FLAŞ


"Hamilə qadının qarnını kəsib yerinə pişik balası qoydular”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2015/january/15/small/c64d157a6fbdfd2f2002d59a24f05865.jpg
23 il əvvəlin dəhşətləri: "Bizi dəyişməzdən qabaq o gəlinləri seçib apardılar, sonra xəbər çıxmadı" 
 
II yazı
 
 
Əsirliyin ilk günü. Başını bərk-bərk atasının sinəsinə sıxıb titrəyən yeniyetmə bir qızı dartıb atasının əlindən aldılar və döyməyə başladılar. Qızcığaz qışqırır, atasını köməyə çağırırdı...Yekəpər bir erməni yaxınlaşıb qızı döyənlərin əlindən aldı. Onun ətəyini yuxarı qaldırıb başına keçirdi və qaldırıb zirzəminin ortasındakı böyük stolun üstünə çırpdı...
Ata çırpınır, dörd nəfər qoluzorlu erməninin əlindən çıxmağa çalışır, bağırırdı: “Buraxın qızımı, əclaflar! O, uşaqdır!”
 
Girovlar uşaqlarının başını qucağına sıxıb, gözlərini, qulaqlarını bağlamağa çalışırdılar. Amma üzü ətəyinin altında gizlənən qızın naləsindən, “Ata” çığırtısından heç bir qulağı bağlamaq mümkün deyildi. O elə çarəsizcə bağırırdı ki, sanki yer üzündə heç bir qıza ata bu gün bu qızcığaza lazım olduğu qədər gərək olmamışdı. 
 
Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. 
- Yox, yaxşıdır. Xoşuma gəlir! – deyən erməni əlindəki süngü bıçağı ilə ovcundakı döşləri dibindən kəsdi...
 
Aylar, illər, onilliklər keçəcəkdi, amma yeniyetmə qızın çığırtısı bu zirzəmidəki insanların qulağından heç vaxt getməyəcəkdi...
 
Qızcığaz bağırırdı. O artıq atasını da köməyə çağırmır, sadəcə bağırırdı. Onun çığırtıları içində güclə eşidiləcək “Allah” nidası hiss olunurdu. O da ağrıdan qırıq-qırıq... tam eşidilmirdi... Bəlkə də heç allahı çağırmırdı...
 
Yekəpər erməni qəhqəhə ilə ovcundakı döşü atıb-tutduqdan sonra onu göyə vızıldatdı.
 
Qızın döşləri bayaqdan ermənilərin əlindən çıxmağa çalışan, hönkürən kişinin üzünə çırpılıb, ayağı altına düşdü. Atanın sifəti qana bulaşmışdı...
 
Bu beş yeniyetmənin sonrakı taleyi heç kimə məlum olmayacaqdı. Ermənilər onları elə stolun üstündən sürüyüb aparacaq, onlardan bu yer üzündə bir zirzəmidə döşlərindən axan qan izi, bir də valideynlərin sinəsinə çəkilən dağ qalacaqdı...
 
***
 
- Aranızda gənc qadın çox idi?
- İçimizdə uşaq çox idi. Biz məshəti türkləri yaşayan ərazidə olurduq. Elə hamımızı tutub gətirmişdilər. İçimizdə yetərincə cavan qız, üç-beş ayın gəlini var idi. Hələ də o uşaqlar, o qızlar, o cavan gəlinlər qayıtmayıblar.  
 
- İki nəfəri, ağ bayraqla qarşılarına çıxanları elə ordaca öldürdülər.
- Hə, onları orda öldürdülər, altmış beş məshəti türkünü isə döyə-döyə gətirdilər. Amma yolda da öləni, itəni oldu. Altmış beş nəfərin hamısının dəyişib dəyişmədiyini də deyə bilmərəm. Artıq huşum özümdə deyildi... Bax, bu şəkildə məni döyüblər ki, niyə deyirsən ərim milis deyildi. Bu şəkildə isə uşaq əmizdirirəm.
 
