FLAŞ


Əsirlikdən qayıtdıqdan sonra Arzu ilə evlənir

- ƏSİR DÜŞƏRGƏSİ


http://ideologiya.az/wp-content/uploads/6fa0fb02be5a2d477ed5d0122903b118-300x228.jpg

Yeganə Əliyeva. 1974-cü il, dekabrın 31-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. 17 yaşında əsir düşüb

I hissə: http://bolge.info/Home/Details/8706

II hissə: http://bolge.info/Home/Details/8715

III hissə: http://bolge.info/Home/Details/8733

IV hissə: http://bolge.info/Home/Details/8777

V hissə

Dimanın deputat qohumunun köməyi ilə nəhayət təyyarəyə minə bilirlər. Vətəndən vətənə gedən yol Rusiyadan keçir.

- Gəldik çatdıq Rostova. Orda Azərbaycandan getmiş Jora adlı bir erməni var idi, stadionun rəhbəri idi. Orda çox nüfuzlu adam idi, demək olar ermənilərin çoxunu maliyyələşdirirdi. Dedi Razində yaşamışam. Dima məni Stavropola, öz ailəsinin yanına gətirdi.

- Sizi necə qarşıladılar?

- Atası məni görəndə başladı ağlamağa... Lənət oxuyurdu müharibəni başlayanlara. “Torpağımızdan çıxıb gəlib rusun donuz fermasında yaşayırıq” deyirdi...

- Torpağımız deyəndə Tərtərin “üçüncü savxoz” ərazisini nəzərdə tuturdu?

- Hə, Azərbaycan haqqında öz vətəni kimi danışırdı. “Öz ölkəmizdə gül kimi yaşayırdıq, bu nə oyundu düşmüşük” deyirdi... “Mən neçə-neçə azərbaycanlının kirvəsi olmuşam” deyirdi...

- Azərbaycanlının?

- Hə, onlar bizə türk demirdi. Demək olar ki, onlar mənə pis münasibət bəsləmirdilər. Dima təyyarədən enəndə dedi bax, görürsən burda nə qədər azərbaycanlı var? Kimə desən əsirsən, səni mənim əlimdən ala bilər. Qaça bilərsən...

- Qaçmaq istəyirdiz?

- Axı Arzu var idi, Müşfiq var idi... Onlara arxa çevirə bilməzdim. Qonşuda azərbaycanlılar var idi, çox mehriban idilər. Amma mənim azərbaycanlı olduğumu bilmirdilər. 

Bir gün Dima gəldi... Yanında bir kişi – Vahid dayı, dedilər Arzunun xalasının əridir... Bir də Arzunun anası Nərgiz xala...

Dima məni onlara verib dedi ki, “Bax Arzunu da, Müşfiqi də belə azad eləyə bilərəm. Amma mənə bircə nəfər dili söz tutan hərbçimi tapıb gətirin... Mən bir addım atdım, indi növbə sizindir!”

Onlar məni Bakıya gətirdi...

- Sənədləriniz erməni sənədi idi axı... Bakıya necə girdiz?

- O sənədlər Dimada qaldı. Məni qatarla gətirdilər. Qatar nəzarətçisinə “hörmət” elədilər, sənədsiz gəldim çıxdım Bakıya... Azad olduğuma inanmırdım. Elə bil keyimişdim. Qulaqlarımda bir qatarın taqqıltısı var idi, bir də Müşfiqin “Yegiş, ay Yegiş” deyib ağlayan səsi... Arxamca ağlayırdı...

On günəcən Arzunun xalasıgildə qaldım. Sonra xalamqızı Sədaqət gəlib çıxdı...

Sədaqətgildə yaşamağa başlayır. Bir gün xalası Arzunun Yeganəyə yazdığı məktubu gətirir: “Yaxşı ki, sən getdin, Yeganə! Sən orda olduğun üçün mən burda rahatam. Amma çalışın mənim də burdan xilas olmağım üçün kömək eləyin. Qurtarım gəlim...”

- O məktubu saxlayırsız?

- Əlbəttə! (Gülümsəyir...) Arzunun sevdiyi qız var idi, bilirdim...

Uzun axtarışlardan sonra Arzunun qohumları Dimanın xeyrinə ifadə verə biləcək erməni hərbçini tapa bildilər. Bu dəfə məsələ “qara yol ilə” yox, dövlət səviyyəsində həll olundu. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə birgə təyyarədən enən Arzunun vəziyyəti o qədər ağır idi, birbaşa xəstəxanaya yerləşdirdilər. Ayağı axsayır, ciyərində problemlər var idi, vərəmə yoluxmaq üzrə idi...

