FLAŞ


Yeni dövrün icra başçıları necə olmalıdır?


http://musavat.com/data/largenews/dir343/img2023330.jpg

Arzu Nağıyev: “Daha modern insanlar, xaricdə oxumuş tələbələr icra başçısı ola bilər”; Mehman Əliyev: “İdarəetmə sistemini saxlayıb, icra başçılarını dəyişməklə heç nə həll olunmayacaq” 

İqbal Ağazadə: “Biz hakimiyyətdə olsaydıq, icra başçısı institutunun səlahiyyətlərini minimuma endirərdik”

Martın 3-də ölkə başçısının sərəncamı ilə Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları tutduqları vəzifədən azad ediliblər. Bunun ardından Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev mətbuata açıqlama verərək bildirib ki, prezident yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir. 
 
Bundan başqa, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulamışdı ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar. Sadalanan bu məlumatlardan istifadə edərək deyə bilərik ki, hökumət icra başçıları ilə bağlı fəaliyyətində yeni siyasi yanaşma ortaya qoymaqdadır. İqtidarın idarəetmə strukturlarında islahatlara məhz icra başçısı postundan başlaması da təsadüfi deyil. Çünki siyasi iqtidarlar üçün icra hakimiyyəti strukturu ön cəbhə sayılır və  hökumətlə xalq arasında əsas təmas nöqtəsidir. Ona görə də orada olan kadrların keyfiyyəti, müasir dünyagörüşü və texnologiyadan istifadə bacarıqlarının böyük əhəmiyyəti var. Prezident İlham Əliyev də bildirib ki, hökumət strukturları asanlaşacaq. Ekspertlər də bunun vacibliyini qeyd edirlər. 
 
Qeyd edək ki, hazırda xaricdə təhsil almış, yüksək ixtisaslı gənclər var ki, onların da potensialından istifadə etmək olar. Hökumətdə belə bir dəyişikliyin olması , gənclərin vəzifəyə gəlməsi şansı varmı?
 
 
Bu mövzuda “Yeni Müsavat”a açıqlama verən politoloq Arzu Nağıyev bildirdi ki, daha müasir təfəkkürlü və daha bacarıqlı kadrların icra başçısı postuna gətirilməsinə ehtiyac var: “Ölkə başçısı da çıxışlarında dəfələrlə qeyd edib ki, artıq bu strukturlarda yaradıcı insanların, rayona vəsait gətirməyi bacaran, müasir texnologiyadan, texnikadan başı çıxan şəxslərin gətirilməsi daha doğrudur. Yəni hansısa qruplaşmalara xidmət edən, öz şəxsi mənafeyini güdən şəxslərin gətirilməsi məqsədəuyğun deyil. Bu son zamanlar ölkə başçısının, regionların sosial-iqtisadi inkişafı ilə bağlı çıxışlarında da təkrarlanırdı. Eyni zamanda Nazirlər Kabinetinin iclasında da bu məsələni dəfələrlə qeyd etmişdilər. Son vaxtlar icra başçıları sanki özlərini birinci şəxs kimi aparmaqla xalqla hökumət arasında narazılıq yaratmağa başlamışdılar. Məhz o cür kadrlardan birdəfəlik imtina etmək lazımdır. Bu kadr siyasətini dəyişmək bu gün prioritet istiqamətlərdən biridir. Mən düşünürəm ki, daha modern insanlar, xaricdə oxumuş tələbələr də icra başçısı ola bilər. Həmçinin rayonda hər hansı dövlət strukturunun inkişafı üçün müvafiq bilik və bacarığı olan şəxslər də ola bilər. Bu sahədə müvafiq addımlar atılmalıdır. Yəqin ki, buna görə də aparıcı rəhbərlərin vəzifələrindən çıxarılması bu gün artıq pik nöqtəyə çatıb”. 
 
