FLAŞ


“Müəllimin oğlu hamını satdı... özü isə hələ də gəlib çıxmayıb”

- ƏSİR DÜŞƏRGƏSİ


http://news.lent.az/upload/images/news/2014/july/04/big/e103eb536ebc4232dccff4d8d869bb79.jpg

Lent.az ermənilərə əsir düşən qızın məşum etiraflarını işıqlandırır.

I  hissə: http://bolge.info/Home/Details/8373

II hissə: http://bolge.info/Home/Details/8378

III hissə:http://bolge.info/Home/Details/8417

IV hissə:http://bolge.info/Home/Details/8421

V hissə

Əsirlər artıq səsdən bu “hüzur”un pozulmasına, ermənilərin iş başına keçmələrinə nə qədər qaldığını bilirdilər. Əgər səs çox bərkdən gəlirdisə, deməli hücum edən ermənilərdir. Yox, əgər uzaqdan guppultu kimi səs gəlirsə, deməli hardasa on saniyə sonra polis şöbəsinin divarları silkələnəcək.

Bu dəfə erməniləri bir saniyənin içində otaqları boşaltmağa vadar edən uzaqdan gələn guppultu idi. Saniyələr öncə Ağdamdan atılan qradlar Əsgərana enirdi...

Dürdanə əmin idi ki, göydən bombaların yağdığı bir zamanda ermənilər otağa qayıtmayacaq. Qızcığaz əlini masaya uzadıb ordakı qəndlə suxarının hərəsindən bir dənə götürür. Əllərini aşağı, çiyin çiyinə dayandığı Elşadla Valehin əlinin yanına salır. Suxarını Elşadın, qəndi isə Valehin ovcuna ötürdü.

Səsin yaxınlaşmasından qorxan Dürdanə əlini ikinci dəfə masaya uzada bilməyib, pıçıldayır:

- Çeynəməyin, görərlər. Ağzınızda isladın, ərisin...

Valehi hələ bir aydan sonra buraxacaqdılar. Dürdanə ilə Elşadın bu bir həftədə başına gələnləri hələ 4 həftə də artıq yaşayacaqdı... Bu bir tikə qənd onu hələ düz bir ay ayaqda saxlayacaqdı...

Vladik əsgərlərlə içəri girəndə elə əsəbi idi ki, masanın üstündəki “əksiyin” fərqinə varmadı:

- Bunlar niyə burdadır?! Aparın tullayın yerlərinə!

Ermənilərin dəmir qapıdan içəri itələdikləri bacı-qardaş üzüstə yıxıldıqları kamerada birtəhər qalxıb bir-birinə söykənirlər… 

- Dürü... Suxarını udmamışam, indi yarısını sənə verəcəm...

- Mənim aclığım yoxdu, bacı qurban...

Açılan qapı Dürdanənin sözünü yarımçıq kəsir. Karo idi...

- Biz ermənilər mərhəmətli xalqıq. Ağlınız türklərə getməsin. Baxmayaraq ki, yaranız ağır deyil, yenə də humanistlik göstərib, sizə həkim gətirmişik.

Həkim rus idi. Necə kobud adam idi, ilahi... Adamla elə davranırdı, elə bil mal həkimidi… Ayağımdakı yaranı aralayıb, spirti ora necə tökdü... Çığırdım...SZ

Karo isə dayanmadan danışır, minnət vururdu:

- Niyə həyasızlıq eləyirsən, ay qancıq?! Sənin xeyrinə eləyir də. İstəyirsən ayağın çirk eləsin, gedib özününkülərə deyəsən ermənilər elədi? Bunu istəyirsən? Bizə böhtan atmaq istəyirsən?

Həkim ağ parça ilə Dürdanənin ayağını sarıyıb, Elşadı müayinə etməyə keçir.

- Qardaşımın böyrünə güllə qabaqdan girib, arxadan çıxmışdı. O vaxtdan bir böyrəyi işləmir. Rus bir məftilə pambıq doladı, spirtə batırdı, qabaqdan basdı Elşadın yarasına, məftil getdi o tərəfdən çıxdı. Bacısı ölmüş necə fəryad qopardı... O səs bu günə kimi qulağımdan getmir...

Dəmir qapı yenə çırpıldı. Bacı ilə qardaş ağrıdan inildəyə-inildəyə pəncərədən düşən işığa çəkilib bir-birinə qısılırlar. 

- Dürü…

- Nədi, bacı qurban?

- Həkim o məftili böyrəyimə tərəf uzadanda qorxudan udqundum, çörəyi də uddum…

- Canın sağ olsun, bacı qurban. Onsuz da buraxılırıq…

Axşam qapı yenə açılır. Qapını açan erməni içəri girməyib, elə ordan qışqırdı:

- Ey, türk qızı! Bura gəl!

Elşad Dürdanənin əlindən bərk-bərk yapışıb, çarəsiz halda deyir:

- Dürü, getmə... Getmə… Dürü…

- Çağırırlar axı, bacı qurban...

- Yox, çıxma kameradan, Dürü… Nə olar, getmə... getmə… Dürü…

Dürdanənin əli Elşadın əlindən sürüşüb çıxdıqca oğlan gücsüzlüyünün altında məhv olurdu. Bir kişi üçün, bir qardaş üçün, üstəlik düşmən əlində olan insan üçün bacısının əlindən süzülüb axması, getməsi bu günəcən fəryadlarını, bağırtılarını az qala bütün Əsgərana yayan işgəncələrdən də ağır idi...

Dürdanənin əlinə çirkli, əzik bir vedrə ilə dəmir parç verdilər:

- Apar bu suyu ver kişilərinizə. Gəl, kameranın qapısını açmışıq. Yaxşı sudu e, vedrəni səhərdən novun altına qoymuşuq, damdan əriyib tökülən qarın suyudu.

