FLAŞ


Restoranda sevişmə, çıraq işığında sevgi etirafı, qarda itirilən səadət...

- ƏSİR DÜŞƏRGƏSİ - I YAZI


http://news.lent.az/upload/images/news/2014/september/16/small/e7299048ffd037d0edcc47498fe897ca.jpg

Gənc musiqiçinin acı dramı başladı...

Növbəti qəhrəmanımız Xocalı sakini Valeh Hüseynovdu. Onu rabitəçi Dürdanə Ağayevanın hekayəsindən tanıyırsız. Onunla söhbətdə ilk dəfə idi ki, müsahibimin qarşısında özümü saxlaya bilməyib ağlayırdım...

***

Rusiya. Azərbaycanlıların restoranı. Ofisiantlar masalara xidmət edərkən, adətləri üzrə müştərilərin söhbətlərinə qulaq asmağa çalışırdılar... Onlardan ən gənc olanı masaların birindən ayrılıb, gitara çalan orta yaşlı adama arxadan yaxınlaşıb, qulağına pıçıldadı:

- Sonra burda yekə-yekə danışırsan ki, bizim qızlar belədir, elədir... Erməni bizim düşmənimizdir... Bax, o küncdəki masada əyləşən sevgililər var e, o bir-birindən qopmayanlar, qız sizinkidi, ona yapışan oğlansa erməni...

Musiqiçi gitaranı çala-çala üzünü çevirib ofisiant göstərən istiqamətə baxdı. Həmin anda onun gördüyü mənzərə elə idi ki, o qızın azərbaycanlı olması mümkün deyildi. Ona görə heç bir azərbaycanlı qızı erməni oğlanın qolları arasında belə məst ola bilməzdi...

Gitaraçının rəngi ağardı. Özündən asılı olmayaraq titrəməyə, dili topuq vurmağa başladı:

- Geeet, mənim... adımdan de ki, bu saat burdan rədd olub getsinlər...

Ofisiant musiqiçinin düşdüyü haldan qorxub tez ordan uzaqlaşdı. Sakitcə həmin masaya yaxınlaşıb, nə dedisə, oğlan tez qalxıb restoranı tərk elədi. Qız isə əsəbi görünürdü. Ayağa qalxıb canından can qoparılmış kimi qışqırdı:

- Kimdi o? Hansıdı? Göstər görüm mənə!

Ofisiant duruxub qalmışdı... Qızın onlara hücum etdiyini görən gitaraçı heyrətə gəlmişdi. Yerindən təpənə bilmirdi. Elə bil bir əl onun boğazından yapışıb sıxırdı. Gitara qucağından sürüşüb yerə düşmüşdü... Musiqiçi dostları onun başına toplaşıb, yardım etməyə çalışırdılar. Kimi onun üzünə su vurub özünə gətirməyə çalışır, kimi yaxasını açıb nəfəs almasına kömək etmək istəyirdi. Gözünün qarşısında bir insanın ölüm ayağında olmasını vecinə almayan qız isə bağırırdı:

- Sən kimsən? Sənə nə qalıb kiminlə görüşürəm? Millət dərdi çəkən olmusan?

Musiqiçini məhv edən qulağına gələn bağırtı idi. Qız isə  bu məsələnin burda qalmayacağını, onun atasına cavab verməli olacaqlarını bildirirdi. Gitaraçının qulağına qaranlıq dünyadan gələn qız bağırtısı isə artdıqca artır.  Gitaraçının titrətməsi güclənirdi. Bağıran qız səsi lap yaxınlaşırdı. Səs divarın o üzündən, yanlarındakı kameradan gəlirdi. Erməni təcavüzünə tab gətirə bilməyən 20 yaşlı qızın bağırtısı onun bütün varlığını parçalayırdı... Sevgilisi tərəfindən masada tərk edilən, səadəti yarımçıq qalan gənc qızın hay-küyü gitaraçını 22 il əvvələ qaytarmışdı...

Gitaraçının gözü qəfil bir az əvvəl əlindən yerə düşən gitarasına sataşdı. Qulaqlarını deşən bağırtı qəfil kəsildi. Yer üzündəki ən məlahətli, qayğıkeş səs eşidildi:

- Valeh, gitaranı götür bir şey çal... Sənə sürprizim var...

