FLAŞ


Erməni bağırırdı: "Kişi bizik ki, sən bu gün bizim yanımızdasan!"


https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSaOF1S0y934j3tyfr2bo6M4SI0FIwxQyGuNRw9dyooaQPgirtP

Lent.az ermənilərə əsir düşən qızın məşum etiraflarını işıqlandırır.

Bu, 20 yaşında 8 gün erməni əsirliyində olan Xocalı sakini Dürdanə Ağayevadır.

Əvvəli: http://bolge.info/Home/Details/8373

 

Əsgəran Polis şöbəsinin zirzəmisində Məleykə adlı yaşlı bir qadın var idi. Oğlu qonşu kamerada var gücü ilə bağıran kişilərin arasında idi Məleykə xalanın. 

Yaşlı qadın cəld hərəkətlə başına bağladığı şalı açıb ortadan ikiyə böldü. Əlini atıb yanında qorxudanmı, soyuqdanmı tir-tir əsən Dürdanənin uzun, qalın, qara və palçığa bulanmış saçlarını qarışdırdı. Dürdanə hələ heç nəyi başa düşmürdü. Məleykə xala şalından cırdığı o hissəni Dürdanənin başına bağlayıb yaşlı qadınlar sayağı tırna vurdu. Əlini ayağının altına aparıb ayaqqabısının altındakı palçığı sivirib gənc qızın hamar üzünə, alnına çəkdi. Dürdanənin gəncliyini palçıqla gizlətmək mümkün olmuşdu.

Yarım saatdan bir  apardıqları qadınları döymürdülər, incitmirdilər... Sadəcə ləkələmək xatirinə aparırdılar. Bir dəfə orda mənə dedilər ki, “hər türk qadınının gözündən axan bir damla yaş bizim üçün bayramdır. Çünki sizin kişilər illərlə bizim qadınları özlərinə məşuqə eləyib, erməni qadınlarını çox oynadıblar. İndi onların qisasını sizdən alacağıq. Yetərincə də aldıq...”

Ermənilər bizi yaxşı tanıyırdı. Bilirdilər ki, bizə verdikləri istənilən fiziki işgəncənin ağrısını sabah unudacağıq. Amma bu ləkə təmizlənməyəcək. Bu ləkə ilə dünya bizə dar olacaq.

O qadını mən ömrümün sonuna qədər unutmayacam... Adı deyəsən Ceyran idi... Dedilər Gürcüstan azərbaycanlısıdır. Necə olmuşdusa, Xocalıya gəlmişdi. Ya ərini ora işə göndərmişdilər, ya da kiminsə qonağı idilər... Qəşəng, səliqəli geyimdə, yubkada, koftada, ayağında ev başmağı, başını sadə yaylıqla arxadan bağlamışdı, qabaqdan da qısa saçları üzünə tökülmüşdü, yupyumru, ağ, girdəsifət bir qadın idi. Çox gözəl idi, çox... Yoldaşı da kişilərin arasında idi. Hələ qadınları “aparmamış” birinci onu gətirən erməni gəldi, axtarıb tapdı, götürüb apardı. O qadın sonradan gəlib çıxmadı. Nə də sonra orda ona rast gəlmədik... Xocalı sakini olmadığından heç bir siyahıda da adı yoxdur. Gözəlliyinin qurbanı oldu yazıq...

Sonra bir qadın da var idi, indi adını yadıma sala bilmirəm. Böyük oğlanları yoldaşı ilə kişilərin arasında idi, azyaşlılar isə onunla idi...

Ermənilər körpələrin ən kiçiyini döyəndə anası dayana bilməyib özünü irəli atır:

 - Onu vurma! Bu gün ad günüdü... Döymə...

- Belə de...! Bəs bunu bayaqdan de uşağa hədiyyə verək! Ey, türk küçüyü! Əlini divara qoy! Üstünü divara söykə, ovcunu mənə göstər!

Qorxudan saralan körpə döyülməmək üçün ona deyiləni edir. Erməni cibindən çıxardığı tapança ilə 5 yaşlı uşağın düz ovcunun ortasından atəş açır:

- Bu da sənə ad günü hədiyyəsi! Bu deşiyi həmişə ovcunda gəzdirərsən!

