FLAŞ


İlham Əliyevdən erməni diplomata sərt cavab


http://www.qafqazinfo.az/newsphotos/2016/02/14/bdbfe7845d9047d99acabee490bf7110.jpg

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib. 

Bolge.info-nun APA-ya istinadən məlumatına görə, prezident İlham Əliyev Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirib:

“Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.