Özünü aparmağa heyi olmayan Dürdanə su ilə dolu vedrəni yerdən güclə qaldırıb erməninin arxasınca düşür. Vedrəni əlində güclə saxlayan qız isə günlərdir bağırtılarını eşidib doğmalaşdığı əsirlərin hamısına su çatsın deyə elə ehmallıca davranırdı ki, o suyun bir damcısı da yerə dağılmasın...

Mən parçı su ilə doldurub dəmir barmaqlıqdan əllərim əsib yerə dağıtmayım deyə ehtiyatla içəri uzadır, onlarsa alıb içirdilər... İçdikcə mənə dua edirdilər.

Bədəninin açıq qalan yerlərini çamurla qan gizlədən qız bu halı ilə öz yerlilərinin qarşısına çıxmağın xəcalətini çəkə-çəkə kameraya qayıdır...

İki gün o vəziyyətdə qaldıq... Yeməyin adını tutan yoxdu, su da istəyəndə qar suyu gətirirlər. Bir səhər tezdən qapını açdılar ki, “Gəlin! Sizi buraxırıq!”. İnan, sevincdən uçuruq. Birdən ürəklənib girdik qol-qola. UAZ-ın arxa qapısını açdılar, gördük içəridə də üç nəfər var... Kəndçilərimiz. İki bacı və bir də Gülöyşə adlı qadın... Görkəmləri çox yaxşı idi. Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur.  Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb.

Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu.

Düzdü, əsir düşməyin qorxusu adama bəsdi, amma yenə bizimlə müqayisədə onlara şükür. Bizim başımıza gələnlərin çoxunu heç açıb deməli deyil… Bir şey deyim. Mən həmişə bir şeylə fəxr eləmişəm ki, əsirliyə kişi kimi düşüb kişi kimi çıxmışam. Satqın olmamışam. O müsibətlərə duruş gətirmək asan deyildi.

Adını çəkməyəcəm. O kişini xocalıların hamısı yaxşı tanıyır. Atası müəllim idi. Gözümün qabağında ermənilərlə oturub çay içirdi. Məni döyməyə aparırdılar, dəhlizdən keçəndə gördüm. O da məni gördü. O orda bizim oğlanları necə satdı... Hələ özü bu vaxta qədər gəlib çıxmayıb. Satqın adam heç erməniyə də lazım deyil. Beş-altı il bundan əvvəl televizorda belə bir xəbər verdilər ki, ermənilər onu dəyişmək istəyib. Sərhədəcən də gətiriblər. Sonra UAZ dönüb gedib, qaytarıblar.  Dedilər guya hansısa bir orqanı yox imiş, ona görə. Ya əlini kəsiblər, ya ayağını, bilmirəm. Hansısa orqanını çıxardıblar deyə, ermənilər qaytarıb aparıblar ki, guya bizimkilər onu qəbul eləməz.

Amma Xocalıda Faiq adlı oğlan da var idi. Gəncədə ali təhsilini yarımçıq qoyub döyüşməyə gəlmişdi. Əsir düşdü, erməni dedi torpağı öp, öpdü. Dedi denən torpaq ermənilərindi, dedi azərbaycanlılarındı. Elə o yerdə də ağzından güllələdilər.

Rabitəçi idim deyə dirənirdilər səndə məlumat çoxdur. Rəhmətlik Əliflə (Əlif Hacıyev) bağlı çox soruşurdular. Bir də Elman (Elman Məmmədov) müəllimlə bağlı. Deyirdim bilmirəm kimdilər... Əlif qəhrəman oğul idi. O təmiz ermənicə bilən uşaqları yığıb hazırlayır, erməni kəndlərinə kəşfiyyata gedirdi...

Döyülməkdən yerdə düşüb qalan Dürdanənin başını ayaqlarının altına qoyub sıxırlar. Bir qulağı yerə dirənib. O biri qulağı isə ağır əsgər çəkməsinin altındadır. Erməni əlinə aldığı kəlbətinlə qızın dilini dartıb çıxardır, “Danış! Danış! Canavar, susma!” deyirdi...

Dinmirdim ki, qoy öldürsünlər canım qurtarsın. Bir candır, kimdən artığam? Atamdan, anamdan, yoxsa meşədə ölənlərdən artığam?

Maşının arxasında beş nəfər üz-üzə oturub, dörd qadın və Elşad. Ağdamın Qarağacı qəbiristanlığına çatanda maşından enirlər...

Atamın uyuduğu qəbiristanlıq...  Nə yaxşı ki, atam ölüb. Mən indi bu halımla erməni əlindən çıxıb qayıdanda görmürdü.

Dəstənin başında Vladik gedirdi. Ondan sonra Karo, sonra isə bir neçə hərbçi… Əsirlər uzaqdan Vladiklə söhbət edən adamları gördülər. Hər iki tərəfin nümayəndələri üz-üzə dayanıb nə isə danışırdılar... Lap az qalmışdı, ermənilər elə indicə onları təhvil verib, alacaqlarını alıb, geri qayıdacaqdılar ki...

Vladik geriyə dönüb komanda verir:

- Əliboşdular! Deyirlər heç nəyimiz yoxdu, heç nə vermirik. Qaytarın bunları geri!

Cəmi bir neçə dəqiqə sonra onlar yenə UAZ-ın arxasında üz-üzə oturmuşdular… Köhnə maşın qradların darmadağın dağıtdığı yollarda silkələnir, ikinci dəfə əsir düşmüş beş nəfəri tale kimi atıb-tuturdu…  (Davamı olacaq…)

Vüsalə Məmmədova