FLAŞ


Türk-rus barışığı yönündə mühüm gəlişmə - Bakı üçün uduş ...


http://musavat.com/data/largenews/dir348/img2044686.jpg

Ankara və Moskva arasında buzlar ərimək üzrə; 24 noyabr insidentindən sonra tərəflər anlaşmaya bunca yaxın olmayıb; pilotu vuran “boz qurdçu”nun saxlanması fonunda Ərdoğan ABŞ-dan Moskvaya barışıq mesajı yolladı: “Gözləyirik ki, rusiyalı həmkarlar bunu başa düşəcək...”; Azərbaycanın vasitəçilik rolu ikiqat sanbala minir... 

Ötən ilin 24 noyabrında Rusiyanın “Su 24" hərbi təyyarəsinin paraşütlə tullanan pilotunu öldürdüyü iddia olunan ”boz qurdçu" Alparslan Çelikin həbsi xəbəri yayılıb. Məlumatlara görə, Çelik yoldaşları ilə birlikdə İzmirdə restoranların birində həbs olunub. Onunla bərabər, daha 14 nəfərin ifadəsinin alınması üçün nəzarətə götürüldüyü deyilir. 
 
Lakin nəzarət altına alınanlardan biri Serkan Kurtluşun vəkili Sıddıq Caner onların həbs edilməsinin yanlış olduğunu bildirib: “Bu insanlar soydaşlarına dəstək verməkdən başqa qanunazidd heç nə etməyiblər. Tutulmalarını doğru qəbul etmirik”, - deyə vəkil əlavə edib. Alparslan Çelik isə həmin rus təyyarəsinin onları bombaladığını və döyüş yoldaşlarının həlak olduğunu bildirib. “Hər gün sivil türkmənlərə bombalar yağdıran birinə mənim vicdanımda yer yoxdur”, deyə vurğulayıb.
 
*    *    *
 
“Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar” – Türkiyənin millət vəkili
 
Xatırladaq ki, Suriyada Bayır-Bucaq türkmənlərinə dəstək olaraq Türkməndağında Əsəd rejiminə qarşı döyüşən Alparslan Çelik təyyarənin pilotunun öldürülməsindən sonra Rusiya kəşfiyyat orqanlarının hədəfinə çevrilmişdi. Moskva Ankara ilə barışığın üç şərtindən biri kimi, məhz onun həbsini tələb edirdi. Yerdə qalan iki şərt - Türkiyə dövlətinin üzr istəməsi və ölən pilotun ailəsinə təzminat ödənməsi ilə bağlı idi.
 
Maraqlıdır ki, bu xəbərin yayılması fonunda Vaşinqtonda, Brukinq İnstitutunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya barışıq çağırışı edib. O, regional problemlərin həlli üçün Rusiya-Türkiyə əməkdaşlığını bərpa eləməyə çağırıb. 
 
 
“Təəssüf ki, 24 noyabr olayından sonra Rusiya ilə münasibətlərdə ağır dövr yaşayırıq. Biz bundan narahat oluruq. SSRİ-nin dağılmasından sonra əlaqələr uğurla inkişaf edirdi, ancaq son illər, hələ ”Su-24" insidentinədək bu münasibətlər Rusiya rəhbərliyinin apardığı siyasət üzündən korlanmağa başladı. Moskvanın bizim üçün anlaşılmaz olan kəskin reaksiyasına baxmayaraq, regional problemlərin həlli üçün əməkdaşlığımızı yeniləməliyik, çünki Rusiya və Türkiyə bizim coğrafiyamızda mühüm ölkələrdir. Gözləyirik ki, rusiyalı həmkarlar bunu başa düşəcək və bu zərurəti dəyərləndirəcəklər" Ərdoğan qeyd edib.
 
