FLAŞ


O, bizə “hes zad” eləyəmməz!


http://musavat.com/data/largenews/dir315/img1911334.jpg
Sevinc Telmanqızı
 
Onunla bir il öncə tanış olduq. Soyuq bir fevral günü idi. Aləm dəymişdi bir-birinə. Dollarla krediti olanlar başılovlu bir-birinə zəng edirdi. Bankların qabağı insan seli. Necə edəcəyik, nə təhər çıxacağıq bu vəziyyətdən deyə iki əl, bir baş qalmışdıq hamımız. Amma elimizin adəti var. Gələnin üzünə qapını bağlamazlar, qonaqpərvərlik nümayiş etdirərlər. Adı belə dilimizə yatmayan “devalvasiya” şanlı elimizə qədəm qoydu. Gəliş o gəliş. Ardınca birini də gətirdi, deyilənə görə yaxın aylarda daha biri gələcək... Amma biz dözümlü xalqıq... 
 
Bəli, dözümlü olmasaydıq, bütün bu gördüklərimiz yaşanmazdı. İngilislər demiş, hətta “cool” millətik. Qan qussaq da, qızıl şərbət içmişik havası yaradarıq. El gözünə nələr edərik, nələr... Təki heç kim bizim kasıbladığımızı bilməsin, təki “düşdülər” deyilməsin. Zarafat deyil, iş yerləri bağlanır, dükan-bazar od qiymətinədir, biz ölkəmizdə Formula 1 yarışları keçirəcəyik. Özü də 10 il dalbadal. Böyük ehtimalla Avropa Oyunlarını da yenidən boynumuza götürəcəyik. Belə situasiyalarda ölkəmiz kimə oxşayır, bilirsizmi? Borc-xərclə, kreditlə bahalı Ayfon alıb, ona kontur yükləyə bilməyən, balansını artırmaq üçün iki gündən bir 1.50 manatlıq kredit götürən qara kurtkalı qaqaşlara. Kədərli, məsum, xəyanəti bağışlamayan... “qürurlu” qaqaşlara. İllər öncə bir tarix müəllimimiz vardı. “Malboro” qutusunun içinə “Astra” alıb dolduranda sinfin oğlanları görmüşdü. Bax onun kimidir bizim həyatımız da. 
 
Biz getmədik, amma gedənlər danışır. 14 fevralda şəhərin bərkgedən restoranlarının hamısı full imiş. Rezervasiyası olmayanları qapıdan geri qaytarıblar. Məlum olub ki, oğulun 50 manata görə atasını bıçaqladığı, hər gün pul-para dərdindən intihar edənlərin məmləkətində... hamı sevgililər gününə önəm verirmiş. Əks arqument səsləndirənlər də var. Deyirlər ki, “onlar əhalinin cəmi 10 faizini təşkil edir, normaldır. Yerdə qalanlar heç soyuducusunu doldura bilmir”. Amma hələ ki, faizi hesablayan qurum olmadığı üçün biz gözümüzlə gördüklərimizə inanırıq. 
 
Qış istirahət mərkəzlərindən birinə yolum düşdü bu gün. Bir basabas, bir basabas... İnsanlar özlərinə heç nədə korluq vermir. Əyləncələrin hamısından istifadə edir, bahalı restoranlarda yemək yeyirdilər. Yaxşı, hesab edək ki, bu da başqa 10 faizdir. Ümumi 20 faiz elədimi? 
 
Toylar, nişanlar, mərasimlər... Toy mövsümü başlanıb, insanlar dükan-bazarın canına düşüblər. Gözünə döndüyüm işbazlar bir addım belə geri çəkilməyiblər. İqtisadiyyatın qanunlarına inansaq, maddi böhran olan ölkələrdə super endirimlər, güzəşt paketləri olmalıdır. Bizdə qanunları hansı əllə yazırlar, bilinməz. Əsas odu ki, qiymətlər azalmır, güzəştlər tətbiq olunmur. 
 
Bilirsizmi niyə? Çünki işbazlar da bu millətin nümayəndəsidi, yad planetdən gəlməyiblər ki. Bilirlər camaatın zəif yerini. Anlayırlar ki, sırf qonşunun bağrı çartlasın deyə edilən bəzi işlər var. Devalvasiyadırsa, insanlar çox benzin işlədən maşınını satıb, daha ekonomik olanını almalıdır məntiqlə. Geyiminə daha az pul xərcləməlidir, əyləncəsinə də həmçinin. Bizdə bunların heç biri baş vermir. Adamlar xərcini ödəyə bilməyəcəkləri işlərin altına elə şüursuzca çiyin verirlər ki. 50 manatlıq menyusu olan toy keçirir məsələn. Toyun sonunda da restorana pulunu ödəyə bilmədiyi üçün bəy girov götürülür. “El gözünə” menyu. El toyu görür, toydan sonrasını yox... Əsas məsələ budur. 
 
Adına ziyalı təbəqəsi deyilən müəllimlərin olduğu məkana - məktəblərə hərdən göz yetirin. Koridorda ikicə dəqiqə dayanmaq bəs edir ki, özünü hansısa xəz dəri mağazasında, ya da xəz dəri nümayişində hiss edəsən. Anladıq, hamısı təbii deyil, amma bunun ən ucuzunun qiyməti 500-600 manatdan başlanır axı. Nədir bu bir-birinin bəhsinə xəz dəriyə bürünmək? Adlarına pedaqoq deyilir, amma dünyanın hər yerində uşaqlara heyvan sevgisi aşılanır. Bizdə isə heyvanların dərisinin diri-diri soyulub, ondan hazırlanan kürkləri nümayişkaranə şəkildə bir-birinin gözünə soxmaqla məşğuldular. Axı onlar maaşına görə ən aşağı təbəqə sayılır. Günlərini individual məşğələlərə görə qətl edən təbəqədən danışırıq. Dustaq həyatı yaşayırlar rəsmən - məşğələ, məşğələ, məşğələ. Axırda da kürk? Bu nə məntiq? 
 
Bu özündənrazılıq, saxta qürur ki bizdə var... Heç bir maddi böhran bizi yıxa bilməyəcək. İndi bilmirəm, bu sonluq yaxşıdır, ya pis?
 
Musavat.com