FLAŞ


"Altı ay çimmədik, vəhşiləşmişdik..."

- ƏSİR DÜŞƏRGƏSİ


http://ideologiya.az/wp-content/uploads/6fa0fb02be5a2d477ed5d0122903b118-300x228.jpg

Yeganə Əliyeva. 1974-cü il, dekabrın 31-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. 17 yaşında əsir düşüb

I hissə: http://bolge.info/Home/Details/8706

II hissə: http://bolge.info/Home/Details/8715

III hissə

***

Gözəlliyi ilə hamını heyran edən Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini Nərgiz on yeddi yaşında qucağına dünyanın ən böyük möcüzəsini – övladını almışdı. İlkinin adını Arzu qoydu. Sonra bir qız, iki oğul doğdu. Həyat yoldaşı vəfat edəndə böyük oğlu Arzu üçüncü sinifdə oxuyurdu. Dörd körpəni kasıbçılıqla tək böyütdü.  1992-ci ildə evinin böyüyü Arzu müharibəyə getdi...

Çox keçmədi ki, qapısını döydülər:

- Oğlunu... gətirmişik...

“Şəhid gəlib” xəbərini eşidən bütün kənd bu həyətə toplaşmışdı. Kimi saçını yolur, kimi üzünü cırırdı.

Nərgiz ana bayrağa bükülmüş tabuta yaxınlaşanda onu dövrəyə alan qadınlar geri çəkildi. Tabutun başında anaya yer ayırdılar... O isə tabuta baxdı, baxdı, baxdı... və dilləndi:

- Arzu deyil!

- Arzudu, Arzu... döyüşdə... dedilər tanınmaz hala düşüb...

- Mənim oğlum ölsə, birinci mən bilərəm! Arzu deyil...

Bütün kənd bu naməlum əsgəri öz övladı kimi son mənzilə yola saldı. Adı nə idi, bilən olmadı, amma bu həyatda kiminsə ARZUsu idi, ona görə də baş daşında Arzu yazdılar... Bəlkə o hələdə gözü itkin yolu çəkən bir ananın, bir bacının ARZUsudur...

35 yaşlı Nərgiz ana Ağdamla Şəmkir arasındakı yollarda şəkər xəstəliyi tutmuşdu. Hərbi hissələrdə ona “Oğlun ölüb” deməkdən yorulurdularsa, o “Ölsə, birinci mən bilərəm” deməkdən yorulmurdu...

Döyüşdə tanınmaz hala düşən dörd şəhid dünyadan Arzu adı ilə köçdü... Şəmkirin uzaq Zəyəm Cırdaxan kəndində düz dörd ARZU dəfn elədilər... 

...Sonuncu Arzunun qırxına üç gün qalırdı o məktub gələndə. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri “Qızınızdan sizə məktub var” deyəndə hamı çaş-baş qaldı:

- Mənim bir qızım var, balacadı... Özü də yanımdadır...

- Buyurun, oxuyun...

Yenə bütün kənd Nərgiz ananın həyətinə toplaşmışdı. 

Məktubu bircə nəfər oxumadı. Çünki o xəbəri eşidəndə qaça-qaça həyətdən çıxdı...

O Arzuya rus dili dərsi keçən sinif rəhbəri Bəşir müəllim idi... Bütün kəndin tərəddüd içində olduğunu görüb məktəbə qaçdı. Axtarıb Arzunun sinif dəftərini tapdı, Arzugilə qayıtdı. O gələndə hələ də kənd camaatı məktuba baxırdı:

- Məktubu mənə verin!

Qaçmaqdan təngnəfəs olan ağsaqqal Bəşir müəllim həyətdəki kötüyün üstünə çökdü. Nəfəsi kəsilirdi. Məktəbin anbarından tapdığı tozlu dəftəri də, məktubu da yanaşı tutub çoxdandı sevinci unudan kənd sakinlərinə şad xəbəri verdi:

- Eyni xətdir! Özüdür! Qız adından yazılsa da Arzunun xəttidir! Sağdır!

Qonşular yavaş-yavaş qırx mərasimi üçün qurduqları çadırı sökməyə başladılar...