- Gənclikdə hospitalda yatırdı. Yanına getdim... Saçları bir az da ağarmışdı... Onu axırıncı dəfə gördüyümdən hardasa altı ay keçmişdi... Artıq iyirmi yaşı var idi. Yaxınlaşanda gördüm fikrə gedib, siqaret çəkir... Məni görəndə ilk sözü o oldu ki, “Yeganə, təyyarədən düşəndə gözüm bircə səni axtardı, elə bildim məni görməyə də gəlməyəcəksən...” Qucaqlaşdıq, öpüşdük... Həkimlər gəldi ki, “bu qız kimdi?” Arzu dedi “Mənim döyüşçü yoldaşımdır”...

Hospitalda iyirmi iki gün yatır. Qapılarından Arzu adlı dörd nakam, naməlum tabut qaldıran kənd camaatı indi orda toplaşıb qurbanlar kəsir, Arzunun yolunu gözləyirdi...

- “Dədə Qorqud”da necə Beyrəyin yolunu gözləyirlər... Bax elə... Eynilə elə... Arzu əsirlikdən qayıdanda sevdiyi qızın toyuna bir neçə gün qalmışdı... Arzunun dostuna ərə gedirdi...

Arzu kəndlərinə, onun yolunu gözləyən qohum-əqrəbanın görüşünə gedəndə Yeganənin yanına gəlir:

- Kəndimizə gedirəm, gəl səni də aparım...

- Utanıram, gedə bilmərəm... Bütün kənd deyəcək əsirlikdə özüylə olan qızı da gətirib... Hamı mənə baxacaq...

- Gəl gedək! Yeganə, mən hələ əsirlikdə olanda anama məktubda yazmışdım ki, əgər qayıtsam, Yeganə ilə evlənmək istəyirəm...

- ....

Heç bir cavab almayan Arzu kəndə Yeganədən incik qayıdır. Doğma kəndi Arzunun, Yeganə isə Müşfiqin yolunu gözləyirdi...

Əsirlikdən qayıtsa da yad şəhərdə idi, nə yaşamağa evi, nə qapısını döyməyə qohumu var idi. Azərbaycan Texnologiya İnstitutuna daxil olur, tələbələrlə birgə kirayədə yaşamağa başlayır...

- Sonra kirayəni çatdıra bilmədim... Təhsilimi yarımçıq qoyub, yenə xalamqızıgilə gəldim. Sonra Tibb texnikumuna qəbul olundum... Başladım orda oxumağa, axşamlar da işləməyə...

- Harda?

- Çörək zavodunda..

Bir gün yenə Dima Rusiyadan zəng edir:

- “Qırmızı xaç”a Pyer adlı təzə nümayəndə gəlib, bütün azyaşlıları dəyişdirir... Amma Müşfiqin yerini bilmir... O elə bir yerdədir ki, “Qırmızı xaç”ın onlardan xəbəri yoxdu... Amma mən Müşfiqin yerini Pyerə isnad verə bilərəm... Sizi əmin edirəm, Pyer ondan xəbər tutsa mütləq dəyişdirilməsinə nail olacaq...

Dima bu xidməti qarşısında yeddi min dollara qədər pul istəyirdi. Onların isə heç yeddi manatı yox idi...

- Nə yaxşı ki, millət vəkili Aqil Abbas var idi. O olmasa bacarmazdıq. Dedi, qorxmayın, düzəldəcəyik. Qəzetində yazırdı, imkanı olan adamlar kömək edirdi. Əsas kömək edən bir məmur idi, bir də bir iş adamı, indi nazir müavinidir. Allah köməkləri olsun, biz onlara çox borcluyuq. Böyük qardaşımla onların köməyi ilə toplanan pulu götürüb Rusiyaya getdik. Dima bizi orda gözləyirdi. Pulu ona verib qayıtdıq... Sonrasını özünüz bilirsiz...

Mənə çox qəribə gəlmişdi ermənilərin Müşfiqi bir gecə sakitlikdə Pyerin yanına gətirib, özlərinin qapıda gözləmələri... Sən demə bu “jest”in yeddi min dollar qiyməti var imiş...

Və Müşfiq Bakıya gəlir...