*    *    *
 
Ümumiyyətlə, son ayların müşahidələri iki ölkə münasibətlərinin qaydaya salınmasına yönəlik kövrək qarşılıqlı səylərin artığını göstərir. Bunu bir-birinin ünvanına əvvəlki sərt leksikonun aradan qalxması da sübut edir. İlk növbədə də Rusiya tərəfdən xəfif jestlərin edilməsi qeyd olunmalıdır. Ötən ay saxta erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Duması və hökuməti tərəfindən rədd edilməsi bu qəbildəndir.   
 
 
Bir neçə gün qabaq isə Rusiyanın yüksək səviyyəli hərbçiləri Türkiyədə olub. Türkiyə Baş Qərargahının məlumatına görə, 3 rusiyalı nümayəndənin İzmirin Foça limanında yerləşən Hərbi Dəniz Qüvvələrinin arsenalına baxış keçirəcəyi bildirilib. Sonuncu olayın əhəmiyyəti odur ki, təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasındakı münasibətlər olduqca pisləşmiş, o cümlədən hərbi sahədə əməkdaşlıq (attaşelik) Moskvanın istəyi ilə  dayandırılmışdı. Paralel surətdə Türkiyəyə qarşı tətbiq edilən iqtisadi-ticari embarqoların yumşalması diqqət çəkməkdədir.  
 
Sözsüz ki, bütün bunlar barışığın özünün tezliklə baş tutacağını əminliklə söyləməyə imkan vermir. Çox şey rəsmi Moskvanın konkret olaraq, Rəcəb Ərdoğanın son çağırışına hansı reaksiyanı verəcəyindən bilinəcək. Onu da unutmaq lazım deyil ki, Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlər, hər halda, qırılmayıb və səfirlər öz yerindədir. 
 
*    *    *
 
Yaranmış vəziyyətdə Azərbaycanın iki dövlət arasında vasitəçilik missiyası ikiqat önəm və aktuallıq qazanmış olur. Ötən saylarımızın birində yazdığımız kimi, bəzi analitiklərin fikrincə, Lavrovun aprelin 7-də Bakıya edəcəyi səfər çərçivəsində Azərbaycanın vasitəçilik rolu da diqqət mərkəzində olacaq. 
 
Lakin Bakının barışıq təşəbbüsləri olsa da, olmasa da Türkiyə-Rusiya münasibətlərinin uzun müddət gərgin qalması məntiqsiz görünür. Aradakı buzların əriməsini indi ən əvvəl qarşılıqlı mənasız iqtisadi itkilər və iki supergüc arasında regiona və dünyaya fəlakət vəd edən müharibə ehtimalı diktə edir. 
 
 
Yaxın Şərq böhranının yoluna qoyulması da Ankara və Moskvanın əməkdaşlığı olmadan mümkünsüz görünür. Buna Rusiya tərəfindən də işarə vurulub. Yeri gəlmişkən, Rusiyanın özünün hərbi qüvvələrinin böyük hissəsini Suriyadan çıxarması həm də qardaş ölkəyə ünvanlı pozitiv jest kimi qiymətləndirilir. 
 
İsti yaz-yay, turizm mövsümünün yaxınlaşması isə aradakı siyasi buzların əriməsi üçün başqa yandan stimul və şans yaradır...
 
*** 
Ən böyük qonşumuzla 1 nömrəli təbii müttəfiqimiz olan qardaş ölkənin barışması sözsüz ki, Azərbaycanın milli mənafeyinə tamamilə uyğundur. Bu barışıqdan Dağlıq Qarabağ məsələsində də yalnız qazana bilərik. Özü də təkcə biz yox, həm də region. Lakin bu, ayrı yazının mövzusudur.   
 
 
P.S. Yazı çapa gedərkən Kremldən Ərdoğanın barışıq mesajına rəsmi reaksiya bəlli oldu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Türkiyə liderinin  əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa cəhd kimi qiymətləndirilməyib”. O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24" təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: ”Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız onu deyə bilərik ki, bu, təəssüf doğurur". Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.
 
Yeni Müsavat