***

Füzuli istiqamətində gedən döyüşlərdə ermənilər 80 nəfər itiriblər. Əsgərlərin yarısı ölüb, 12 nəfəri isə əsir düşüb. O dəstədən sağ qalıb geri qayıda bilən təkcə Dima adlı komandir, bir də ayağından yaralanan Qarik olub. Qarikin yaralı ayağını kəsirlər. Ermənilər “Siz bizi türklərə satmısız” deyərək onları tribunala verir. Ömrün qalanını həbsdə keçirməmək üçün Dima ilə Qarikin bircə çıxış yolu var idi – satqın olmadıqlarını sübut etmək. Bunu isə ancaq o döyüşdə sağ qalmış on iki əsgər sübut edə bilərdi. Onlar da hamısı əsir düşmüşdü. Bunun üçün əvvəlcə türk əsir tapmaq, sonra onları dəyişmək lazım idi.

Dima ailəsi ilə Tərtər rayonunun “Üçüncü sovxoz” deyilən ərazisində, azərbaycanlılarla bir yerdə yaşayıb. Müharibə başlayanda valideynləri, ailəsi Rusiyaya, Stavropola köçüb, özü isə orduya gedib eyni dili danışdığı türklərlə döyüşməyə başlayıb.

- Bizi Xocalının Ballıca kəndinə gətirdilər. Vaxtında bura məktəblilərin qaldığı düşərgə olmuşdu. Təsəvvür edin, necə gözəl mənzərəsi var idi. Meşənin düz ortasında... Ağdərədən qaçqın düşən ermənilər hamısı o düşərgədə məskunlaşmışdı. Dimanın qayınatası Vova, qayınanası Lyuda da orda yaşayırdı.

- Hər ikisi erməni idi?

- Yox, Lyuda rus idi. Bir də hərbçilər var idi...

Dima qayınanasıgildə yerləşdirdiyi əsirlərə ilk tapşırığını verdi:

- Sizi burda saxlayıb ailənizlə əlaqəyə çıxacam. Əgər sizi istəsələr, mənə mənim əsgərlərimdən tapıb verməlidirlər. Siz də ağıllı olun, oturun bir tərəfdə. Qaçmağa cəhd eləsəz, pis olacaq! Hansı biriniz qaçsaz, o birinizi güllələyəcəm! Qorxmayın, səbr edin, sizi dəyişəcəm! Amma gərək sizin adamlar da bizə Qariklə mənim satqın olmadığımızı sübut edəcək hərbçi tapalar...

- Qayınatasıgil sizinlə necə davranırdılar?

- Dima kişiyə tapşırdı ki, onlarla pis davranma, onlar mənim yeganə xilasımdı. İnanın ki, onların dərdləri özlərinə bəs idi. Elə miskin gündə yaşayırdılar ki... Yaşlı olsalar da təqaüd də almırdılar. Qaçqınlıq, səfalət... Hərbçi olduğu üçün Dimaya gün ərzində bir dəfə “tuşonka”, konserv verirdilər. O da öz payından bir az bizə verirdi. Qreçka tapanda suda qaynadırdılar, amma süzmürdülər... Odun yox, ocaq yox, “salyarka” tapıb gətirirdilər... Məşəqqət idi...

- Dimanın payı hamıya necə çatırdı?

- Hamısını yemirdik axı. Dima verən yeməyi 2-3 gündən bir yeyirdik ki, qurtarmasın. Lyuda gedib ağacların dibindən pencər tapıb yığanda bayram eləyirdi, gətirib onu sevinə-sevinə bişirirdi...

- Sizə də verirdi?

- İnsafən, verirdi. Onlar bizi incitmədilər.

- Yemək ancaq hərbçiyə verilirdi? Kənd camaatı, qaçqınlar...?

- Ancaq hərbçilərə! Onlara da qarın dolusu yemək vermirdilər. Hərbçilər gedib Kəlbəcərdən camaatın inəyini, qoyununu, toyuq-cücəsini tapıb gətirir, yeyirdilər.

- Qaçqınlar nə əcəb Kəlbəcərə “talan”a getmirdi?

- Hərbçilər heç kimə imkan vermirdi. Amma “talan”a gedəndə onlara kömək məqsədi ilə gedən kənd adamlarına bir qarınlıq pay verirdilər. Evlərin əşyalarını talan eləyib gətirib satıb pul eləyirdilər.

