FLAŞ


Neft-dollar-manat üçbucağında son durum nə vəd edir...


http://musavat.com/data/largenews/dir344/img2027095.jpg
Azərbaycan iqtisadiyyatında son zamanlar bütün proseslər bu üç söz üzərində - neft -dollar - manat ətrafında cərəyan edir. Neftin ucuzlaşması ölkəyə valyuta daxilolmalarının həcmini azaltdı və manatın ucuzlaşması baş verdi. Güman olunurdu ki, neftin bahalaşması manata yenidən həyat verə bilər. Lakin son 3 gündə baş verən proseslər göstərdi ki, hələ ki manatı dollardan xilas etməyə neftin gücü çatmır. 
 
Belə ki, dünya bazarında neft bahalaşaraq 40 dollarlıq psixoloji həddi keçib. Son hərraclarda “Brent” neftinin qiyməti 41, 46 dollara yüksəlib. Hazırda Azərbaycan nefti də birjalarda 40 dollardan baha satılır. Manat isə əksinə olaraq , bu ay bir neçə dəfə cüzi də olsa ucuzlaşıb. Mərkəzi Bankın  4 mart tarixində müəyyənləşdirdiyi məzənnəyə görə, 1  dollar -1,6019 7 manat, 7 martda 1 dollar  - 1,6105 manat, 9 mart tarixində isə 1 dollar - 1,6228 manat olub.
 
Görünən odur ki, manat dollar qarşısında dəyər itirməkdə davam edir. 
 
Bəs görəsən, neftin bahalaşması niyə manatın stabilləşməsinə gətirib çıxartmadı? Manatın ucuzlaşmasına səbəb olan amillər nələrdir? Dünyadakı hazırkı iqtisadi-siyasi mənzərəni nəzərə alsaq, neftin qiyməti bahalaşmaqda davam edəcəkmi? 
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neft 50 dollara qədər bahalaşsa, bu manatın məzənnəsinin sabitləşməsi üçün əsas ola bilər: “Neftin bahalaşması müvəqqəti haldır. Ancaq neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün neftin bahalaşması xeyirli haldır. Neft nə qədər baha olsa, bir o qədər dövlət büdcəsinə əlavə vəsait cəlb etmək olar. Neftin bahalaşması həmçinin manatın dəyərdən düşməsinin qarşısını ala bilər. Qiymətin son bir həftədə 33 dollardan 41 dollara qədər yüksəlməsi bu mənada sevindirici  haldır. Lakin bunun daimi olacağını demək çətindir. Artıq İran nefti dünya bazarına çıxarılıb”.
 
Deputatın sözlərinə görə,  hasilatın azaldılması ilə bağlı söhbətlər də neftin qiymətinə təsir edir: “Bu yaxınlarda Rusiya da neft hasilatının azaldılması ilə bağlı  toplantı keçirdi. Əlbəttə, ümumi razılığa gəlmək mümkün olsa, neftin bahalaşması istiqamətində müəyyən proses baş verə bilər. Amma bu bir  qədər inandırıcı deyil. Prosesi izləmək lazımdır. Neftin qiyməti ilə bağlı hasilatçı ölkələrin mövqeyi əsas rol oynayacaq. Bu, onların hansı razılığa gələcəklərindən asılı olacaq. Hələlik ümumi qərar yoxdur, yalnız danışıqlar aparılır. Bu qiymət artımları isə o danışıqların nəticəsi olaraq ortaya çıxır. Neft birjaları o qədər həssasdır ki, istənilən məlumatlar neftin qiymətinə təsir göstərir. Bu qərarlar həm də siyasi proseslərdən asılı olacaq. Rusiya ilə bağlı ABŞ-ın mövqeyi də burada önəmli məsələdir. Mənim fikrimcə, mart ayında neftin qiyməti ilə bağlı müəyyən məsələlərə aydınlıq gətiriləcək”. 
 
 
Məclis üzvünün sözlərinə görə, neft bahalaşsa, dövlət büdcəsinə yenidən baxılması mümkündür: “Büdcəyə yenidən baxmaq elə də ciddi problem deyil. Bizim elə layihələrimiz var ki, büdcədə neftin qiymətinin aşağı həddə salınması ilə bağlı saxlanıldı. Neft gəlirləri kəskin artarsa, neftin qiyməti 50-60 dollara yüksələrsə, həmin layihələrə yenidən baxmaq olar. Buraya sosial layihələrə, əmək haqqı və pensiyaların artırılması da daxildir. Bu məsələlərə də yenidən baxıla bilər. Ancaq neftin qiyməti 40-45 dollar arasında qalarsa, bu baş verməyəcək”. 
 
İqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, neftin dünya bazarında qiyməti hələlik manata təzyiqi azaltmaq səviyyəsində deyil: “Təbii ki, neft bahalaşıbsa, bu, manatın möhkəmlənməsi baxımından müsbət haldır. Söhbət yalnız psixoloji həddi keçməkdən gedir. Nəzərə alsaq ki, Azərbaycan hökuməti psixoloji həddi 40 dollar müəyyənləşdirmişdi, o zaman neftin dünya bazarındakı qiymətinin 40 dollardan yüksək olması manat üçün müsbət haldır. Lakin hələlik milli valyutamızın möhkəmlənməsinə təsir edəcək səviyyədə deyil. Neftin qiyməti təxminən 70 dollardan yüksək olduğu zaman manatın məzənnəsi üçün həlledici ola bilər. O zaman manata olan təzyiqlər azalar və manatın məzənnəsi stabilləşər”. 
 