Həmin qadının 5 uşağı vardı. Üçü yanında idi, 21-22 yaşlı oğlanlarını isə ataları ilə bir yerdə əsir götürmüşdülər. Onları evlərindən tutub gətirmişdilər. Sonra dedilər onun böyük oğlanlarını güllələyiblər, ərini də asıblar. İndi o əlindən güllələnən körpə yekə kişidi, Qobustanda yaşayır.

Kamera həm divarın o üzündən gələn kişi bağırtıları ilə, həm ac, yaralı körpələrin ağlaması ilə, həm də kameranın ortasına atılmış yaralı Vaqifin zarıltısı ilə çalxalanırdı. Qaranlıq düşdü. Bu dəfə ermənilər kişi bağırtılarının altında güclə eşidiləcək səslə zarıldayıb “Qızlar, onsuz da mən öləcəm, özünüzü fikirləşin” deyən Vaqifi götürüb apardılar..

Onu erməni əsiri ilə dəyişdilər.  Sonralar mən Elman müəllimin yanında makinaçı işləyəndə gəlib orda mənim əllərimdən öpmüşdü.

Gecə düşdü. Qapı yenə açıldı:

- Uşaqlı qadınlar, yaralılar, yaşlılar, kaftarlar gəlsin! Dəyişməyə aparırıq! Qabağa gəlin!

Gecə saat 2-3 olardı ki, kamera tamam boşaldı. Bütün qadınlar azad edilmişdi. Amma təkcə qadınlar! Çünki divarın o üzündəki kişilərin tükürpədici bağırtısı kəsilmək bilmirdi...

Mən yaralı idim. Amma getmək istəmirdim. Atam-anam ölmüşdü. Valideynlərimdən mənə əmanət qalan qardaşlarımın ikisindən xəbərim yox idi. Kim bilir, bəlkə artıq həyatda Elşaddan başqa heç kimim qalmamışdı... Onu orda qoyub qayıda bilməzdim.

Səhər açıldı. Əlində süpürgə olan qara geyimli qoca bir kişi erməni qadınları üçün gətirilən döşəkləri aparmağa gəldi. Onda məni görüb əlindəki süpürgə ilə üstümə cumdu. Gah süpürgənin sapı ilə, gah da təpiyi ilə məni döyməyə başladı. Onun səsinə 5-6 erməni də tökülüb gəldi. Məni o qədər döydülər ki... Onlar döyür, mənsə qışqırırdım. Sanki birdən ayıldım. Fikirləşdim ki, divarın o üzündə allah bilir hansı işgəncələrə dözüb ölməyən, 24 saatdır bağıran kişilər mənim səsimi eşitsələr necə olar?

Əsirliyin ikinci günü o qapı bir neçə dəfə açıldı. Hər dəfəsində də qaranlıqdan üzləri seçilməyən, ancaq saqqalları görünən əli dəyənəkli insanlar... Döyülməkdən taqəti qalmamışdı.  Huşunu itirmişdi...

Özümə gələndə ağrı bədənimi bıçaq kimi kəsirdi. İçimdə dəhşətli sancı var idi... İlk gözümə sataşan bir az aralıda, kameranın o biri küncündə ağ olduğu güclə sezilən gödəkçəmin  üstünə atılan qırmızı paltar oldu... Əlimi üzümə apardım, ağzım qorxudan yara tökmüşdü... İlk dəfə idi ki, atamın öldüyünə sevindim... Nə yaxşı ki, həyatda deyildi... Yaşasaydı, həm “bacım”, həm “anam” dediyi tək qızının düşmən əlinə düşdüyünü, başına nələr gəldiyini bilsəydi ürəyi partlayardı..

Əsirlikdə üçüncü gün başlayır...

Bu dəfə özümə gəlib gözümü açanda gördüm nə isə işıqlıqdı... Kamerada deyildim, səma görünürdü. Əvvəlcə fikirləşdim ki, yəqin ölmək belə olur... Atam, anam burda olmalı idilər... Çağırmaq istədim, səsim çıxmadı... Güclə “Aaaaa....” elədim...

Bu vaxt yaxınlıqdan keçən bir erməni səsə gəlir:

- Qancıq, bəs sən ölmüşdün?

