FLAŞ


“Atalığım məni eşşək kimi minirdi...”

– Acı həyat


http://axar.az/cdn/2016/february/14/1455401406.Jpeg

Bu 10 yaşlı oğlanın haqqında mənə dostumun atası sözarası bəhs etdi. Dedi ki, yazığın biridir, işlədiyim yerin arxasında yarımçıq tikili var, orada məskunlaşıb, onu görəndə adamın ürəyi kabab olur...

İstiqamət verilən tikiliyə keçirəm. Yarımçıq binanın qapı pəncərəsindən içəri təkcə işıq düşmür, həm də əsən külək özü ilə qandondurucu soyuq gətirir. Hər tərəfində qapı və pəncərə yerləri olduğundan  içəri yelçəkəndir. Otaqlardan kiçiyinin doxsan dərəcəli bucağında kartonlarla üstü və qarşısı bağlanmış komaya yaxın gəlirəm. Ayaq səslərimə karton qapı açılır. 10-12 yaşlı oğlan uşağının baxışları üzümə zillənir. Qəribədir, sifətində bir məmnunluq da var.

- Niyə bekarsan, adə, işin-gücün yoxdur? - deyirəm.

- İş var ki? – deyib, komadan çölə çıxır, özünü yaşından böyük aparır. Kimi dindirirsən, iş axtarır da. Buna da şükür.

Ləhcəsindən bilirəm ki, cənubludur.

- Sən nə iş görə bilərsən?

- Hər şey...

Oğlan iş tapmış adam kimi sevincli idi. Yalandan nə isə uydurmalı idim ki, onunla layihəmin qəhrəmanı kimi danışmaq istəyimdən duyuq düşməsin. Ortalıqdakı daşın üstünə taxta parçası qoyub oturdum. O da üz-üzə oturdu.

- Həsən dayı dedi ki, burda bir bacarıqlı uşaq var, əldə-ayaqda işləyə bilər, ona görə gəldim. Həyətimdə bir balaca iş var...

- No problem, dayıcan.

- Heç demədin nə işdi.

- Nə iş olsa görərəm, mənim iş seçmək vaxtım, şansım yoxdur, dayı, - bu dəfə səsi uzaqdan gəldi, hiss etdim işi itirmək qorxusu var.

Adını soruşdum.

- Mənə hamı “Qaqa” deyir, - dedi.

- Olsun mən də Qaqa deyərəm.

Qaqa ilə bir qədər söhbət etdik. Həyətimdə görəcəyi işə görə 15 manat ödəyəcəkdim. Özü bu qədər istədi. Üstəlik, günorta yeməyini də mən verəcəkdim.

- Körpünün altına getsən, ən azı 30 manat istəyəcəklər, hələ siqaret də aldıracaqlar.

Razılaşdım.

- Vaxtı var, hələ. Başqa işin yoxdursa, söhbət edək.

- Nə söhbət, ay dayı?

- Özün haqda danış.

- Nə danışım sənə?

- Kimsən, burda necə qalırsan? Elə belə, maraqlıdır mənim üçün, axı, görürəm, diribaş olsan da, kimsəsizsən, qalmağa yerin yoxdur.

Onun iç dünyasına girmək heç də asan olmadı. Axır ki, mənə ürək qızdıra bildi.

- Mən rayondan qaçıb gəlmişəm. Qatara mindim gəldim Bakıya, limon gətirmişdim, satdım, pulum vardı, axşam qayıdacaqdım. Amma qayıtmadım. Bakı xoşuma gəldi. Bakılı olmaq istədim.

- Bakılı olmaq xoşuna gəldi? – deyib, gözlərimi onun üst-başına, qaldığı yuvaya tərəf hərlədim.

- Yox, bakılı olmaq xoşuma gəlmədi. Bakı isə xoşuma gəldi. Mən belə bilmirdim. Elə bilirdim ki, qarşıma çıxan ilk qadın məni oğlu kimi evinə aparacaq, böyüdəcək.

- Kinolardakı kimi?

- Hə...

- Bəs rayona niyə getmirsən?

- Getmərəm. Orda da gün-güzəran yoxdur. Anam bizi işlədir, atalığım da eşşək kimi minirdi məni. İçib piyan olurdu. Canımı güclə qurtardım. Amma ürəyim yenə də kənddəki evimizdədir.

Qaqa nəsə demək istədi, amma susdu. Təsadüfi adama hər şeyi danışmaq olmazdı. Qılığına girdim:

- Danış mənə həyatını, yüngülləş. Sənə iş də taparam işləyərsən. Tanış adam var, deyərəm, moykada maşın qurulayarsan.

