FLAŞ


İcra başçısının modeli, Aytənin radioya çıxmağı, Rəqsanənin qayınanalığı


http://img.milli.az/2016/03/28/419605.jpg

İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (72-ci say)

Gəlin sizə bir sirr açım, amma heç kimə deməyin. Hələ heç Qulpqoyan dayının da xəbəri yoxdur. Bilsə, əsəbləşəcək. Deməli, axır vaxtlar "Həftəbecər" dərc olunan günlər telefonuma gic-gic adamlardan, gic-gic mesajlar, zənglər gəlir. Biri deyir, alə, bəgəm səninçün manıs qıtlığıdı, elə gərək mənim saxladığım müğənnidən yazasan? O biri deyir ki, ay brat, sən bilmirsən ki, filan müğənnini biz saxlayırıq? Soruşuram ki, biz deyəndə kimləri nəzərdə tutursunuz? Deyir ki, 3-4 dostuq, atışıb saxlayırıq da, sənin nəyüvə lazımdı? Bayaq telefonumdan danışdım, bir az yekə çıxdı. Üç dəfə avtobusda qalıb, sərnişinlər arxamca çağırıblar ki, qardaş, deyəsən, cibinizdən milçəköldürən düşdü. Mən də utana-utana götürüb qoymuşam cibimə. Telefonumu deyirəm...

İndi də keçək xəbərlərə. Bu həftə kimlər zəng edəcək, onu gələn həftə yazaram. Deməli, bir rəqqasə var, adı Aytəndir. Əvvəl tez-tez televizora zada çıxırdı. Hələ mənə deyiblər ki, o, bir neçə dəfə radioya da çıxıb. Axırıncı dəfə də nətəhər "razqon" götürübsə, gedib Türkiyəyə çıxıb. Amma orada heç nəyə çıxıb eləməyib. Daha doğrusu, bu, qeyri-dəqiq məlumatdır. Bəlkə Türkiyədə də çıxıb, xəbərimiz yoxdur. Aytən deyib ki, daha özəl dəvətlərə getmirəm. Düzdür, həmin özəl dəvətin səbəbi açıqlanmasa da, söhbət belə davam edibdir:

"Mən neçə illərdir ki, özəl dəvətlərə getmirəm. Bəzən zəng edirlər ki, "Aytən xanım, bu gün bizim banketdə tədbirimiz var, gəlin, hörmətinizi edəcəyik". Elə banketlərə getmirəm. Həm də son vaxtlar Türkiyədə oluram".

Kimdirsə çox mədəni tərzdə müraciət edib - Aytən xanım. Eləsi var ki, məclisdə rəqqasəyə deyir ki, az, al bu yüzlüyü bas sinənə, bir babat burcut e. Rəqqasə də çox nəm-nüm eləyəndə, kişi özü alıb yüzlüyü basır "hadisə yerinə". Sonra da həmin rəqqasə çıxıb camaata ağıl öyrədir, etika-estetika dərsi keçir, milli-mənəvi dəyərlərin, folklorumuzun tariximizdəki rolu barədə basıb-bağlayır, kimin kimlə ailə qurmalı olduğu barədə geniş mühazirələr söyləyir. Elə bu məqamda sobadakı toyuqdan bir səs çıxır ki, gəl görəsən. Başlayır gülməyə. Soruşursan ki, ay toyuq, bəs sən indicə bişməmişdin, necə gülürsən? Deyir ki, bəs filankəs indicə sponsorunun bağından gəlib namus-qeyrət dərsi keçir, mən nöş gülməyim? Bax belə...

Ötən həftənin axırları idi. Şou aləminə yaxından bələd olan bir tanışım zəng vurdu ki, xəbərin var, aşıq Samirə ərə gedir? Dedim, əşşi ola bilməz. Dedi, sən öl ərə gedir, istəsən, xəbər kimi yaz. Nəysə, vurduq-çıxdıq, hesabladıq, məlum oldu ki, əgər aşıq Samirə bu dəfə də ərə getsə, bu, onun üçüncü evliliyi olacaq. Nə başınızı ağrıdım, götürdüm xəbəri yazdım. Elə xəbəri yazan kimi Samirə açıqlama verdi ki, ərə nöş gedirəm, bəyəm ikinci ərimə nəsə olub ki, üçüncü dəfə ərə gedim? "Prosto" "time out" götürmüşdük, yenidən bir yerdəyik.

