FLAŞ


Ayaq altındakı ac körpələr döşəməyə tökülmüş çörək qırıntılarını yalayır ki, bəlkə qarınları doya...


http://ideologiya.az/wp-content/uploads/6fa0fb02be5a2d477ed5d0122903b118-300x228.jpg

Yeganə Əliyeva. 1974-cü il, dekabrın 31-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. 17 yaşında əsir düşüb

I hissə: http://bolge.info/Home/Details/8706

II hissə: http://bolge.info/Home/Details/8715

III hissə: http://bolge.info/Home/Details/8733

IV hissə

Davam edəcəkdi... Amma sağ əlini uzadıb sol çiyninə çəkdi, çəkdi... 22 il əvvəl onu dəlib keçən güllənin yerini sığalladı, sığalladı və birdən hıçqıraraq ağlama başladı...

Əlləri əsirdi...

Beləcə, o kartofları əkəndə nə baş verdiyini bilmədik...

Mövzunu dəyişmək üçün Müşfiqi necə tapmağını soruşuram... Gözünü silə-silə Dima ilə söhbətini xatırlayır:

- Ailəmdən Müşfiq adlı qardaşımın sağ olduğunu bilirəm. Gördüm, o ölmədi... Əsirlərin içində onu axtarın...

- Məktub yaz, tapsam verəcəm!

Xankəndində əsirlərin saxlanıldığı uşaq xəstəxanasına gələn Dima “Laçından Müşfiq Əliyev kimdi?” deyərək axtarmağa başlayır... Dimanın məqsədi Yeganəyə yaxşılıq eləmək deyildi, hesab edirdi ki, əlində iki yox, üç əsir olarsa, daha yaxşı olar...

- Dedi gördüm qara, balaca, qalın saçlı bir uşaq deyir “mənəm”. Dedim “bacın sağdı”, inanmadı. Məktubu verdim, xəttindən tanıdı, sevindi, ağladı...

- Görüşünüz necə baş verdi?

- “Qırmızı xaç”a yalvardım ki, qardaşımı tapmışam, bizi görüşdürün, tərcümə elədilər... Axşam pilləkəndə oturmuşduq, bir də gördüm “Qırmızı xaç”ın maşını dayandı, içindən axsaya-axsaya Müşfiq düşdü... Bərk qucaqlaşdıq... Elə sevindim ki, heç olmasa o sağdı...

- Arzunun neçə yaşı var idi?

- On doqquz yaşı var idi, amma başında ağ tük qara tükdən çox idi. Onun qorxusu çox idi. Müharibənin pis vaxtları idi, döyüşdə kimin adamı ölsə, gəlib onu götürüb aparırdılar öldürməyə... Hər dəfə bir erməni qəzəblə qapıdan girəndə yazıq sakitcə ayağa qalxır, lal-dinməz düşürdü qabaqlarına...

- Sizə toxunmurdular?

- Arzu hərbçi idi deyə ona lap acıqlı idilər, həm də o özünü elə tez qabağa verirdi ki, mənə toxunmasınlar... Onu götürüb aparırdılar öldürməyə... Xəbər Dimaya çatırdı ki, “türkü apardılar”. O da qaça-qaça gedib əllərindən alırdı. 

Günlər keçdikcə Dima bezirdi. Bir gün Arzu ilə Yeganəni qarşısında oturtdu:

- Rusiyaya gedirəm, sizinkilərlə əlaqəyə çıxacam. Telefon nömrəsi verin!

Arzu çətinliklə Əmircanda yaşayan Çiçək xalasının nömrəsini xatırlaya bilir.

Rusiyadan gələn zəngə Çiçək xalanın əri Vahid kişi cavab verir. Dima kifayət qədər konkret danışırdı:

- Adım Dimadı, oğlunuz Arzu əlimdədir. İndi sizə 12 əsgərimin adını deyəcəm, yazın. Onlardan birini mənə tapın. Əli, ayağı olmasın. Bircə kəlmə həqiqəti deməyə dili olsun bəsimdi. Lap ölümcül olsun, bir kəlmə deyib ölsün! Tapın! Mənim satqın olmadığımı sübut edəcək bir əsgərimi tapın, əvəzində Arzunu, Yeganəni, Müşfiqi və üstündə də başqa beş nəfər azərbaycanlı hərbçi tapıb verirəm. Amma bir nəfər tapın, bircə nəfər! Mən sözümü dedim...

