FLAŞ


Dollarla kredit qadağan oluna bilərmi?


http://axar.az/cdn/2016/february/25/1456350512.jpg

Xarici valyuta ilə kreditlərin verilməsinin qadağan edilməsi ideyası müştərilər üçün cəlbedici olsa da, ümumilikdə çıxış yolu deyil və bankların fəaliyyətində problemlər yarada bilər.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı Samir Əliyev açıqlama verib. Ekspert məsələ ilə bağlı bəzi məhdudlaşdırıcı tədbirlərin nəzərdən keçirilə biləcəyini vurğulayıb:

“1. Xarici valyutada gəlirləri olmayan müştərilərə belə kreditlərin verilməsinin müvəqqəti qadağan edilməsi. Bu qadağa daimi yox, müvəqqəti olmalıdır. Yəni vəziyyətdən asılı olaraq 1-3 il müddəti əhatə edə bilər;

2. Fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 5%-ə qaldırılması;

3. Xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi;

4. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditləri üzrə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatın artırılması;

5. Ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması;

6. Aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi;

7. Milli valyuta üzrə mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% hədd müəyyənləşdirilə bilər.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınması vacibdir. Xüsusilə də ixracatçı şirkətlər və xarici valyutada gəlirləri olan şəxslər fərqləndirilməlidir”.

Qeyd edək ki, fevralın 28-dən etibarən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan ediləcək. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belorusda, Qazaxstanda da atılmaqdadır.