- Dayıcan, mən həyatımı çox adama danışmışam. Heç birinin də mənə rəhmi gəlməyib, hələ desən, üzümə anamı söyüblər, gördüyüm işin yarı pulunu kəsiblər. Ona görə də hər kəsə bir cürə nağıl danışıram. Sənə nə danışım? Mən danışanda yüngülləşmirəm, dayı, daha pis oluram.

Elə bil bu balaca oğlanın içində yaşlı bir adam oturub, danışan o yaşlı, həyatın min əzabını görən adamdır. Əl çəkmirəm, amma bu dəfə azyaşlı ilə deyil, tay-tuş bildiyim birisi ilə söhbət edirəm:

- Mənə də danış... necə istəsən o cür danış. Elə bilirəm ki, danışdıqların həqiqət olacaq. Həm də bir-birimizi tanıyaq, deyirəm. Və həyatımın ağrılı günlərindən bəhs edirəm. Uydurduğum hekayət özümə də təsir edir, sanki başqasının həyatından bəhs edirmişəm ki, özümün öz həyatıma, keçirdiyim günlərə ürək ağrısı ilə bəzək vururam. O dinləyir və mənim çox sonralar ev-eşik sahibi, mənsəb sahibi olmağım ona çox maraqlı gəlir. Daha diqqətlə üzümə baxır. Qaqanın gözlərində bir arxayınlıq var. Məni tanımır, kimliyimlə də maraqlanmır. Səfil həyat yaşayır, amma doğulduğu kəndə, anasının yanına da qayıtmaq istəmir.

- Dayı, bütün günahlar mənim rəhmətlik atamdadır... Gərək ölməyəydi o... Elə arvad da alanda, gərək anamı almayaydı. Seçəydi, kənddən yaxşı halal süd əmmişini alaydı. Daha ərinin ili çıxmamış başqa kişiyə getməyəydi. Bu günümə düşməyimdə anamı günahkar bilirəm. Amma günahın böyüyü atamdadır. O, ölməməliydi...

Qaqa söhbət edir, əyninə keçirdiyi az qala yerlə sürünən gödəkcənin boyunluğunu qaldırır.

- Bunu sənin Həsən dayın verib, görmürsən üstü “svarkadan” yanıb deşik-deşik olub? Pis adam deyil, amma o da yazıqdır. Oğlu var, altında bahalı maşını, gəlir kişinin qazandıqlarını əlindən alır gedir. Bu zəhmət çəkir axı...

Qaqa dostumu nəzərdə tutur. Əslində, dediyi kimi deyil. Dostum atası ilə bir yerdə yaşayır, bu onların biznesidir. Həsən dayı oğluna doğurdan da pul verir, çünki onun işlərinin yarıdan çoxu oğlunun öhdəsinə düşür, material alır, müştəri tutur, quraşdırma işləri aparır. Qaqa isə pulların alındığını görür, amma işin mahiyyətini bilmir. Ona görə də dediklərinə münasibət bildirmirəm, bu onun həqiqətidir.

- Hə, dostum, daha ataları günahkar tutma, necə oldu sənin anan sizi yad kişiyə dəyişdi?

- Anam ərə gedəndə hamı dedi, bunu bizə görə edib ki, ac qalmayaq, evimiz kişisiz olmasın, cavan qadındır, adına söz çıxmasın. Anamın anası, xalaları, elə mənim də xalam, dayım arvadları bunu dedilər. Amma heç bir ay keçmədi ki, atalığım məni də məndən iki yaş böyük bacımı da incitdi, döydü, anam isə bizi danladı, guya ki, biz özümüzü pis aparırıq. Bacıma yenə də bir söz demirdi. Məni daha çox döyürdü. Kənddə toy olanda atalığım piyan gəlirdi. Toy yerindən araq da gətirirdi, evdə içirdi, sonra da məni yanına çağırıb eşək kimi minirdi belimə. Bacım ağlayırdı, anam isə gülürdü, ərinə deyirdi, eləmə, uşaqlar sənin zarafatını başa düşmür. O, isə zarafat etmirdi. Getdikcə anama nifrət edirdim. Atama acığım tuturdu. Bir dəfə Novruz bayramında atamın qəbrinin üstündə ona az qala söyəcəkdim ki, niyə öldün...

Qaqa danışığına ara verir. dərindən köks ötürüb, yenidən danışır:

- Atam balıqçı idi, qayığını deşiblərmiş, dənizə getdikdən sonra su buraxıb, sahilə çıxa bilməyib. Əslində, o bizə görə özünü dənizə qurban vermişdi.

- Bəs qohum-əqrəba, əmilərin bilmirdimi sizə olunan zülmü?

- Hamı öz hayındadı. Mən bacıma görə yaşayıram. Bir dəfə bacım mənə dedi ki, niyə sən məndən böyük olmadın, məni qoruyardın, mən səni qoruya bilmirəm. Bax, dayı, mən bacıma söz vermişəm, onu Bakıya gətirəcəm, işləyəcəm, qoy onu heç kəs incitməsin... Kənddə o da itib batacaq.