Duuud... Duuud... Duuud...

- Mən evə məktub yazmışdım ki, yanımda Şəmkirdən olan Arzu adlı bir hərbçi var, Arzu isə yazmışdı ki, Laçından Yeganə adlı bir qız var...

- Arzu artıq evə rahat məktub yaza bilirdi?

- Hə, Dima bizi “Qırmızı xaç”dan gizlətmirdi. Dimanın zəngindən sonra ailələrimiz... Mənim Bakıda xalam qızı var idi, Sədaqət, ATS-də işləyirdi... Bizə çox kömək elədi... ailələrimiz bir-birini axtarıb tapdı. Sədaqətin qardaşı Laçında hərbçi idi. Vaqif dayım bizi dəyişmək üçün erməni əsir götürmək istəyəndə Qubadlı istiqamətində əsir düşübmüş... Onlar çox döyüşkən insanlar idilər. Bütün Laçın bilir bunu. İndi “Şəhidlər xiyabanı”nda uyuyur. Meyitini sonradan qaytarmışdılar... Meyitdən bilinirmiş ki, nə işgəncələr veriblər... Ağzında dişi də qalmayıbmış...

- Bəs Mübariz?

- Mübariz də itkin düşdü... Əsgərov Mübariz... Meyiti də tapılmadı... Nə öldüyü bilindi, nə qaldığı... Aprelin 14-də, biz əsir götürüləndən iki həftə sonra mühasirəyə düşüblər...

Üzünü yenə əlləri ilə qapayır...

- Arzu ilə münasibətiniz necə idi?

- Bilmirəm bacı-qardaş deyim, ya dost, ya da yaxın, qohum... Çox doğmalaşmışdıq. Orda bir-birimizdən başqa heç kimimiz yox idi. Bir dəfə “Arçık” qəzetindən erməni jurnalist gəlmişdi. Dedi gəlin sizi evləndirək, amma vətəndaşlığı qəbul edib, “Vesti”də çıxış edin ki... Heç Arzu qoymadı o sözünü bitirsin. Dedi ondansa ölərəm! Ona çox təzyiq göstərdilər, incitdilər...

Günlər keçdi...

- Kartofu çıxartdıq... Arzunun becərdiyi zoğal yetişdi... Bir gecə Dima dedi ki, səni Xankəndinə aparıb öz qızımın adına pasport çıxartdıracam. Necəsə bir yol tapıb səni burdan çıxardıb aparım ki, sizinkilər mənə inansınlar... Dima Kəlbəcərdən bir tay un tapıb gətirmişdi, arvad ondan sac çörəyi bişirirdi, biləndə ki Xankəndinə gedəcəm, iki-üç gün əvvəldən yeməyimi azaldıb, çörək payımı Müşfiq üçün saxladım.

- Nə qədər çörək idi?

- Balaca qoğal boyda. Koftamın içindən salıb qoltuğumda gizlətdim. Xəstəxanada görüşəndə gizlicə verdim Müşfiqə...

- Görüşməyə rahat icazə verirdilər?

- Dima hərbçi geyimində idi, çiynində avtomatı. Amma qapıdan girəndə ayağı kəsilmiş bir erməni hərbçi dedi ki, “Axçi, tı haya turka?”

- Yəni?

- “Sən türksən, ya erməni?” Onlar bizi o saat tanıyırdılar. Dima dedi “hay”... Çörəyi gizlicə Müşfiqə verdim, dedi “Yegiş, mən bunu tək yeyə bilmərəm. Aparım uşaqlarla bölüm”... “Şərikli çörək”dəki kimi xırda-xırda doğradı... (Ağlayır) Verdi ordakı uşaqlara... Toyuğa dən səpəndə necə dəstə ilə başına yığılırlar, bax balaca uşaqlar çörəyin iyini alıb elə toplaşdılar Müşfiqin ətrafına...

