FLAŞ


Rus qoşunlarının Suriyadan çıxmasının arxasındakı gizli mətləblər


http://musavat.com/data/largenews/dir246/img1632915.jpg
“Bütün mətbuatda dolaşan versiyalar diqqəti yayındırmaq üçündür. Mən düşünürəm ki, Putinin ordunu Suriyadan çıxartmasının bir neçə səbəbi var. Səbəblərdən biri və ən başlıcası odur ki, Rusiyanın artıq tətbiq olunan sanksiyalar, ucuz neft qiyməti fonunda bahalı hərbi əməliyyatlar imkanı yoxdur”.
 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu fikirləri “Yeni Müsavat”a Suriya ətrafında baş verənlər və Rusiya ordusunun bu ölkədən çıxarılması barədə prezident Putinin qərarını şərh edərkən söylədi. Ekspert əlavə etdi ki, Rusiya əslində hava zərbələri həyata keçirirdi: “Rusiya Suriyada gözləmədiyi bir dolaşıq vəziyyətə düşdü. Əvvəla, mən istisna etmirəm ki, artıq Suriya müxalifəti, ilk növbədə Azad Suriya Ordusunun döyüşən hissələri və ”ƏL-Nüsrə" cəbhəsi, ola bilsin həm də Əsədə müxalif olan türkmənlər hansısa hava hücumundan müdafiə qurğuları əldə ediblər. Rusiyanın isə Suriyaya göndərdiyi təyyarələr də çoxu köhnə bombardmançılar idi. Bu təyyarələri itirmək təhlükəsi var idi ki, bu da Rusiya daxilində çox ciddi təlatümlər yarada bilərdi". 
 
Ə.Oruclu, digər tərəfdən, hesab edir ki, Putinin qərarında Ankara terrorunun müəyyən rolu oldu: “İstisna deyil ki, bu terror hadisəsi ilə bağlı hansısa faktlar ortaya qoyuldu. Hansı faktların qoyulduğunu deyə bilmərəm, bu, sadəcə mülahizədir. Üçüncü tərəfdən, Rusiya Suriyada qalmaqda davam edəcəkdisə, sanksiyaların da müddəti uzadılacaqdı, bundan sonra sosial-iqtisadi vəziyyət daha da gərginləşəcəkdi. Qarşıdan da parlament seçkiləri gəlir, ondan sonra prezident seçkiləri olacaq. Rusiya artıq bu reallıqlarla hesablaşmalıdır. Ona görə Putin belə bir açıqlama verdi ki, biz öz hədəflərimizə çatdıq, məqsədlərimizə nail olduq, bu səbəbdən qismən çıxırıq. Əslində qismən deyil, demək olar ki, Suriyadan tam çıxıb”. 
 
 
Politoloqun fikrincə, rus qoşununu çıxartmağının qarşılığında Putin üzü payıza doğru sanksiyaların qismən götürülməsi şərtini irəli sürə bilər. Ancaq Ə.Oruclu düşünmür ki, Rusiya qoşunu Suriyadan çıxıb Ukraynada möhkəmlənəcək: “Unutmayaq ki, Rusiyaya qarşı sanksiyalar məhz Ukraynaya görə tətbiq olunub”. Ekspert rus ordusunun qafqazlarda fəallaşacağını da güman etmir: “Rusiya əgər hansısa hərbi əməliyyatlara üstünlük verirdisə, elə Suriyada qalardı, daha ordan çıxıb Qafqaza girməyin nə mənası var? Bu, çox riskli plan olardı”.  
 
Qeyd edək ki, Rusiya prezidenti administrasiyasının başçısı Sergey İvanov Rusiyanın S-400 zenit-raket komplekslərini Suriyadan çıxarmayacağını deyib. 
 
Rusiya kosmik-hava qüvvələrinin (KHQ) Suriyadan tələsik çıxarılması xüsusən də Rusiyanın “uğurlu” bombaradmanları haqda xəbərlər fonunda tamamilə məntiqsiz görünür...
 
Ekspert diqqət yetirir ki, Suriyadan Rusiya qoşunlarının çıxarılması haqda qərar Donbasda münaqişənin güclənməsi anı ilə üst-üstə düşdü. Rusiya KİV-i Suriya mövzusundan rəvan şəkildə ayrıldı və yenidən Ukraynaya qayıdır. Lukaşeviç deyib ki, bu hadisə Əfqanıstanı yada salır. “Biz orada da hamıya qalib gəldik. Lakin qoşunlarımız oradan çıxan kimi ətçəkən  maşın dərhal işə düşdü”. 
 
 
Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya qoşunlarının Suriyadan çıxarılması Türkiyə-Rusiya hərbi toqquşması riskini azaldır: “Ümumiyyətlə, Suriyada atəşkəs qorunarsa və Əsədin hakimiyyətdən getməsi reallaşarsa, Ankara-Moskva münasibətlərinin əvvəlki məcrasına qayıtması ehtimalı artacaq”. Politoloqun fikrincə, bu, Azərbaycanın da xeyrinədir: “Çünki Kreml Türkiyəni düşmən kimi gördüyü indiki zamanda Rusiya hakimiyyəti Ankaranın müttəfiqlərini də hədəf alır. Məsələn, Rusiya keçmiş illərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmayıb. Rusiyanın Türkiyə ilə münasibətlərinin indiki gərgin dövründə isə Kreml daha uzağa gedərək Azərbaycana Xəzərdə əzələ nümayişi göstərir. Moskvanın Xəzərdəki yeni desant gəmiləri hədələyici mahiyyət daşıyır. Nəhayət, Kreml sahibi anladı ki, Əsədə görə Qərblə, ərəb dünyasıyla və Türkiyə ilə münasibətlərin korlanması Rusiyanın maraqlarına xidmət etmir. Ona görə Rusiyanın Suriyadakı hərbi qüvvəsini azaltması Azərbaycanın da xeyrinədir. Əlbəttə, Azərbaycan illərdir Rusiyanın xarici və təhlükəsizlik siyasətindən xeyir görmür, ancaq heç olmazsa ziyanından da özümüzü sığortalamalıyıq. Rusiya Suriyadan hərbi texnikasını Azərbaycan üzərindən çıxarır. Bunun özü ondan xəbər verir ki, Azərbaycan Rusiya ilə qarşılıqlı maraq əsasında qurulan əməkdaşlıqdan yayınmır. Rəsmi Bakının bu siyasətini Qərb, ərəb dünyası və Türkiyə də anlayışla qarşılayırlar”.