- Neçə gündür burdasan?

- 4 aydı. İndi hava pisdir. Ac qalmıram, işləyirəm. Yığdığım pulu sənin Həsən dayına verirəm. Bax, buranı o svarkalayıb mənim üçün. Yatıram burda, iş tapır mənə, dəmir-dümürü əl-ayaqdan yığıram, qapı, darvaza yüklənəndə işin qulpundan yapışıram, hər bir klientin qapı-pəncərəsi üçün mənə bir manat muzd verir, yeməyim də onun hesabınadır. O gün xəstələnmişdim, dərman da aldı. Sağ ol, dedim. Dedi, öz puluna almışam. O kişi pis kişiyə oxşamır. Baxma ki, oğlu onu qazlayır. O da belə baxtsız adamdır.

- Evlə əlaqə saxlayırsan?

- Hə, o gün bir klient vardı, telefonunu götürüb evə zəng vurdum, bacım götürdü, danışdım onunla. Ağladı. Dedi, gözüm səni axtarır. Deməsə də, bildim ki, atalığım onu da incidir. Axırı danışdı. Dedi, o gün piyan imiş, deyib, gəl, su tök başımı yuyum. Bacım da tökmək istəməyib. Deyib, it qızı, tutub eşşək kimi minərəm səni. Anam savaşıb əri ilə. Deyib, qıza bir də ağır söz desən, səni evdən qovaram, sənin ucbatından nə müddətdir oğlum qaçaq düşüb. Ana olması yadına düşüb də, dayı.

Qaqa kövrəldi:

- O ev atama böyük nənəmdən qalıb, bizim evdir, onlar orda yaşayır, mən isə burda. Bacıma yazığım gəlir. 13 yaşı var, istəyəni olsaydı, ərə verərdik. Amma kasıb adamın qızını kim alacaq ki? Dayı, mən nəslimin adına yaşamıram... Mənim nəslim bacımdan başlayacaq, məndən başlayacaq... Adamlar məni işlədir, yemək verir, doyunca yeyirəm. Xəstə deyiləm, yaşım azdır. Əvvəl qorxurdum burda gecələyəndə. İndi qorxmuram, səhərə qədər maşınlar keçir yoldan, soyuq olanda, qar yağanda itlər gəlir doluşur yatır küncdə. İstədim itlərdən birini özümünkü edəm, yatanda sıxılam ona, isitsin məni. Sonra fikirləşdim ki, o iti gərək yedirdəm. Mən isə bacım üçün çalışıram.

Qaqa danışırdı. Bilirdim ki, danışdıqları ona hesablanmayıb ki, ona rəhmim gələ. Bəlkə də ilk dəfə idi onun dərdinə belə qulaq asan adamla rastlaşırdı.

- Həyətimizdə atamdan qalma limon ağacları var. Yığıb satırdıq. Bir dəfə bacımla limonları yığırdıq, anam da bizimləydi. Müştəri isə həyətdə anamın əriylə çay içirdi. Mənim bir limonu yediyimi gördü. Yanına çağırdı, dalma təpiklə vurdu ki, niyə işləmirsən. Onun bu hərəkətinə görə müştəri acıq etdi, dedi, səndən limon almayacam. O getdikdən sonra atalığım məni döydü, bir teşt limonu qabağıma qoyub dedi, köpəyoğlu, ye bunların hamısını...

Qaqanın səsi titrəyirdi. Əli əsirdi. Birdən üzümə baxdı:

- Dayı, elə bilirsən, mənə xoşdur burda qalmaq? Qorxuram kəndə getməyə, gedərəm, bacıma bir söz deyər, öldürərəm onu, məni tutarlar... Bacım küçələrdə qalar.

Daha Qaqanın dərdlərini vərəqləmək istəmədim. Ona üç manat beh verdim. Götürdü.

- Al bunu, 2-3 günə gəlib səni aparacam. Amma kəndə getsən yaxşıdır, Qaqa, burada itib-batarsan, kəndə qayıt.

- Yox, dayı, kəndə getmərəm, bacımı da bura gətirəcəm. Xəzərdə dərzi arvad var, danışmışam, bacıma paltar tikməyi öyrədəcək.

- Qaqa, kəndə get, bacının yanında ol, orda da iş tapıb işləyə, bacını oxuda bilərsən. Sənə görə bacına elçi də düşərlər, ərə də verərsən...

Qaqadan ayrıldım. 3 gün sonra, Həsən dayı məni evinə çağırdı. Hal-əhval tutduqdan sonra 3 manat pul verdi mənə:

- Yetim varıydı e, talış balası, o verdi, dedi, səndən borc alıb, qaytarım. Özü də yığışıb getdi kəndlərinə...

 

Faiq Balabəyli / Axar.az