FLAŞ


Manata təhlükə artır


http://musavat.com/data/largenews/dir273/img1742877.jpg

Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın zorla manatı qorumaq istəyi növbəti devalvasiyaya gətirib çıxara bilər...

 

Milli valyuta olan manatla bağlı ucuzlaşma təhlükəsinin hansı həddə olması ciddi şəkildə müzakirə edilməkdədir. Bir çox ekspertlər bu fikirdədir ki, manatın ucuzlaşması təhlükəsi qalmaqdadır. Sadəcə, Mərkəzi Bank inzibati yollarla yenə manatı qorumağa çalışır. Bunun da təhlükəli olduğu vurğulanır. Qeyd edilir ki, bu addımlar növbəti devalvasiyaya gətirib çıxara bilər. 
 
Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, manatın aktivliyinin artması kimi fikirlər əslində doğru qərar deyil: “Manatın aktivliyinin artması onun ucuzlaşması, qiymətlərin isə bahalaşması deməkdir. İndi görək bu aktivlik altında martda hansı addımlar atılacaq? Məsələ ondan ibarətdir ki, artıq rəsmi olaraq manatın aktivliyinin artacağı və bununla da manata inamın artacağı bildirilir. Manata inamın artması çox vacibdir. Manata inamın olmaması təkcə manatın özü üçün yox, ümumilikdə bank sistemi, iqtisadiyyat üçün təhlükə törədir. 
 
Ona görə manatın sabitliyinin təmin edilməsi üçün hökumətin addımlar atması lazımdır. Amma bu gün biz bazarda bir qədər iqtisadi qanunauyğun olmayan addımları görürük. Daha çox inzibatçılıq görürük. Yəni Mərkəzi Bank pul bazasını məhdudlaşdırır və bu gün banklar manat tapa bilmir. Bankın manatı yoxdur ki, gedib Mərkəzi Bankın hərracında dollar alsın. Mərkəzi Bank hər gün elan edir ki, dollar alan bankların sayı getdikcə azalır. Yəni dollara tələbat azalır və bunun əsasında Mərkəzi Bank dolların kursunu getdikcə aşağı salır. 
 
Bu, əslində məsələnin görünən tərəfidir. Görünən odur ki, doğrudan da bankların dollara tələbatı azdır. Bu məsələdə Mərkəzi Bank banklara təsir etmir. Bankların pulu olmadığına görə dollar ala bilmirlər. Manat qıtlığı yaranır. Birinci devalvasiya baş verəndən sonra manatı yumşaq buraxmaq lazım idi. Amma bunu etmədilər. Manatı başladılar sabit saxlamağa. Hətta süni surətdə manatı bahalaşdırma siyasəti həyata  keçirildi. Və nəticədə birdən-birə dekabrda manat 48 faiz öz dəyərini itirdi. Elan etdilər ki, manat üzən məzənnəyə keçir. Hətta ikinci devalvasiyadan sonra da manat düşməyə başladı və yenidən qayıtdılar əvvəlki vəziyyətə, yenə manatın süni surətdə məzənnəsini saxlamağa başladılar. Hər gün inzibati yolla, ehtiyac olmadan manatı bahalaşdırırlar. 
 
Düşünürəm ki, bu təsir müvəqqəti təsir ola bilər. Amma uzunmüddətli dövr üçün bunun elə bir müsbət təsiri olmayacaq. Çünki manata təzyiq artdıqca, ola bilsin, manat yenə də növbəti devalvasiyaya uğrasın. Ona görə düşünürəm ki, Mərkəzi Bank süni surətdə bunu etməməlidir. Manatın aktivliyi artacaq o deməkdir ki, dövriyyəyə manat kütləsi buraxılacaq, manatla kreditləşmə artacaq. Bu, ona gətirib çıxaracaq ki, dövriyyəyə pul gələn kimi şirkətlər başlayacaq o manatı götürüb məhsul almağa. Dollara çevirib xaricdən məhsul gətirəcəklər. Manat dövriyyəyə buraxılan kimi qiymətlər artacaq, tələbat artacaq. Bu baxımdan, manatın aktivliyinin artması heç bir halda onun möhkəmlənməsi demək deyil. Bu baxımdan, düşünürəm ki, bu məsələdə hökumət daha rasional addımlar atmalıdır. Süni addımlardan, inzibatçılıqdan qaçmalıdır. Dollar bolluğu yaratmalıdır ki, manatın məzənnəsini saxlaya bilək. Əks halda, inzibati yollarla istənilən nəticəni əldə etmək olmaz”. 
 
Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, ölkədə manatın tam sərbəst buraxılması mümkün deyil:“Bunun üçün şərait, iqtisadi institutlar yoxdur. İndiki iqtisadi və siyasi sistemdə manatın məzənnəsi həmişə inzibati olacaq və Mərkəzi Bank tərəfindən müəyyən olunacaq. Tam sərbəst məzənnəyə keçid üçün birjalar, ölkəyə valyuta gətirən çoxlu sayda şirkətlər olmalıdır, bunlar isə yoxdur. Mərkəzi Bank manatın məzənnəsini nəzarətli şəkildə endirməkdə davam edəcək, başqa yolları yoxdur”.