***

Gənc qadın əlindəki çıraqla onun qarşısında dayanmışdı. Çırağın işığı bir az gecəni, bir az da qadının üzünü işıqlandırırdı. Bu gözəllik ən zəif işıqda belə Valehin gözünə görünəndə onun ağlını başından alırdı.

Valeh çırağı bir az qabağa, Səadətin üzünü daha yaxşı görə biləcəyi yerə çəkib, gitarasını götürdü...

Gənc qadın utana-utana qucağında gətirdiyi dəftəri açıb, onun müşayiəti ilə şeir oxumağa başladı... İlahi, Valeh altı aydır bir ömrü paylaşdığı qadını bu qədər yaxından tanımırmış...

Bir kişi bu qədərmi sevilə bilərmiş? Bir qadın bir kişiyə belə şeirmi yaza bilərmiş?

Səadət şeri  güclə oxuyurdu. Qəhərdən boğulurdu. Çıraq işığında yanaqları parıldayır, göz yaşlarını büruzə verirdi... Səadət heç vaxt Valehi sevdiyini dilinə gətirməmişdi. Bu ilk dəfə idi...

Toydan bir az sonra Xocalı blokadada olduğu üçün Valeh anasını, bacılarını və Səadəti Ağdamdakı xalasıgilə aparmışdı. Tez-tez yanlarına gedib gəlirdi. Son səfərində Səadət əl çəkməyib, onunla getmək istədiyini bildirmişdi. Valeh israr edəndə, onun bir kəlməsi qarşısında aciz qalmışdı:

- Ölsəm, sənin yanında öləcəm. Qalsam da, ancaq sənin yanında qalacam...

Bu sözdən sonra Valeh anası ilə Səadəti evə qaytarmışdı. Yanvar ayının sonları idi. Gecənin sakitliyində Səadətin şeirləri, Valehin segahı onlara çoxdan unutduqları hüzuru vermişdi.

Bu hüzuru küçədən gələn atışma səsləri pozdu.

Tez ayağa qalxıb, əyinlərini qalın eləyib, silahlanıb, qalan neftə qənaət etmək üçün çırağı söndürüb, evdən çıxdılar...

Evdən çıxarkən Valeh avtomatını çiyninə atanda, atasının posta çıxarkən özü ilə götürdüyü babadan qalma ov tüfəngini də Səadətin çiyninə asdı. O Səadətə çox sərrast nişan almağı öyrətmişdi...

***

Gözləri dolur, davam edə bilmir...

- O vaxtlar Səadət xanımın neçə yaşı var idi?

- On doqquz. O 1972-ci ildən idi, mən isə 1968-ci ildən...

- O da Xocalıdan idi?

- Hə, kiçik bacımla bir sinifdə oxumuşdular.

- Neçə bacınız var?

- Dörd bacının bir qardaşıyam. Bir bacım məndən böyükdü, o biriləri isə kiçik.

- Bacılar ailəli idi?

- İkisi ailə qurmuşdu. Biri Laçına ərə getmişdi, biri isə Rusiyada yaşayırdı... İki kiçik bacımı isə lap əvvəldən çıxartmışdıq ki, əl-ayağa dolaşmasınlar. Axı atamla iki gündən bir posta gedirdik...

Müharibə qadın yeri deyil! Kişidən arxayınsan, deyirsən vuracaq, döyüşəcək, qaçacaq, uzaq başı əsir düşəcək! Qadın isə müharibədə yükdür, məsuliyyətdir. O vaxt hərə öz qadınından ötrü boğazından bir patron asıb saxlamışdı ki, erməninin əlinə düşəsi olsa...(Gözləri dolur... Susur...) Deyirdik birdən patronumuz qurtarar... Boğazımızdakı son patron onlardan ötrü idi, qadınımızdan ötrü... Kişi onda sınır ki, qadınını qoruya bilmir...

- ...Nə qədər çətin olsa da sizə hamısını danışacam.  Kaş, heç olmasa o dəftər əlimdə olaydı... O mənə ən böyük təsəlli olardı...

Gözləri yenə dolur... Kim deyir ki, sevgi ölür? Onu deyənlər heç vaxt sevməyib...

Həmin gecəyə qayıdırıq...

- Səadətlə birtəhər gizlənə-gizlənə gedirdik. Əmim uşaqları ilə tapışdıq.

