FLAŞ


"Ermənistan 5 rayonu azad etməsə, atəşkəs yenidən pozulacaq"


http://img.milli.az/2016/04/04/ordu_telim_02587.jpg

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəsə münasibət bildirib.

Bolge.info qafqazinfo-ya istinadən bildirir ki, siyasi şərhcinin sözlərinə görə, cəbhədəki vəziyyəti prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. Ona görə də əgər prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib:

"Hələlik, nə əldə etmişiksə, həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəriləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Ser Sərkisyanı ilkin şərt iləri sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladılar.

Ancaq məsələnin başqa tərəfi də var. Sərkisyanın ölkə daxilində mövqeləri zəiflədi. O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrvandakı əsgər anaları "Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən" şüarı ilə Sərkisyanın başını xarab edəcəklər. Digər tərəfdən Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sərkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi.

Sərkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı Ermənistanın itkilərinin artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl "münaqişənin" həlliylə bağlı "mərhələli həll" planına yaşıl işıq yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sərkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki Sərkisyan "mərhələli həll" planına razılaşacaqsa, ondan sormazlarmı, "əgər belə idisə 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?"