Ermənilər də gördükcə güllələyirmiş... 
  
Biz gedə bilmədik. Atam xəstə idi, dedi mən dağla çıxa bilmərəm. Evin böyük oğlu mən idim, dedi sən uşaqları götür get, mən qalım evdə, nə olar, olar... Atamı qoyub gedə bilərdim? Düşündüm ki, ya hamımız gedəcəyik, ya heç birimiz... Kəndə qayıtmaq da mümkün deyildi, kahalara çəkildik... Qocalı, cavanlı, uşaqlı 60 nəfər idik...
 
***
 
4 gün qorxu içində kahalarda yaşadılar. Aprelin 4-də, axşamtərəfi içi silahlı adamlarla dolu “Niva” maşını kəndi dolaşıb qayıdanda, Xasaygildə ilk ümid qığılcımları yarandı: “Ordumuzdur! Boşalmış kəndləri gəzib, evlərdə qalan adamları toplayırlar”.
 
Səhər tezdən isə həmən maşın, arxada isə bir neçə KamAZ kəndə daxil oldu. Ermənilər bir-bir evlərə doluşur, soyub, qarət edirdilər. Başlıbel camaatı çəkildikləri kahadan evlərinin necə boşaldılıb KamAZ-lara yükləndiyini izləyirdi. Kahadakı insanların sonuncu ümidi də öldü...
 
İndi bir yol qalırdı, yayın gəlişini gözləyib, qar əriyəndən sonra Murov dağa pənah aparmaq...
 
***
 
Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva xatırlayır:
 
- Özümə gələndə xərəkdə idim. Yük yeri çox böyük olan bir maşın idi. Qardaşım İslam da yanımda, xərəkdə uzanıb... Atamı gördüm, uşaqlar hanı soruşdum... Ağlaya-ağlaya dedi ki, qorxma, onlar başqa maşındadırlar...
 
- Atanızdan və qardaşınızdan başqa ailədən yanınızda heç kim yox idi?
 
- Məndən böyük bacım başqa kənddə ərdə idi, anamla bir qardaşım kənddə qalmışdı ki, bir şey olsa, Murovla çıxsınlar... Qalan bütün ailə girov düşmüşdük. İndi hamı maşında idi, kiçik bacılarım Şahnaz ilə İlhamə, bir də qardaşım Fərmandan başqa.... Atam İlhamə ilə Fərmanın başqa maşında olduğunu deyəndə soruşdum ki, bəs Şahnaz hanı? Heç kim Şahnazdan xəbər verə bilmədi... Şahnazı ən son görən mən idim... Nəbzini yoxlamağı düşünürdüm, amma huşumu itirdim... Elə bu vaxt maşın silkələndi, hiss olundu ki, təkərlərin altında nə isə qaldı. Erməni hərbçiləri gülərək bizə dedilər ki, sizin türklərdi, “köpüblər”, üstlərindən keçdik... və mən yenə huşumu itirdim...
 
***
 
Məhəmmədin 17 yaşlı oğlu Fərmanla 9 yaşlı qızı İlhaməni girovlardan ayırıb, “Villis” maşınına mindirmişdilər. Maşında onlardan başqa Müşfiqgilin maşınından girov götürülən 9 yaşlı Məzahir ilə 3 yaşlı Aygün də var idi. Güllə Aygünün qarnından dəyib, parçalamışdı. İlhamə körpənin qarnındakı açıq yarasına rəğmən yaşamaq uğrunda necə çaba sərf etdiyinə məəttəl qalmışdı. Onun deşilən bağırsaqları maşının oturacaqlarını batırırdı. Erməni sürücü can verən körpəyə baxıb, gülə-gülə başını buladı:
 
- Özü cəhənnəm, maşını batırdı!
 
Avtomobil Ağdərənin Drambon kəndindəki bir həyətdə dayananda Aygün artıq tərpənmirdi...
 
İlhamə qardaşı ilə maşından enəndə o biri maşından əmisi oğlu Talehi xərəkdə düşürürdülər. Taleh ağrıdan çabalayır, əl-qol atırdı, bir erməni hərbçisi isə süngü bıçağı ilə onun üstünə dağılan bağırsaqlarını qarnına yığırdı...
 
***
 
Kəlbəcərin Günəşli kənd sakini Məhəmməd Quliyev xatırlayır:
 
- Bizi Ağdərənin Drambon kəndinə gətirdilər... Məni  onların verdiyi əzabdan çox, balalarımın gözümün önündə can verməsi incidirdi... Oğlum İslam qucağımızda “su” deyə-deyə can verdi... Bir də gördüm sapsarı saraldı... Gözləri baxırdı... İnana bilmirdim, axı bala atasının qucağında ölməz... Ölüm biz yaşlılarındır, 20 yaşında da oğul ölərmi?! Güllə böyük qızlarım Cəmilə ilə Validənin bədənlərini deşik-deşik eləmişdi... Görün nə vəziyyət idi ki, cavan qardaşları ölüb, əllərini qaldırıb saçlarını yola bilmirdilər... Mənim qızlarım düşmən qarşısında özlərini sındırmazdılar... Ölən lap qardaşları olsa da...
 
***
 
Şahnazın taleyindən hələ də heç kimin xəbəri yox idi. İslam ailənin ilk itkisi idi... Məhəmməd oğlunun saralmış bənizini sığallayır, dilsiz-ağızsız vidalaşırdı... İçəri girən erməni hərbçiləri İslamın öldüyünü görüb, Fərmanla Bəsirə bağırdılar:
 
- Nə gözlərinizi döyürsünüz? Görmürsünüz, “köpüb”?! Böyük iş olub, yer üzündə bir türk də azalıb! Götürün aparın ölünüzü basdırın! 
  
***

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva xatırlayır:

- Zirzəmi ilə üz-üzə çoxlu alma ağacı var idi... Rayonlarımız işğaldan azad edilsin, Drambona gedib qardaşımın sümüklərini tapacağam. Ona tünd qəhvəyi rəngdə yun jaket toxuyub, qabağına isə krem rəngində paxlava naxışları vurmuşdum. O qədər bəyənmişdi ki, qıyıb geyinmirdi. Bir dəfə kəndə geyinmişdi, bir də indi yola çıxırdıq deyə geyinmişdi... Əynindəki tünd qəhvəyi kostyumu da təzə idi... Qardaşımı paltarlı dəfn etdilər. O jaket indi mənim üçün qardaşımın nişanəsidir. Yun çürümür, torpaqlarımız azad edilən kimi, gedib həmən almalıqların dibini qazıb, əlimlə toxuduğum jaketi tapacağam, onun arasından qardaşımın sümüklərini toplayacağam, bağrıma basıb ağı deyəcəyəm... Sonra anamın yanında dəfn edəcəyəm...(Davamı olacaq...)