FLAŞ


Virusa görə GÜZƏŞT:""Buraxılış və qəbul imtahanlarında asan sualların sayı çoxaldılsın"

- DİM-ə müraciət


https://azedu.az/uploads/news/2020/03/azedu.az_1503665073393663904_1000x669_265.jpg

Təhsil müəssisələrində tətil müddətinin uzadılması ictimaiyyətdə narahatlıq doğurur.

AzEdu.az xəbər verir ki, bu məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi   Nazirlər Kabinetinə,  Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciət edib.

O, yaranan vəziyyətlə əlaqədar olaraq rəsmi qurumların güzəştlər etməsinin vacibliyini vurğulayıb.

“COVİD-19 virusu ilə əlaqədar olaraq bütün təhsil müəssisələrində dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə dərslərin təxirə salınması vətəndaşı qorumaq baxımından təqdirəlayiqidir.

Amma vətəndaşın təhsili də önəmlidir. Ölkəmizdə distant təhsilin qeyri-mövcudluğunu, şagirdlərin və tələbələrin 2 aya yaxın tədrisdən kənarda qalmasını nəzərə alaraq müvafiq qaydada güzəştlər tətbiq etmək lazımdır.

Belə ki, semestr imtahanlarında tələbələri kəsrsiz ötüşdürərək növbəti kursa keçməsinə imkan yaratmaq, ali məktəblərə, kolleclərə qəbul zamanı suallarda asanlıq dərəcəsində olan sualların sayçoxluğunu təmin etmək, buraxılış və qəbul imtahanlarını iyun və iyul aylarında yalnız bir dəfə olmaqla həyata keçirmək, imtahanları istiqamətlər üzrə ayrı-ayrı günlərdə deyil, eyni gündə keçirmək faydalı olardı.

Qeyd edim ki, imtahanlarla bağlı təkliflər paketini bütün ayrıntıları ilə hazırlamışam. Əgər lazım olarsa müvafiq qurumlara təqdim edə bilərəm”.

Xatırladaq ki, Nazirlər Kabineti koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.