Əlini atıb qızın soyuqdan sırsıra bağlamış saçlarından tutub arxasınca sürüyür. Çılpaq, palçıqlı, donmuş bədəni zibilliyin içindən sürüyüb çıxardanda ora atılmış şüşə qırıqları, konserv qutuları yaralı bədəni bir də doğradı... Bütün bədəni qanın içində idi... Zibillikdən qadın tapdığının sevincini yaşayan erməni əsirin hörüklərindən yapışıb tələsə-tələsə irəliləyirdi.

Apara-apara dedi ki, “Dedik yəqin ölmüsən, atdıq zibilliyə! İki gündü ordasan...” Məni sürüyüb gətirib kameraya tulladı... Danışmağa heyim yox idi, zorla zarıldadım ki, “Paltar”... Paltarımı tualetdən gətirdi... Düz, qırmızı, sinəsində də iki düyməsi olan paltarımın sinəsini düymə qurtaran yerdən lap aşağıyacan, göbəyimdən də aşağıyacan cırmışdılar... İstədim suyunu sıxıb geyinəm, taqətim yox idi, gücüm çatmadı. Elə suyu axa-axa geyinməyə başladım. Bəlkə də bir saata geyindim. Halım yox idi.

Komandirləri Vladik adlı arıq, uzun oğlan idi. Gəldilər ki, səni çağırır... Yerimdən güclə qalxdım, divardan yapışıb yıxıla-yıxıla birtəhər gəldim...

Kiçik otaqda stol, stul, dəmir çarpayı və soba var idi.  Soba elə yanırdı ki... Elə ürəyimdən keçdi ki, yaxına gedim, cəhənnəm qızınmağım, heç olmasa paltarım qurusun... Məni qarşılarında diz çökdürdülər.

Dürdanə: Qardaşım sağdı?

Vladik: Buna bax, qardaşını da soruşur!   Sən nə ürək eləyib məndən söz soruşursan?

Karo yaxınlaşıb Dürdanəyə bir şillə çəkib, söyür. Karonun şilləsinin zərbindən yerə yıxılan qız yenə dikəlib dizi üstdə oturur...

Karo: Sən burda danışa bilməzsən! Səni söhbət eləməyə çağırmamışıq!

Vladik: Səni Yerevana göndərəcəm! Orda bizə orqan lazmdı. Cavansan, sənin orqanlarından yaxşı istifadə eləyə bilərik... Bizə gənc böyrək, ürək lazımdı. Daha sən bizə lazım deyilsən, səni aparıb hissə-hissə satacağıq.

Orda biri Vladikə ermənicə nə isə dedi. Sonra da bir kitab verdi. Vladik kitabı açıb baxanda dedi “Aaa, “svyazistka””. Sən demə “döşək üstdə oturan erməni arvadlar”, bizim kişilərin xanım elədiyi qadınlar orda kimliyimizi bir-bir danışmışdılar...

Vladik barmaqlarımı kameranın dəmir qapısının arasına qoyub sıxdı... Yenə bir anlıq qışqırıb susdum. Kişilərimizin divarın o üzündə kəsilmək bilməyən səsləri onların daha böyük işgəncələrə məruz qaldıqlarından xəbər verirdi. Əslində 5-6 nəfər birdən gəlib məni döyəndə dözə bilirdim, nə qədər möhkəm döysələr də dayanırdım, huşumu itirmirdim. Amma təcavüzə dözə bilmirdim, hər dəfə huşumu itirirdim...

Vladik  qışqırırdı:

- Qancıq! Sən bu barmaqlarla məlumat ötürmüsən. Rabitədə işləmisən! Bu lənətə gəlmiş barmaqlarınla Ağdamı, Şuşanı, Bakını köməyə çağırmısan. Bəs niyə gəlmədilər? Sizin torpağınız da bizimdir, qadınınız da, namusunuz da, qeyrətiniz də. Kişi bizik! Eşidirsən? Kişi bizik ki, sən bu gün bizim yanımızdasan!

Dürdanənin kamerasından yüksələn Vladikin qışqırığı, qəhqəhələri qonşu kameradakı kişilərin bağırtısı ilə bir-birinə qarışmışdı... (Davamı olacaq...)

 

Vüsalə Məmmədova