FLAŞ


"Biz təhsil vasitəsilə üstünlük əldə edə biləcəyimizi yetərincə anlaya bilmirik"


http://moderator.az/fotobaza/orta/65266.jpg
“Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam başqa və qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur! Müstəmləkə ölkələrini çıxmaq şərti ilə dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur”- professor Oktay Sinanoğlu 
 
Martın 18-də YARAT Müasir İncəsənət Mərkəzində “Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirildi. Mərasimdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazları canlandırılan 7 film nümayiş etdirildi. Sonra isə filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşdülər. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirdi.
 
Həqiqətən də belə bir televiziyanın yaradılması təhsil tariximizdə mühüm hadisədir. Müxtəlif ixtisas sahibləri bu məkanda öz potensialını ortaya qoymaq imkanları qazanır. Təhsil nazirliyinin bu layihəsi informasiya cəmiyyətinin məhsuludur və televiziya reytinqini artırmaqda davam edir. Bütün bunlar yeni təcrübədir və bizi sevindirməyə bilməz. Ancaq filmlərə baxdıqdan sonra məni bir neçə sual düşündürdü:
 
Biz milli təhsil sistemimizi yad dillər vasitəsilə inkişaf etdirmək istəyirik?
 
Ana dilində təhsilin yararsız olması fikri nə vaxta qədər dominantlıq təşkil edəcək?
 
Müasir təhsil ənənəvi təhsilin elementlərini tam sıradan çıxarmalıdırmı?
 
Dövlətimiz xeyli sayda gənci xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərir. Buna milyonlarla manat vəsait xərclənir. Bu faktor birmənalı şəkildə milli təhsilin inkişafına xidmət etməlidir. Dünyanın tanınmış universitetlərini bitirib gələnlər qazandıqları bilik və bacarıqları mədəniyyətimizin çərçivəsinə daxil etməlidirlər. Nobel mükafatı laureatı şair Eliot yazır: “Hər bir vətəndaş təhsilə daha çox ona görə can atır ki, onun vasitəsilə həyatda irəliləsin. Millət isə, ona görə böyük təhsil istəyir ki, başqa millətlərdən üstün olsun”.
 
Biz təhsil vasitəsilə üstünlük əldə edə biləcəyimizi yetərincə anlaya bilmirik. İndi təsəvvür edin, bizim ingilis dilli universitetlərdə tədris olunan fənlərin hər hansı birini Azərbaycan dilində daha yaxşı tədris edə bilən müəllimə yer yoxdur. Dilləri öyrənib, milli təhsilimizi itiririk. Azərbaycan dilində riyaziyyatı, fizikanı, kimyanı, humanitar fənləri daha dərindən öyrətmək üçün dilimizin imkanlarını genişləndirməliyik. Ölkədə sinəsinə döyən alimlər birləşib dərsliklər yaza bilmirlər. Elmin populyarlaşdırılması işi yox səviyyəsindədir. Sanballı lüğət və ensiklopediyalar hazırlanmır.
 
Ölkə başçısı İlham Əliyev 2004-cü ildə Yeni Azərbaycan Ensiklopediyasının çapına göstəriş verdi. 12 il vaxt keçib. Hanı ensiklopediya? Cəmi 4 cild nəşr olunub ki, bunu normal ensiklopediya adlandırmaq olmaz. Bu işi yaxşı bilən adamlar kənarda qalıb. Ensiklopediya ölkənin milli sərvətidir.
 
Yaxşı xatırlayıram, Sovet vaxtı universitetdə dərs deyən rus dilli müəllimlər həm də Azərbaycan bölməsində dərs deyirdilər. Rus dilində oxuduqlarını, elmi bizə Azərbaycan dilində izah edirdilər. Əli Sultanlı, Abbas Zamanov, Arif Babayev, Mirabbas Qasımov, Məcid Rəsulov, Abdulla Muxtarov, Qoşqar Əhmədov kimi böyük alimlər Azərbaycan dilində dərs deyirdilər. İndi onları əlində Coca-cola bankası, əynində “cins” şalvarlı müəllimlərlə əvəzləmək istəyirik. Normal tədris üçün təhsil mühiti mühüm şərtlərdən biridir. Kənardan elm gətirmək olar, mədəniyyət isə yox.
 
Təhsil nazirliyinin tədbirində Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı məni daha çox təəccübləndirdi. Təhsil nazirinin, alimlərin, deputatların, ictimai xadimlərin iştirak etdiyi tədbirdə birinci ona söz verilməsi gözlənilməz idi. Xalq yazıçısı bizi kitab oxumamaqda qınadı. Və yəhudiləri xeyli öydü. Hiss olunurdu ki, yəhudilər haqqında da dərin bilgilərə malik deyil. Heç kim yəhudilərin istedadlı xalq olmasını danmır. Ancaq bir milləti tərifləyəndə, gərək öz millətinə də düzgün yol göstərəsən, eyni zamanda onu aşağılamayasan. Bunlar kitab oxumamağımızdan danışırlar. Ancaq “Kitab evi”nin, “Kitab passajı”nın, kitabxanaların satılması vaxtı səslərini çıxarmadılar. Çingiz Abdullayev çıxışında qeyd etdi ki, səhv etmirəmsə 20 milyon tirajda kitabları satılıb. Ancaq bunun millətə nə dəxli var? Dedektivlə yeniyetmə və gənclərdə təfəkkür formalaşa bilməz. Əsası Edqar Po tərəfindən qoyulmuş bu janr artıq süqut dövrünü yaşayır. Təəssüflər olsun ki, belə zərərli ədəbiyyatların bizdə təbliğatı hələ də aparılır. Abdullayev 2 övladının London İqtisadiyyat Məktəbini qurtarması ilə bağlı qürur duyduğunu dedi. Mentalitet məsələsidir. Çox təəssüflər olsun ki, bu tip yazıçılar dünyada böyük yazıçıların gördüyü işlərdən ibrət dərsi götürmürlər. Mən onların 50-nin adını çəkə bilərəm ki, gəlirlərini hansı xeyirxah məqsədlərə xərcləyiblər.
 
Öz dilində danışmağı və yazmağı bacarmayan Xalq yazıçısı başqasını görmür, övladlarının uğurlarından danışır və bizi “danlamaq”dan da çəkinmir.
 
Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru
Moderator.az