FLAŞ


10 günə dünyanın iqtisadi taleyi həll olunacaq


http://axar.az/cdn/2016/march/10/1457604663.jpg

Yaxın 10 gün dünyada mərkəzi bankların həlledici söz sahibi olacağı günlərdir. Dünya iqtisadiyyatına yön verəcək, şəkilləndirəcək hadisələr gözlənilir. Bu gün Bakı vaxtı ilə 16:30-da Avropa Mərkəzi Bankının qərarları açıqlanacaq, sonra da Mario Draqi (bankın sədri – red.) mətbuat qarşısına çıxacaq.


Axar.az xəbər verir ki, bu barədə Feysbukda iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

Ekspert bazarların “Super Mario” ləqəbli Draqidən iqtisadiyyatı təşviq edəcək qərarlar gözlədiyini bildirib:

“1) Bazarlar AMB-dən uçot dərəcəsini 0,10, ya da 0,20% aşağı çəkməsini gözləyir. Yəni AMB öz səlahiyyət daxilindəki banklara indi 0,30%-lə kredit verir. Bu o deməkdir ki, banklara 100 avro borc verir, banklar geriyə 99,70 avro qaytarır. Yəni faiz almır, əksinə alınan pul azalaraq geri qaytarılır. Bu da iqtisadiyyatı canlandırmaq üçündür. 2) Aylıq iqtisadi təşviq proqramının 60 mlrd. avrodan 80 mlrd. avroya qaldırılması istənilir. AMB hər ay 60 mlrd. dollarlıq birjalardan aktivlər, qiymətli kağızlar alır. Bu proqram aylıq 80 mlrd. avroya qalxa bilər ki, bu da şirkətlərə əlavə stimul və likvidlik gətirə bilər. Əgər “Super Mario” bu addımları atsa, avro dollar qarşısında ucuzlaşmağa başlayacaq, dollar bahalaşacaq”.

Ekspert bildirib ki, martın 15-də isə ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FES) toplantısı olacaq:

“Bu dəfə meydana Canet Yellen (FES-in rəhbəri – red.) çıxacaq, bütün dünya nəfəsini tutub, o toplantını izləyəcək. Əgər FES uçot dərəcəsini, faizi bu dəfə artırsa, dollar daha da bahalaşacaq. Təxminim odur ki, FES bu dəfə faizi artırmayacaq, amma gələcək aylarda artıra biləcəyinin güclü siqnalını verəcək”.