 
Ekspertin sözlərinə görə, indiki məqamda manata təzyiq yüksək olaraq qalmaqdadır: “İndiki dövrdə neftin dünya bazarındakı qiymətinin 40 dolları keçməsinə baxmayaraq, dollara tələbat yüksəkdir. Bu gün manatın zəifləməsinin də əsas səbəbi dollara tələbatın artmasıdır. Dollara tələbin artmasının da iqtisadi və psixoloji tərəfləri var. İqtisadi səbəb ondan ibarətdir ki, yanvar və fevral aylarında idxalın azalması, fevral ayının sonunda idxalın stabilləşməsi və ölkəyə daxil olan   məhsulların həcminin müqayisəli şəkildə artması dollara tələbatı artırır. Çünki idxal dollara tələb deməkdir və idxalın artması tələbatı artırır.  İdxalla məşğul olan sahibkarlar bazarda dolları formalaşdırırlar.
 
Manatın ucuzlaşmasının digər səbəbi isə Mərkəzi Bankın dollara olan tələbi tam olaraq ödəyə bilməməsidir. Mərkəzi Bank qeyd edir ki, qrafikə uyğun olaraq hərraclara valyuta çıxarır. Ancaq mövcud qrafik Mərkəzi Bankın dollara olan tələbi ödəməsi üçün yetərli deyil. Bəzi hərraclarda bankların sifarişləri Mərkəzi Bankın təklifindən çox olur. Bu səbəbdən manatın məzənnəsində azalmalar baş verir". 
 
V. Bayramov onu da vurğuladı ki, manatın məzənnəsinə təsir göstərən digər faktorlardan biri də psixoloji faktorlardır: “Mərkəzi Bankın çox pozitiv açıqlamaları belə, manatın məzənnəsinə təsir göstərmir. Mərkəzi Bankın sədrinin son açıqlamasından  sonra manat hər gün əvvəlki günə nisbətən dəyər itirir. Bu da sözsüz ki, psixoloji faktorla bağlıdır. 
 
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmaqda davam etməsi və artıq 4 milyarda yaxınlaşması da bazara təsir göstərir. Bu da bazara təsir edir və manata təzyiqləri artırır. 
Hazırda dollara tələb artıb. Çünki idxal-ixracla məşğul olan sahibkarlar dollar istifadə edir, həmçinin yığımda da dollara üstünlük verilir. Bu tələbin ödənilməsində də çətinlik qalmaqdadır". 
 
İqtisadçının fikrincə, neftin qiyməti artmaqda davam edərsə və bir barelinin qiyməti 70 dollar ətrafında stabilləşərsə, bu,  manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxara bilər: “Neftin hazırkı qiyməti manatın sabitləşməsi üçün yetərli deyil. İndiki halda neftin bahalaşmasının həm iqtisadi, həm  də psixoloji səbəbi var. İqtisadi səbəbi odur ki, ABŞ hasilatı azaldıb və hasilatın aprel ayında gündəlik olaraq 100 min barel azaldılacağı ilə bağlı açıqlama verilir. Bu da  bazara təsir göstərir və qiymətlərdə artım baş verir. Eləcə də OPEK ölkələri hasilatın dondurulması ilə bağlı qərar qəbul edilməsi haqda müzakirələr aparırlar. OPEK-in Qətərdə yeni bir toplantısının keçiriləcəyi proqnozlaşdırılır. Bu görüşdə də hasilatın dondurulması məsələsinin müzakirə olunacağı gözlənilir. Düzdür, hasilatın  dondurulması heç də hasilatın  kəskin azalması deyil, lakin bunun da bazara təsiri var. Bu artıq bazara bir siqnaldır ki, hasilat artmayacaq. Bazar da bu siqnala qiymətlərin artması ilə cavab verir”. 
 
Vüqar Bayramov onu da dedi ki, neftin qiymətinin hansı səviyyədə artacağı isə OPEK-in qəbul edəcəyi qərardan asılıdır: “ OPEK mart ayında hasilatın azaldılması ilə bağlı qərar qəbul edərsə, o  zaman bu, qiymətlərin yenidən bahalaşmasına gətirib çıxara bilər. Təbii ki, biz əvvəlki qiymətlərin qayıdacağına inanmırıq. Bu real görünmür. Ancaq təbii ki, qiymətlərin 60-70 dollar civarında stabilləşməsi mümkündür. Əgər OPEK hasilatın azaldılması ilə bağlı qərar qəbul edərsə, bunun reallaşması mümkündür. Ancaq OPEK hasilatı azaltmazsa, neft bahalaşmayacaq. Bu baxımdan, neftin qiymətinin hansı istiqamətdə formalaşması OPEK-in qərarından asılıdır”.