İcra hakimiyyətinin bələdiyyələrlə əvəzlənməsinə gəlincə, politoloq bildirdi ki, bu, zaman və ciddi islahat tələb edən bir işdir: “Bəzi ekspertlər icra hakimiyyətlərinin bələdiyyə hakimiyyəti ilə əvəzlənməsini irəli sürürlər. Lakin bunun üçün bir neçə mərhələli işlər görülməlidir. Son vaxtlar bu istiqamətdə bir sıra qanunlar hazırlanır və həmin qanunların qəbul olunması istiqamətində iş gedir. Bələdiyyə hakimiyyətinin formalaşması üçün bələdiyyə torpaqları ayrılmalıdır, dövlət torpaqları ayrılmalıdır, bundan sonra da müvafiq addımlar atılmalıdır. Bələdiyyə seçkilərinin keçirilməsi forması, bələdiyyə üzvlərinin sayı istiqamətində müvafiq addımlar atılmalıdır. Bunlar artıq Milli Məclisdə müzakirə olunur. Lakin bu qısa müddətdə başa gələn iş deyil. Xarici dövlətlərdə də bələdiyyə başçıları var, icra nümayəndələri də var. Türkiyə və Avropa ölkələrində də hər iki təcrübədən istifadə olunur. Hakimiyyətin necə olmasından asılı olmayaraq, onlar insanların rifahına xidmət etməli və regionların vəziyyətinin yaxşılaşdırılması istiqamətində faydalı olmalıdır”. 
 
 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında problemin kadrlarla deyil, idarəetmə strukturu ilə bağlı olduğunu vurğuladı: “2000-ci ildən Avropa Şurasına qoşulanda artıq biz islahatlara başlamalı idik. Çünki o zaman bələdiyyə seçkilərinin keçirilməsi tələblərdən biri idi. Bizdə isə hələ də sovet quruluşunun idarəetmə sistemi qalıb. Bu, anaxranizmdir. Əgər ölkədə bələdiyyə sistemi olsaydı, azad və ədalətli seçkilər nəticəsində yerli sakinlər özlərinə həmin bölgəni idarə etmək üçün sədr və idarə heyəti üzvləri seçsəydilər, onların seçicilər qarşısında məsuliyyəti olsaydı, onda vəziyyət tamamilə fərqli olardı. O zaman başçı seçicilər qarşısında hesabat verəcəkdi, yenidən seçki keçirildiyi zaman rəqabət olacaqdı. Kim xalqa daha yaxşı xidmət etsəydi, o seçiləcəkdi. Bu baxımdan hazırkı sistem ləğv olunmalıdır. Sistemi saxlayıb, icra başçılarını dəyişməklə heç nə həll olunmayacaq. Bütün Avropa ölkələrində bələdiyyə sistemi fəaliyyət göstərir. Düzdür, orada da prezidentin nümayəndələri var, lakin hər rayon üzrə yox, sadəcə, vilayət üzrə. O heç bir rayonu idarə etmir,  sadəcə, prezidentin qəbul etdiyi qərarlara necə əməl olunmasına nəzarət edir. Bizdə başçılar seçki yolu ilə seçilmir, təyin edilir, ona görə də xalq qarşısında məsuliyyət daşımır, heç kimə cavabdehliyi yoxdur. Bu mənada bölgələrdə vəziyyət pisdir, insanlar narahatdır, narazıdır. Ona görə də harada narazılıq çoxdur, həmin icra başçılarını çıxarırlar”. 
 
Ümid sədri İqbal Ağazadə də icra başçısı institutundan imtina etməyin və onu seçkili orqanla əvəz etməyin vacibliyini qeyd etdi: “Biz hakimiyyətdə olsaydıq, ümumiyyətlə icra başçısı institutunun səlahiyyətlərini minimuma endirərdik, bələdiyyələrin statusunu qaldırarıq. Ölkəni seçkili orqanlar idarə edər, icra başçıları isə daha çox prezidentlərin yerlərdəki nümayəndəsi kimi fəaliyyət göstərər. Ona görə də mən hesab etmirəm ki, bu gün icra başçısı kimlər təyin olunmalıdır məsələsində hansısa bir mövqe ifadə edilsə, hansısa prosesləri dəyişəcək. İdarəetmə sisteminin özünü dəyişmək lazımdır. Dəyişməyəndən sonra hansı kadr olmasından asılı olmayaraq, o kadr nəhayətdə sistemin siyasətini həyata keçirəcək. İcra hakimiyyətlərinin vəzifədən çıxarılmasına gəlincə, ikisinin vəzifədən azad olunması heç də yeni yanaşma tərzi və komandanın dəyişməsi deyil. Bu, sıradan bir hadisədir. Dəfələrlə olub ki, icra başçıları vəzifədən çıxarılıb və ya yerləri dəyişdirilib, ancaq ümumilikdə heç nə dəyişməyib”.(musavat.com)