- Mənə bir az o xəstəxanadan danışın... Müşfiq danışmaq istəmədi, necə idi ora?

Yeganə xanımdan bu dəhşətli yerin rəsmini çəkməsini istədim...

- Elə bil ki, uşaq baxçasına girmisən, ac körpələr üstünə qaçışır...

Böyük bir qazanı odun üstünə qoyub qaynadırlar, içindəki buğdadı, qreçkadı, nədir bilinmir...

Alüminium fincanlara töküb verirlər əsirlərə...

İsti fincan ac əsirin dodağına yapışıb yandırır... Amma soyutmaq imkanın yoxdu, yedin yedin, yemədin də...

Analar öz payını balalarına verir...

Erməni sağa-sola keçir, ayaqlarının altından ac körpələr döşəməyə tökülmüş çörək qırıntılarını yalayır ki, bəlkə qarınları doya...

Qarnını doyurmaq istəyən günahsız körpələrin yerə yapışan balaca, çirkli əlləri erməninin ayağı altda qalır...

Havalanmış qadınlar ortada dolaşır, bala anadan sallaşır, ana balasını tanımır, bala ağlayır...

Yaşlı qadınlar var idi ki...

Ehh... Ora xəstəxana deyildi, əsl cəhənnəm idi! (Üzünü örtüb hönkürür) Bəlkə də heç elə zülmü faşistlər də eləməyib... Onların halını görəndən sonra istəyirdin ki, ayağın getdikcə gedəsən, ordan uzaqlaşasan...

Sənəd üçün şəkil çəkdirib, “forma 9” hazırlayırlar. İndi onun adı Lena Petrosyan idi.  

Dima Kəlbəcərdən bir televizor tapıb Xankəndində ucuz qiymətə satıb, yol pulu düzəldir... Bakıya doğru yola çıxırlar:

- Əsirlikdən qurtulduğuma inanmırdım... Arzuyla vidalaşdıq...

- Sizə nə isə dedi?

- Dedi, bircə anama yazığım gəlir ki, hər yerdə məni axtarıb... Sağollaşıb ayrıldıq. Məktub verdi ki, apar anama. Bir də saqqallı şəklini verdi...

- Orda şəkli hardan alırdız?

- “Qırmızı xaç” çəkirdi, onlarda hamımızın şəkli var idi.

Xankəndinə gəlib Müşfiqlə sağollaşır, bir gecə orda Dimanın qaynıgildə qalır, ordan da avtobusla Şuşaya gəlirlər:

- Sonra avtobusla Laçından keçdik... Vətənimdə, öz torpağımda idim, amma əsir idim... Viranəyə oxşayırdı, öz torpağında girov qalmağı heç kəsə arzulamaram.

Laçından da keçib Yerevana çatdıq. Yerevanda təyyarəyə mindik. Dima tapşırmışdı ki, sən danışma. Susmuşdum. Amma ürəyim yanırdı, pıçıldadım ki, su istəyirəm. Sərnişinlərdən eşidən olub demək... Təyyarəyə ayağımı basanda bir erməni qolumdan tutdu ki, “sən türksən”. Artıq elə dedi ki, Dima heç nə deyə bilmədi. Onu dindirməyə, məni isə nəzarətə apardılar... Dima dedi nənəsi erməni olub, Bakıda Azərbaycan məktəbinə gedib, ona görə də erməni dilini bilmir... Üç gün orda qaldıq. Dimanın bir deputat qohumu var idi, onun əliylə çıxartdı bizi... Dimanın çamadanını da geri qaytardılar.

- Sizin əşyanız var idi?

Əşyam yox idi, amma ayaq corabımın içində çoxlu məktublar gətirmişdim. Arzunun, bir də Müşfiqin yanında qalan iki əsir oğlan ailəsinə gətirməyim üçün məktub yazıb vermişdi...

- Adları yadınızda?

- Bakılıydılar, Babək və Vüsal. Hərbçi idilər. Onları öldü bilirmişlər.

Dimanın deputat qohumunun köməyi ilə nəhayət təyyarəyə minə bilirlər. Vətəndən vətənə gedən yol Rusiyadan keçir.(Davamı olacaq...)

Vüsalə Məmmədova

Lent.az