FLAŞ


Bu gün dolların taleyinə aydınlıq gətiriləcək


http://www.lent.az/upload/images/news/2016/march/16/small/0b30ebfc86984d79cdbe09d39d2983ad.jpg

Federal Ehtiyatlar Sistemi (FES, Mərkəzi Bankın analoqu) bu gün iki günlük iclasına yekun vuracaq. İclasın yekununda onun nəticələri açıqlanacaq, ardınca FES-in rəhbəri xanım Canet Yellen mətbuat qarşısına çıxaracaq və dolların, müvafiq olaraq, dünyanın əksər valyutalarının taleyinə aydınlıq gətirəcək. İclasın nəticələri Bakı vaxtı ilə təxminən 22:00-da, C. Yellenin mətbuat konfransı isə 22:30-da baş tutacaq.

İki günlük toplantının yekunu yaxınlaşdıqca dünyanın əksər valyutaları dollara qarşı zəifləməkdədir. Səbəbi sadədir: əksər nüfuzlu analitiklər hesab edir ki, FES uçot dərəcəsini dəyişməyəcək, lakin onun gələcəkdə bu addımı ata biləcəyi ilə bağlı güclü siqnal verəcək. Sadə dillə desək, böyük ehtimalla, dollar bu gün bahalaşmayacaq, lakin C. Yellen onun möhkəmlənməsini yəqinləşdirəcək. Təbii ki, bu bəyanat dolların bahalaşmasına kifayət edəcək. Dolların bahalaşması fonunda dünyanın əksər valyutaları, o cümlədən neft də ucuzlaşmağa məhkumdur. FES tərəfindən uçot dərəcəsinin qaldırılması demək olar ki dəqiqləşib. Bununla bağlı həm dünyanın nüfuzlu nəşrləri, həm də analitikləri öz fikirlərini səsləndiriblər. Əsas sual ondan ibarətdir ki, FES bu addımı nə vaxt atacaq? Böyük ehtimalla uçot dərəcəsini qaldırmaq üçün FES iyunda baş tutacaq iclası gözləməyəcək, bunu apreldəki toplantıda edəcək. Təbii ki, bu halda dollar daha sürətlə bahalaşacaq.

Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.

Bütün dünya FES rəhbərindən ABŞ və dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını səbirsizliklə gözləyir.

Bəzi qərb analitikləri hesab edir ki, FES hazırkı siyasəti ilə axına qarşı üzür. Belə ki, bu siyasət dünyanın aparıcı mərkəzi banklarının siyasəti ilə uyğunsuzluq təşkil edir. Məsələn, Avropa Mərkəzi Bankı, o cümlədən İsveç, Danimarka, İsveçrə, Yaponiya kimi ölkələrin Mərkəzi Bankları mənfi dərəcələr tətbiq edir. Bundan başqa, tənzimləyicilər aktivlərin alınması proqramını genişləndirib.

ABŞ Mərkəzi Bankı axına qarşı üzür, ya yox, bunu demək çətindir. Amma FES siyasəti bir sıra tənzimləyiciləri, o cümlədən Azərbaycan Mərkəzi Bankını axına qarşı üzməyə vadar etdi. Bildiyimiz kimi, ötən ilin dekabrın 21-dən etibarən manat öz məzənnəsini üzərək tapır. Maraqlı bir məqam da ondan ibarətdir ki, FES-in iclasından öncə manat dollara qarşı bahalaşmağa başlayıb... və növbəti dəfə axına qarşı üzdüyünü nümayiş etdirib.

FES-in iclasları ilə bağlı maraqlı bir fakt: bazar iştirakçılarının 60%-i dolların bahalaşacağına inanmadığı halda, tənzimləyici uçot dərəcəsini qaldırmır. Təbii ki, FES bazarı öz iclaslarına yaxşıca hazırlaşdırır.

İki ilə yaxındır ki, ABŞ-ın milli valyutası güclü artım tempi nümayiş etdirir. Ucuz və ya baha dollar kimə lazımdır? Bu suala bu gün axşam saatlarında FES rəhbəri özü şəxsən cavab verəcək! (Lent.az)