FLAŞ


Dünya mediasında Qarabağda müharibə haqda yazıların çoxalmasının sirri


http://musavat.com/data/largenews/dir322/img1940825.jpg

Qabil Hüseynli: “Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər”

 

Son günlər Rusiya və ABŞ mediasında Qarabağ müharibəsinin başlayacağı barədə yazıların çoxaldığı müşahidə olunur. Xəbərlər və şərhlər şəklində dərc olunan yazılarda Azərbaycanla Ermənistanın iqtisadi imkanları, ordularının gücü müqayisə edilir, bölgədə yaranmış geosiyası situasiyanın Qarabağda müharibəni tətiklədiyi qeyd olunur. 
 
Məsələn, ABŞ-ın nüfuzlu “The Washington Times” nəşrinə görə, Rusiya Ermənistanı Türkiyə ilə münaqişəyə sürükləyir, bu durum isə Qarabağda da müharibəni alovlandıracaq: "Təhlükə var ki, Moskvanın az öncə atdığı addımlar Qafqazda etnik müharibəni qızışdırsın. Xüsusən də söhbət Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizəsindən gedir. Görünür, Rusiya indi öz təsirini “üzə çıxarmaqla” Ermənistandan tələb edir ki, Türkiyənin düz yaxınlığında öz hərbi mövcudluğunu genişləndirsin".
 
“Eurasiyanet” nəşri isə yazıb ki, əgər Ermənistan Rusiyanın Türkiyəyə qarşı mübarizəsində iştirakda naz eləsə, Rusiyanın Qarabağda rıçaqları var ki, donmuş münaqişəni Azərbaycanın xeyrinə həll eləsin.
 
Rusiya baş nazirinin müavini, hərbi sənayeyə cavabdeh olan Dmitri Roqozinin Bakı səfərinə diqqət çəkən“Ruskaya planeta” portalı isə yazır ki, 2010 - 2014-cü il dövründə Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma imzalayıb. Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, “Tor-2ME”), özüyeriyən artilleriya quraşdırmaları (“Msta-S”), ağır oqnemyot sistemləri (“TOS-1A”), yaylım atəşinin (“Smerç”) reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu.
 
Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıq olduğunu qeyd edir. Həmçinin qeyd edilir ki, Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır: ““GlobalFirePower” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. Azərbaycanın ordusunu gücləndirməsi şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir. Ermənistan Azərbaycan silahlı qüvvələrinin təzyiqi qarşısında dayanmayacaq".
 
Rusiya və ABŞ mediasında son günlər Qarabağ müharibəsinin başlanacağı barədə bu tipli yazıların arxasında dayanan məqamlar barədə politoloq Qabil Hüseynli bildirdi ki, müharibə təhlükəsinin olduğu hay-küyünü yaradanlar bir qədər şişirtməyə yol verirlər. Bu gün nə Azərbaycan, nə də Ermənistan müharibə istəyində görünmür və müharibə arzulamır. Amma böyük güclərin bəziləri, məsələn, Rusiya müharibənin başlamasını arzulayır. 
 
Çünki müharibənin başlaması regiona Rusiyanın daxil olması və burada hegemonluğunu daha da artırması üçün əlverişli şərait yaradır: “Ona görə də Rusiya mediasında müharibə başlayacağı, Azərbaycanın müharibədə Ermənistana sarsıdıcı zərbələr vuracağı, Qarabağın qısa zamanda geri alınacağı barədə fikirlər yazmaqla ölkəmizi sanki müharibəyə təhrik etmək istəyirlər. Bunlar çox hiyləgər və altında öz strateji maraqlarını güdən məqamların gizləndiyi təhrikedici yazılardır. Məncə, belə yazılar bir mənbədən istiqamətləndirilir. Ona görə də əksər mətbu orqanlarda eyni nöqtəyə vurulur”.
 
 
Politoloq vurğuladı ki, Amerika mediasında gedən yazılar isə Rusiyanın təhrikedici mövqeyini əsas tutaraq yazılan yazılara bənzəyir: “ABŞ bölgədə müharibə istəmir. Ona görə ki, bu bölgədə Amerika şirkətləri böyük məbləğdə, 50 milyard dolları keçən sərmayə yatırıblar. Müharibə olsa bu sərmayələr təhlükə altına düşə bilər. Rusiya da məhz ABŞ, Britaniyanın bu bölgədə möhkəmlənməsinin qarşısını almaq və Qərbin bu bölgəyə iqtisadi sərmayə yatırmaması üçün məhz belə təhrikedici məqalələrlə çıxış edir”.
 
Q.Hüseynli, bununla belə, onu da söylədi ki, Rusiya mediasının Azərbaycanın ordusunun Ermənistan ordusundan güclü olmasını yazması həqiqətdir: “Bəli, Azərbaycan ordusu güclüdür. Rusiya ordusunun müdaxiləsi olmasa, Azərbaycan çox qısa müddətdə öz ərazi bütövlüyünü təmin eləyə bilər. Bu, bir faktdır. Hələ bu fakt uzun müddət öz təsir gücünü qoruyub saxlayacaq. Amma məsələ burasındadır ki, son vaxtlar Rusiya Ermənistanı güclü surətdə hərbiləşdirməyə başlayıb. Ermənistandakı hərbi kontingentinin şəxsi heyətini iki dəfədən çox artırıb. Baş verənlər onu deməyə əsas verir ki, Rusiya Ermənistanı müharibəyə hazırlayır. Birinci Qarabağ müharibəsi zamanı da Rusiyanın bu rolu oynadığının şahidi olduq. Ruslar bilavasitə ermənilərlə çiyin-çiyinə, hətta ermənilərin önündə torpaqlarımızın işğal edilməsində iştirak edirdilər. İndi isə yenə də onlar suyu bulandırıb bulanıq suda balıq tutmaq istəyirlər. Zənnimcə, hələ Azərbaycanın hərbi varianta əl atması üçün lazımi şərait yaranmayıb”.
 
"Yeni Müsavat"