FLAŞ


Prezidentin İran səfəri: cənubdan bizə hansı qapılar açılır?


http://musavat.com/data/largenews/dir288/img1805112.jpg

İqtisadçı ekspert: “Bu ölkə Azərbaycan üçün həm də çox böyük əmək bazarına çevriləcək” 

 

Prezident İlham Əliyevin İran səfəri başa çatdı. Səfər çərçivəsində 11 sənəd imzalandı. Bunlardan ən önəmlisi Azərbaycanla İran arasında iki ölkənin dərmiryollarının əlaqələndirilməsi haqqında çərçivə sənədi, “SOCAR-la İran Milli Neft Şirkəti arasında imzalanan anlaşma sayıla bilər. İran prezidenti Azərbaycanın tranzit daşımalarında İran üçün əvəzedilməz tərəfdaş olduğunu bildirib. 
 
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi  ki, Azərbaycan tərəfinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün hazırlıq işlərinə artıq başlanılıb:“Azərbaycan tərəfi 8,3 kilometr yol çəkməli, Astara çayı üzərində körpü tikilməlidir. İran tərəfindən də 1,2 kilometr yol çəkilməli və yük terminalı tikilməlidir. Bu işləri görmək üçün İran dəmiryolçuları ilə görüşmüşük. Bundan öncə ölkə prezidentinin ölkə ərazisində şimal-cənub nəqliyyat dəhlizinin işlərinin sürətləndirilməsi ilə bağlı sərəncamı var. Bu istiqamətdə hazırlıq işləri görürük. Astara çayı üzərində tikiləcək körpünün layihəsini də artıq İran tərəfi Azərbaycana göndərib, yaxın günlərdə o körpünün tikintisi də başlayacaq. İlin axırına qədər bu işlər yekunlaşdırılacaq”. 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, İranın açılımı, dünyaya inteqrasiya olunması və bu ölkə üzərindən sanksiyaların götürülməsi Azərbaycan üçün də önəmli rol oynayır: “İran 80 milyonluq böyük bir bazardır. Uzun illər dünyadan təcrid olunmuş vəziyyətdə qalmışdı, ona görə də bu ölkənin iqtisadi cəhətdən çox ciddi potensialı var. İranın 18 milyard dollarlıq vəsaiti dondurulmuşdu və indi o açıldı. İran bu vəsaitləri investisiya kimi yatırım etməyi düşünür. Bütün dünyanın diqqəti indi İranın üzərindədir. Bir çox ölkələr İran bazarında yer tutmağa çalışır”. 
 
İqtisadçı ekspert İranın Azərbaycanlı mütəxəssislər üçün önəmli əmək bazarı olacağını da vurğuladı:“Azərbaycan üçün də bu bazarın açılmasının böyük əhəmiyyəti var. Coğrafi qonşuluğumuz, tarixi yaddaşımız və digər bir çox amillər də var ki, Azərbaycan şirkətlərinin gələcəkdə İranda mühüm rol oynaması üçün şərait yaradır. Sadəcə, Azərbaycanın özünün iqtisadi şəraiti hazırda çox da ürəkaçan deyil və bu ölkəmizin İran bazarına daxil olmasının qarşısında duran əsas əngəllərdən biridir. Amma energetika, tikinti sahəsində iki ölkənin əməkdaşlığı üçün ciddi potensial mövcuddur. Şimal-cənub dəmiryol dəhlizinin açılması da Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edəcək. Çünki Rusiya ilə İran Orta Asiya ilə İran arasında ticarət dövriyyəsinin Azərbaycan üzərindən getməsi gələcəkdə ölkəmizə müəyyən dividentlər gətirəcək. Bundan başqa, neft-qaz sənayesində SOCAR-ın ciddi təcrübəsi var, Azərbaycanda kifayət qədər təcrübəli mütəxəssislər də var. Azərbaycan  mütəxəssisləri üçün İran yaxın zamanlarda çox böyük əmək bazarına çevriləcək. Əvvəllər Rusiyaya axan işçi axını, bir müddət sonra İrana dönəcək. Bu potensialdan istifadə etmək lazımdır. Sadəcə, Azərbaycanın özündə də iqtisadi islahatlar aparılmalı, insanların İran bazarına açılması üçün şərait təmin olunmalıdır”. 
 
Natiq Cəfərlinin fikrincə, Azərbaycan İranla Qərb şirkətləri arasında vasitəçi də ola bilər: “Çünki Azərbaycanda neft-qaz sənayesində bu günədək xarici şirkətlər çalışıb və Azərbaycana güvən İrandan daha çoxdur. Avropa və Asiya ölkələri də İran bazarında öz paylarını almağa çalışacaq. Artıq Avropa ölkələri demək olar ki, bu payın alınmasında yarışa girib. Azərbaycanın da bu bazarda pay alması ölkənin gələcək iqtisadi əlaqələrində rol oynaya bilər. Prezidentin bu səfərinin indi baş tutması çox önəmli idi”. 
 
Sadə insanların İranda iş tapmaq imkanlarına gəlincə, Natiq Cəfərli bildirdi ki, İranda bu təcrübə Rusiyada olduğundan bir qədər fərqli olacaq: “Burada daha çox energetika sahəsində mütəxəssislərə ehtiyac yaranacaq. İran ən azı 2020-ci ilə qədər 8-9 milyon barel neft istehsal etməyi düşünür. Bu layihələrə mütəxəssislər lazım olacaq və Azərbaycan mütəxəssislərinin bu sahədə böyük təcrübəsi var. İranda tikinti bumunun yaranacağı da gözlənilir. Çünki orada infrastruktur köhnəlib və yeni infrastruktur layihələri həyata keçiriləcək. Tikinti bumu başlayanda Azərbaycanın həm tikinti şirkətlərinə, həm də işçi qüvvəsinə ehtiyac olacaq”.
 
 
Musavat.com