Aşıq Zülfiyyə bir açıqlama verib. İstədim onu da yazım. Klaviaturanı döyəclədiyim barmağım çevrilib altdan yuxarı üzümə baxdı ki, buna görə də biz əziyyət çəkməliyik? Yəni söhbətin başını burax, bizə də az əziyyət ver. Sözün var, söz danış...

Bir model var idi ha, Əfsanə Qasımova. Bir müddət öncə də lüt şəkilləri yayımlanmışdı. Bax həmin qız ərə gedir. Tovuzulular demişkən, nüvərəhdi. Yəni xeyirli olsun! Özü açıqlama verib ki, ərə getdiyi adam keçmiş məmurdu. Jurnalistlər də belə yozublar ki, bu, Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevdir. Axı o da vəzifədən çıxarılandan sonra açıqlama vermişdi ki, evlənəcək. Hər şey bir yana, görəsən, belə bir şey baş versə, Mahmud müəllim Əfsanə xanımı gündə neçə dəfə söyəcək? Axı yaman söyüşcül adamdır.

Müğənni Sevda Yahyayevanın müsabiqədəki vaxtları yaxşı yadımdadır. Şəxsi həyatı, maddi durumu barədə o qədər "ağlamalinski" şeylər danışmışdı ki, az qala mən də inanacaqdım. İndi min manatlıq ayaqqabısından danışır. Sitatı təqdim edim, axırda bir cümlə sözüm olacaq:

"Ayaqqabım bahalı olanda, ucuz bir geyimi onunla uyğunlaşdıra bilirəm. Elə olur ki, əynimə geyindiyim hər bir şey bahalı olur. Çalışıram ki, əynimə geyindiyim libas mənə yaraşsın. Onun bahalı və ya ucuz olması mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, yaraşsın. Bakının ən öndə olan stilistləri ilə çalışmışam. Heç vaxt geyimimin qiymətini açıqlamamışam. Ən çox ayaqqabıya pul xərcləyirəm. Bu gün geyindiyim ayaqqabının 1000, yubkanın 250, koftanın 150 manat qiyməti var. Ümumiyyətlə, mən belə düşünürəm ki, xanımın əsas çantası və ayaqqabısı daha yaxşı olmalıdır. Bəzən elə olur ki, nəsə gedib alıram, amma evdə gəlib geyinəndə bəyənmirəm".

O açıqlamada bir yer var ha, deyir, baha, ucuz olması şərt deyil. Bax ona deyirlər gözdən pərdə asmaq. Amma, doğrudan da, Sevda başqadı. Maştağalı qardaş demişkən, həci başqadu... Həciii...

Aparıcı Zaur Baxşəliyev barədə yaxşı xəbər də yazsam, hamı elə bilir ki, bu adama qərəzim var. Amma, əslində, bu, heç də belə deyil. Elə ona görə də, Zaur haqda bir xəbər var idi, yazmıram.

Axırda sizə bir gözaydınlığım var. Kimin imkanı varsa, lap diqqətlə oxusun. Mən deyirdim ki, Novruz bayramı xalqımıza düşərli olacaq, heç kim inanmırdı. Mən deyirdim ki, bu il inanılmaz şad xəbərlər eşidəcəyik, hamı deyirdi ki, bunun başına hava gəlib. Mən deyirdim ki, ay camaat, uzağı martın sonuna kimi elə bir şad xəbər alacağıq ki... Deyirdim ki, bu hadisə bütün el-obanı sevindirəcək, məni lağa qoyurdular. Və budur həmin tarixi an yetişdi. Müğənni Rəqsanənin qızıAysun Türkiyə vətəndaşı Ali Tanrıkulu ilə nişanlanır. Yessss... Urrraaa... Rəqsanə də Türkiyəyə gedib... Sizə deyirdim axı, o ərə gedəcəəəəkkk...

Milli.Az