Qarqar çayına çatdılar. Valeh posta gedəndə geyindiyi dizə qədər olan içi yun rezin çəkməsində çaya girdi. Səadəti çiyninə alıb çaydan keçirmək istəyirdi.

- Valeh, nə olar birinci o qadını keçir... Bax, yaşlı qadındı... Çay onu aparacaq...

Valeh həmin yaşlı qadını çiyninə alıb çayı keçirdi. Geri qayıdanda Səadət körpə uşağı olan bir qadını yanında saxlamışdı:

- Ona da kömək eləyək, nə olar... Suya girsə ayaqları donacaq... Sonra mən...

Beləcə, Valeh ən sonda Səadəti çiyninə alıb çayı keçirdi.  Çiynindən düşməsi üçün dönəndə halsızlıqdan yıxıldı... İkisi də... Səadət quruya, Valeh isə suya...

Valeh bir az nəfəsini dərib, Səadətin köməkliyi ilə çaydan çıxdı...

- Gəldik çatdıq camaata. Orda da adamlara kömək elədi... 

Əsgərana tərəf gedən asfalt yolda rusların “BMP”ləri düzülmüşdü... Güllələr yağış kimi meşəyə yağmağa başladı. Bura çox böyük olmayan bir dağın döşü idi. Adamlar pərən-pərən düşdü... Adamları əsas burda öldürmüşdülər...

- Rəhmətlik Əlif Hacıyev öz uşaqları ilə orda idi. Dedi ki, gəlin bu biri tərəfdən çıxıb ermənilərin qabağını alaq, adamlar birtəhər üzü Ağdama qaçsın... Bu sözü onun dilindən eşitdim... Sonra da bir söz eşitdim... Kimsə qışqırdı ki, Əlifi vurdular...

- Əlif Hacıyevin meşədə ölmədiyi deyilir...

- Ola bilər, bəlkə yaralanmışdı. O yaralansa da, geri çəkilən oğlan deyildi. Son nəfəsinə qədər vuruşacaqdı. Bu faktdır ki, onun dəstəsi, “aeroport uşaqları” Xocalıdan ən sonda çıxan uşaqlar olub...

Əlif deyəndə ki, biz bu tərəfdən gedib erməninin qabağını alaq, mən Səadəti camaatla yola saldım... (Yenidən gözləri dolur... Yumulu barmaqlarını bir-bir açmağa çalışır...) Dedim siz bura ilə gedin, biz, silahı olanlar erməninin qabağını kəsək. Ayrıldıq... Mən Səlim adlı bir oğlanla idim...

- Onların sağ-salamat getməsi üçün erməniyə mane ola bildiz?

- Orda elə çox atışma olmadı... Təsəvvür edin, sənin tüfənglə, lap avtomatla atdığın yeri həmin dəqiqə erməni, rus bəlli edib BMP ilə o yerin torpağını göyə sovururdu...

Ordan keçib gəldik... Adamlar artıq “Qaraqaya”ya çatmışdılar. Baxdım ki, Səadəti qoşub göndərdiyim adamlar burdadı. Amma hey axtarıram, o içlərində yoxdu... Dəli oldum... Soruşdum, dedilər onlar bir neçə nəfərlə qaldı arxada... Ağlım başımdan çıxdı...  Geri qayıtdım...

Qarşılaşdığı adamlardan Səadəti soruşur, onlarsa “Dəli olma, geri qayıtmaq təhlükəlidir!” deyib onu özləri ilə çəkib gətirməyə çalışırdılar. Valeh beş addım geriyə qayıdanda, rastlaşdığı ayağını saxlamağa qorxan insanlardan “Səadəti görməmisən?” sualına cavab almaq üçün altı addım da irəli gəlirdi. Adamlar geriyə qayıdan Valehin qolundan güclə yapışıb özləri ilə irəli aparırdılar. O isə ona kömək etmək, ağlını başına yığmaq istəyən adamların əlindən güclə çıxıb, geriyə qaçırdı...

Gənc oğlan Qaraqayaya tərəf qaçan insanları aralayıb var gücü ilə, qara bata-bata, yıxıla-yıxıla geri qayıdırdı... (Davamı olacaq...)

Vüsalə Məmmədova

Lent.az