- Harda satırdılar?

- Xankəndində.

- Əsasən nə gətirirdilər?

- Televizor, soyuducu, xalça... Kəlbəcər camaatı varlı camaat idi, yazıqlar elə bil bu soyğunçular üçün alıb doldurmuşdular evlərini...

- Bəs alan olurdu?

- Olurdu... Amma xalq ac idi deyə əsas ərzaq gətirirdilər. Qarabağda heç kim evinə kilo ilə ərzaq almazdı. Hamının anbarında tayla un, şəkər, qənd, düyü olardı. Ermənilər o ərzaqları tapıb gətirir, gözlərinə təpirdilər. Birdən səhər yuxudan oyanırdın ki, düşərgənin həyətində 30-40 inək var. Ac qaçqınlar baxırdı, onlar qoyunu, inəyi kəsib yeyirdilər... Əgər kimsə daşımağa kömək eləmişdisə bir pay ona verərdilər. Səxavətləri bu qədər idi...

- Onda öz erməniləri də əsir günündə idi?

- Mən onların süfrədən tox qalxdığını, qarın dolusu yemək yediklərini görmədim. Yalandan deyə bilmərəm ki, onlar yedi, biz qaldıq. Qaçqınları çox ağır vəziyyətdə idi. Özləri isə Ağdamdan, Laçından, Kəlbəcərdən yığdıqları qəniməti yeyirdilər.

- Bəs geyim necə? Güllədən deşik-deşik olub cırılan paltarlarınızda gəzirdiz? Ayağınıza nə geyinirdiz?

- Əsirə ayaqqabı olmaz! Qaçmaq istəsən ayağın yaralansın, uzaq gedə bilməyəsən deyə... “Qırmızı xaç” bizə geyilmiş ayaqqabılar, paltarlar gətirirdi, onu da tutub əlimizdən alırdılar.

- Məsələn, əyninizə nə geyinirdiz?

- Mənə bir idman şalvarı vermişdilər, bir də kofta. Çirkləndi, yuyum, dəyişim söhbəti yox idi. Bir başmaq, bir də corab...

- Bəs corab cırılanda?

- Qalırdın ayaqyalın... Biz demək olar ki, orda corab geyinməmişik. Hava soyuq olanda toyuq ayağını altına yığıb yumurlandığı kimi, ayağımızı altımıza büküb bir tərəfdə otururduq...

- Yuyunmaq imkanı necə, var idi?

- Axırıncı dəfə evimizdə çimdiyim idi...

- Nə qədər elə qaldız?

- Hardasa altı ay o vəziyyətdə qaldıq... Elə su tapanda ayaqlarımızı yuyurduq... Vəhşiləşmişdik... İnsan hər şeyə öyrəşir... Təxminən altı aydan sonra “Qırmızı xaç” gəlib bizi tapdı, paltar, sabun, diş fırçası, peçenye gətirdi... Arvad tez peçenyeləri götürdü ki, bunların hamısını oğluma verəcəm, balaları acdı...

- Oğlu da var idi?

- Xankəndində yaşayırdı, bir qolu yox idi, üç övladı var idi. Qızı da Dima ilə evli idi, Rusiyada yaşayırdı...

- Orda da sizi döyürdülər?

- Xəyanət ittihamına görə Dimanın özünü elə incidirdilər ki, canı boğazına yığılmışdı. Bizi qoruyurdu, həftədə 2-3 dəfə döyüşə gedib gəlirdi. Bir dəfə Arzu Vova ilə uzaq kəndə su gətirməyə gedib. Arzu bir az sağalmışdı deyə onu aparıb qapılarında da işlədirdilər... O vaxt Dima Kəlbəcərdən bir kisə kartof tapıb gətirmişdi, arvad dedi aparaq bunu əkək.

- Siz o qolla əkin sahəsində necə işləyirdiz?

- Bəs neyləyim...?

Davam edəcəkdi... Amma sağ əlini uzadıb sol çiyninə çəkdi, çəkdi... 22 il əvvəl onu dəlib keçən güllənin yerini sığalladı, sığalladı və birdən hıçqıraraq ağlama başladı...

Əlləri əsirdi... (Davamı olacaq)

Vüsalə Məmmədova

Lent.az