- Südünüz var idi?
 - İlk günləri var idi, sonra qorxudan qurudu. Şəkil təzə tutulanda çəkilib. Pis döyürdülər, özü də uşaqlarımın gözünün qabağında. Soruşurdular Qarabağ kimindir? Bizimdir deyəndə başlayırdılar başımıza-başımıza çırpmağa. Məni döyüb deyirdilər ki, sən bu saat ərini tap gətir bura. Deyirdim bilmirəm hardadır.
 
- Yeni ana olmuşdunuz. Səhhətiniz necə idi?
- Elə məni o əldən salmışdı. Elə halsız idim ki, uşaq qucağımdan nə vaxt düşüb, xəbərim olmayıb. Bədənim şişmişdi, sonradan burda həkimlər ayaqlarımı müalicə elədilər.
 
- Girovlara qarşı edilən işgəncələri Viktoriya İvleva da görürdü?
- Yox, o vaxtı içəridə ancaq girovlar və ermənilər olurdu. Viktoriya xanım tez-tez yanıma gəlib halımla maraqlanırdı. Mənə uzunboğaz çəkmə və corab, uşaqlarıma isə paltar tapıb gətirdi. Sərxanın başına sarğı qoydu, şəkillərdə də Sərxan başı sarıqlı düşüb. Biz dəyişiləndə də cibimə 50 rubl pul qoydu ki, uşaqlara xərclə. Nömrə də verdi ki, əlaqəni kəsmə, qayıdanda Azərbaycandan mənə zəng elə. Biz də Ağdamda dəyişiləndə nömrə çantamdan itdi.
 
- Çantanızı almamışdılar?
- Yox. Bircə içini açıb pul, qızıl axtarmışdılar. Mən də elə yerdə gizlətmişdim ki, tapmadılar.
 
- Harda gizlətmişdiniz?
- Elə çox pulum yox idi. Qızıl saatımı, sırğalarımı, üzüklərimi, qızıl beşliyimi, mirvari boyunbağımı, uşaqların doğum haqqında şəhadətnamələrini və kəbin kağızımı sellofan torbaya dolayıb, üst-üstə bir neçə əskiyə bükmüşdüm. Uşaqların çirkli əskisinə... Erməni çantamı dartıb əlimdən aldı, açanda gördü əskilər bulaşıqdı, “puff” eləyib tulladı çantamın içinə və atdı üstümə. Ağıllarına gəlmədi ki, uşaqların çirkli əskilərinə qızıl bükərəm...
 
***
 
Ermənilər gündə iki dəfə zirzəmiyə gəlir, əsirlərə işgəncə verir, aralarından  qadın seçib elə övladlarının, ərlərinin, qardaşlarının gözü qarşısında əylənirdilər. Zirzəmidə kişilər divara sıxılıb başlarını tutur, daşlara hopub yox olmaq istəyir, çarəsizlikdən ağlayırdılar. Sifətlərinə dəyən təpik başlarını yuxarı qaldırır, saçlarından yapışıb üzlərini zorla zirzəminin ortasında qoyulan stola tərəf çevirirdilər:
- Baxın! Görün! Uzun illər qadın istəyəndə bizimkilərin yanına gəlmisiniz, indi növbə bizimdir! Türk qadınlarını ayağımıza gətirmişik!
 
Və...
Döşləri kəsilən yeniyetmə qızların atalarını seçib, əllərini arxalarında məftil ilə bağlayıb, sonra üzlərini çevirib divara çırpdılar:
- Onsuzda siz kişi deyilsiniz! Biz bunu sizə gözünüzün qabağında sübut elədik! 
 
Ermənilər onların şalvarını çıxartmağa başlayanda qadınlar üzlərini tutub, başlarını aşağı saldılar. Hərbçilər girov qadınların arasında dolaşır, bu mənzərəni izləməkdən imtina edən qadınların sifətlərinə yumruqlayır, başlarını tutub zorla üzü divara söykədilən kişilərə tərəf çevirirdilər...
 
