FLAŞ


Özünü yandıran gəncin son sözü


http://news.lent.az/upload/images/news/2016/february/10/small/3fbc4dc3feffc722b6488a631e96939c.jpg

"Gördük ki, qara duman içində kimsə yana-yana yaxınlaşır" 
 

“Birdən gördük ki, mənə tərəf qara duman içində kimsə yana-yana yaxınlaşır. Heç tanımadıq kimdir. Nə edirdiksə, söndürə bilmirdik. Qardaşı tez təpiklə ayağından vurub yerə sərdi, hamımız paltarımızı çıxarıb üstünə atdıq, birtəhər söndürdük alovu. Hələ də bilmirdik kimdir yanan. Təsəvvür edin, bacısının gözü qarşısında qardaşı yanıb, o da bilmirdi ki, bu tüstünün içində qap-qara kömür olmuş şəxs kimdir. Bir sonra bildik ki, bu bizim Taleh imiş”.

Lent.az-ın məlumatına görə, bunu fevralın 9-da Zirə qəsəbəsi Südçülük savxozu yaşayış massivində özünü yandıran 23 yaşlı Taleh Ömərlinin qayını, həm də xalası oğlu olan Eldəniz Məmmədov deyib.

Onun sözlərinə görə, 23 yaşlı Taleh Ömərli 2 ildən artıq imiş ki, evlənibmiş. Əsgərlikdən gələn kimi Nərmin xanımla ailə qurub və onların Ömər adlı övladı dünyaya gəlib. Ömər anadan olandan sonra asma-bronxit xəstəliyinə düçar olub.

Qaynının dediyinə görə, ailədə maddi vəziyyət üzündən münaqişə olub.

T. Ömərlinin anası isə bildirib ki, həmin gün spirtli içki qəbul edən Taleh evə gəlib, uşağı öpüb, sonra da həyat yoldaşına "uşağı sənə tapşırıram" deyib və gedib.

O, daha sonra əlində benzin evin qarşısına gəlib və həyat yoldaşı onun evə də od vuracağından qorxub. Lakin küçəyə çıxıb və özünü yandırıb.

Qayını Eldəniz Məmmədov deyib ki, onu ağır vəziyyətdə Mərdəkandakı xəstəxanaya çatdırıblar. Lakin orda yanıq şöbəsi olmadığı üçün Respublika Yanıq Mərkəzinə gətiriblər. Bununla belə, T. Ömərlinin həyatını xilas etmək mümkün olmayıb.

Qohumlarının bildirdiyinə görə, intihar etməmişdən öncə T. Ömərli evini də satışa qoyubmuş. Özünü öldürməklə Taleh düçar olduğu çətinliklərin cəngindən xilas oldu. Ancaq geridə gözüyaşlı ana, tənha həyat yoldaşı və atasız böyüyəcək 2 yaşlı körpə uşaq qaldı. Talehin ölümündən sonra isə nə dünənki problemlər azalacaq, nə sabahkı dərdlər onun ailəsindən yan keçəcək. O ölümü ilə yalnız onun özünün yox, özündən geriyə qalanların da taleyini dəyişdi. Özü də heç nəyin daha asan olmayacağı bir istiqamətə...

Qeyd edək ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.