FLAŞ


Ekspert yeni dövlət büdcəsini qiymətləndirdi


http://musavat.com/data/largenews/dir267/img1716947.jpg

“İki sahədə xərclərin artırılmasına ehtiyac var”

 

Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər təsdiqlənib. Son dəyişikliklərdən sonra dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub. Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
 
İqtisadçı ekspertlər də bu il neftin qiymətində kəskin bahalaşma olmayacağını nəzərə alaraq büdcədə dəyişikliklər edilməsini vacib  sayırdılar. 
 
İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşdığı dövrdə büdcədə neftin 50 dollardan hesablanması düzgün olmazdı: “Bu ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülmüşdü. Lakin hazırda neftin qiyməti ucuzlaşmaqda davam edir və nikbin heç nə vəd etmir. Bu səbəbdən büdcənin yenidən formalaşmasına, əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. 
 
Neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşdığı dövrdə büdcədə neftin 50 dollardan hesablanması düzgün olmazdı. İkincisi, büdcədə dekabrın 21-də baş verən devalvasiya da nəzərə alınmamışdı. Büdcəyə ayrılan dolların məzənnəsi 1.05 qiyməti ilə hesablanmışdı”. 
Ekspertin sözlərinə görə, büdcə gəlirlərinin 50 faizindən çoxunun neft gəlirlərinin payına düşməsi və həmin vəsaitlərin dollarda olması da son devalvasiyanın nəzərə alınmasını tələb edirdi: “Büdcə gəlirlərinin dolların son qiymətinə uyğun olaraq hesablanmasına ehtiyac var idi. Məhz bu səbəblər büdcəyə yenidən baxılmasını gündəmə gətirdi. Dövlət büdcəsində edilən dəyişikliklərdə əsas istiqamət həm neft, həm də qeyri-neft sektorundan daxilolmaların artırılması ilə bağlı idi. Neftdən daxilolmaların artırılması Dövlət Neft Fondundan ayırmaların artması hesabına baş verəcək. DNF-dən 1,6 milyard manat əlavə vəsait büdcəyə yönəldiləcək. Eyni zamanda qeyri-neft sektorundan vergi daxilolmalarının 400 milyon, gömrük daxilolmalarından 200 milyon manat əlavə vəsait cəlb ediləcək. Faktiki olaraq, gəlirlər bölməsində artımlar var”. 
 
Büdcə gəlirlərinin artırılmasına gəlincə, ekspert bunun vergi daxilolmaları və DNF-dən ayırmalar hesabına olacağını bildirdi: “2016-cı ilin büdcəsində neft gəlirləri yenə də aparıcıdır. Neft Fondunun büdcə gəlirlərində payı 44 faizə yaxındır. Qısa müddətdə dövlət büdcəsinin neft gəlirlərindən asılılığını artırmaq praktik olaraq mümkün deyil. Digər tərəfdən, qeyri-neft sektorundan daxilolmalar, vergi bazasının genişləndirilməsi hesabına qeyri-neft sektorundan daha çox vəsaitin əldə edilməsi nəzərdə tutulur. Real sektorda aktivliyin azalmasının müşahidə edilməsini nəzərə alsaq, o baxımdan dövlət büdcəsinə ödənişlərin cəlb olunmasında çətinliklərin olacağı istisna edilmir. 
 
Güman olunur  ki, belə bir çətinlik olarsa, o zaman dövlət investisiyaları hesabına onun artırılmasına çalışılacaq. Ümumiyyətlə, 2016-cı ildə dövlət büdcəsində neftin qiymətinin 25 dollardan götürülməsi daha real büdcənin formalaşmasına imklan yaratdı. 
Hər halda, neftinin qiymətinin 25 dollardan  aşağı düşəcəyi proqnozlaşdırılmır. Neft 25  dollardan aşağı düşsə də, praktik olaraq neft daxilolmalarının kəskin azalmasına gətirib çıxara bilməz. Neft il ərzində 25 dollardan yüksək olsa, o  zaman Dövlət Neft Fonduna əlavə vəsaitin daxil olmasını təmin etmək mümkün olacaq". 
 
Vüqar Bayramov bu ilin dövlət büdcəsində sosial sahəyə və real sektora ayırmaların artırılmasına ehtiyac olduğunu bildirdi: “Hələlik hansı istiqamətlər üzrə xərclərin artırıldığı elan edilməyib. Sosial xərclərdə və bir çox digər sahələrdə artımların olduğu bildirilir. Biz 2016-cı ilin büdcəsində 2 istiqamətə daha çox vəsait ayrılmasının tərəfdarıyıq. Bunlardan birincisi sosial  istiqamətdir. Çünki istehlak bazarında qiymət artımları var və buna uyğun olaraq təklif edirik ki, növbəti aylarda, xüsusən ilin ikinci yarısında  da əmək haqqı və pensiyaların artırılması imkanları nəzərdən keçirilsin. Bununla bağlı büdcədən vəsait ayrılması məqsədəuyğun hesab edilir. Digər istiqamət isə real sektorun dəstəklənməsi üçün biznesə ayrılacaq güzəştli kreditlərin həcminin artırılmasıdır. Böhran real sektora ciddi miqdarda pulların daxil olmasını tələb edir. Biz də təklif edirik ki, büdcədə bu sahəyə daha çox vəsait ayrılsın”.