- O gələndə hərəmiz bir qapıda qalırdıq. Kimsəsiz, yorğun, tək, həyatdan küskün insanlar idik...

- Arzu ilə bütün münasibətiniz kəsilmişdi?

- Onunla kəndə getmədim deyə məndən incik getdi. Sonra artıq xəstəxanada tibb bacısı işləyirdim, anası gəldi yanıma... Qızım olmağını istəyirəm dedi... 1998-ci il idi, nişan gətirdilər... Bəlkə başqa adamla ailə qursam həyatım daha çətin olardı... Arzu isə başqadır... O elə vaxtlarımda mənə dayaq olub ki... Düzdü, o mənə evlilik təklif eləyəndə çox pis olmuşdum...

- Əsirlikdə olduğunuz müddətcə onun münasibətindən heç vaxt heç nə sezməmişdiz?

- Ora başqa yerdi axı... Adamın ağlına hər şey gəlir, bircə cavan qız olduğundan başqa... Onunla çox xoşbəxtəm. O mənim həm həyat yoldaşımdı, həm də əsgər yoldaşım...

- Səhhətiniz necədi?

- Ağ ciyərimin cəmi bir hissəsi var. Mənə ana olmaq olmazdı, həkim icazə vermirdi... Allah yenə möcüzə göstərdi. Hamı deyirdi riskdi, amma... Arzu ilə mən ikimiz bilirik əsirlikdə nələr çəkdiyimizi. Hamısı arxada qalsın, evimiz, ailəmiz olsun istəyirdik... Övladlarımıza baxıb dərdlərimizi unudaq istəyirdik... Əvvəlcə əkizlərim doğuldu, Fəridlə Fəridə... Fəridi tez itirdik, yaşamadı... Sonra isə Cavanşir dünyaya gəldi...

- İndi Arzu nə iş görür?

- 77 saylı avtobusun sürücüsüdür. Yenə əvvəlki kimi zəhmətkeş, mülayim, xeyirxahdı... Mən isə əvvəlki kimi deyiləm... Əsəblərim qaydasında deyil, aqressiyam çoxdu, özümdən asılı deyil, hər şeyə əsəbiləşirəm... Ailəmizdən üç şəhid vermişik, amma onların şəhid statusunu ala bilmirik, buna çox əsəbiləşirəm.

- Niyə ala bilmirsiz?

- O vaxt Laçın icra hakimiyyətində rəhmətlik Şahmar müəllim var idi, vəkil idi, başımıza gələnləri yazdı, mən qol çəkdim. Heç sənədləri oxumaq ağlıma da gəlmədi...

- Yanlış nə isə yazmışdı ki?

- Sonradan bildik... Başımıza gələnlərin tarixini səhv yazıb. Sənədlərdə 1992-ci ilin martı yox, 1993-cü ilin martı yazılıb... Baxıb dedilər bu vaxt artıq Laçın işğal olunmuşdu...

- Niyə belə yazıb axı?

- Mən əsirlikdən təzə gəlmişdim, donum açılmamışdı, o niyə belə səhv eləyib, bilmirəm... Hara müraciət elədik, dedilər qətnamədə belə yazılıb. Özünüz səhv yazmısız... İnandıra bilmirəm ki, o vaxt mənim nə isə yazmağa qolum var idi?

Axı mən yalan danışmıram, ata-anamı, qardaşımı gözümün qabağında öldürüb erməni... Şəhidin şəhid statusunu bərpa eləmək istəyirik, çox şey istəmirik... Məhkəmənin qərarını xətm eləmək isə çətin məsələdi... Deyirlər bu işə gərək Ali məhkəmənin sədri baxsın.

O doğrudan da illəri dəqiq xatırlaya bilmir. Sənədlərində erməni əsirliyində olduğu vaxt səkkiz ay göstərilir. O isə bu müddəti bir neçə il kimi xatırlayır. Müşfiqdən fərqli olaraq Yeganə başına gələnləri ayı, günü, ili ilə dəqiq deyə bilmir. Axı o qadındır. Əsir həyatı kişi ilə qadına eyni cür təsir eləmir...

- Siz qayıdanda neçənci il idi?

- Bakıya 1994-cü ildə gəlmişəm.

- Ay, il?

- Payız aylarıydı...

Yenə dəqiq tarix deməyə çətinlik çəkir... Bizim yaddaşla bağlı problemimiz olduğu halda, bütün yaşadıqlarından sonra onu kim qınaya bilər? (SON)

Lent.az