*** 
 
- Bütün bunlar uşaqların gözü qarşısında baş verirdi?
- Hamının yanında. Kişilərin əvvəlcə əllərini bağlayırdılar. Başlarını divara çırpırdılar, sonra başlayırdılar arxadan vurmağa. Xeyli döyəndən sonra da... Cavan gəlinlər var idi, onlara lap çox zülm elədilər. Uzun, bitmək bilməyən qış gecəsi, bir-birindən gözəl, yaraşıqlı qız-qadın... Onlar arada dəyişirdilər, bu çıxırdı, o biri gəlirdi. Amma işgəncələr dəyişmirdi.
 
- Bir də aranızda hamilə qadın olub...
- Hə, onun başına lap pis müsibət açdılar. Dəyişilməzdən əvvəl qarnını kəsib pişik balası qoydular. Yazıq qadın necə dəhşətli bağırırdı. Sonradan bildik... O vaxt bunu qəzetlər də yazmışdı. Hələ doğmağına bir ay var idi, uşağını götürüb yerinə pişik balası qoyub, tikiblər. Pişık içəridə cırmaqlamağa başlayıb. Ağdamda əməliyyat edən həkim bunu görəndə ürəyi partlayıb, ölüb dedilər. Qadını da xilas eləmək mümkün olmadı...
 
***
 
Və bir gün zirzəminin qapısını açıb “Sizi dəyişirik” deyəndə girovların oturduqları yerdən qalxmağa halları yox idi... İşgəncəyə tab gətirməyib ölənlərin yaxınları hələ də zirzəmidə atılıb qalan meyitlərlə vidalaşırdı...
 
Girovları “İkarus” avtobusuna mindirib, Ağdama gətirdilər. Mehriban övladları ilə atası evinə, Beyləqana qayıtdı. Xəstəxanaya yerləşdirdilər. Qadın müalicə oluna-oluna Abdullanın yolunu gözləyirdi. Bir gün palataya hərbçilər girdi:
- Həmzəyev Abdullanın həyat yoldaşısınız?
- Bəli!
- Bizimlə gəlməlisiniz, yaralanıb, sizi görmək istəyir...
 
Hələ girovluğun ağrıları canından çıxmayan Mehribanı maşına mindirib, apardılar. Avtomobil yeni qurulmuş yas çadırının qarşısında saxlayanda, Mehriban hər şeyi başa düşdü. Kimsə yanında deyirdi:
- Bağışlayın bacı. Sizi bura başqa cür nə adla gətirə bilərdik? Yuyulmağa aparmamış görəsiniz istədik...
 
Qadın zorla atdığı addımlarla ortada uzadılmış cənazəyə yaxınlaşdı. Abdulla olmadığına o qədər inanırdı ki, görməsi üçün, üzünü açdılar. Güllə, burnunun sağ tərəfindən içəri girmişdi. Yaralı bir əsgər Mehribana deyirdi:
- Ağdamın Gülablı kəndinə çatmağımıza lap az qalmışdı, qadın səsi gəldi, “kömək edin” qışqırırdı... İkimiz də dikəldik... Güllə mənə dəyib, çıxdı, ona dəydi... Mən xilas oldum, onu xilas edə bilmədik... Gödəkçəsi ilə üzünü örtdüm ki, qurd-quş yeməsin, ara sakitləşəndə meyiti gətirib dəfn edə bilək...
 
Abdullanı Beyləqanda dəfn elədilər, ata üzü görməyən körpəsinin sənədlərini alanda adını Günay yazdırdı:
- Atası nə deyib, o da olacaq. Azad olmadısa, Günay olacaq...
 
Bu da hələ son deyildi. Günay böyüyüb on üç yaşına çatanda qəfil dili tutulacaqdı. Həkimlər müayinə edəndən sonra ilk sualları belə olacaqdı:
- Körpə vaxtı travma almayıb?
 
Mehriban dəqiq cavab verə bilməyəcəkdi:
- Bilmirəm... Doğulandan üç gün sonra əsir düşmüşük. 
 
Müharibənin çox amansız davrandığı Günay altı il susacaqdı. Zamanla ilk addımını atandan sonra yıxılacaqdı deyə, müəllimlər dərsə gəlməməyini məsləhət görəcəkdilər. Günay on doqquz yaşından bir ay sonra, 23 mart 2011-ci ildə dünyadan köçəcəkdi...(SON)
 
Vüsalə Məmmədova / Lent.az