FLAŞ


Bu universitetin kafedra müdiri həbs edildi


https://ww2.lent.az/upload/images/news/2019/october/28/big/59a970e5ac9c542bd8f7baa2005e6361.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Baş Prokurorluqdan APA -ya verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət
İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması
və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.
Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.
Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilərək götürülüb.
Həmçinin, həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd «LG» markalı monitor, 1 ədəd «Raimb» markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülüb.
Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılmış axtarışlar nəticəsində toplanmış ilkin sübutlarla, habelə aparılmış ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilib ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparıblar.
Cinayətkar qrup üzvləri arasında aparılmış bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta-ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlanması, hazırlanmış saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra etmiş, habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçiriblər.