FLAŞ


Məşhur qayınana-kürəkən olayının gizlinləri

– Günel Natiq yazır...


https://ww3.kulis.az/upload/images/news/2019/july/22/big/8f06df098e62faf220fde24cfc3e7195.jpg

Nədənsə belə bir mif var ki, qadınlar tanımadıqları adam tərəfindən təcavüzə uğrayırlar. Amma reallıq bu mifi darmadağın edir.

Məsələn, statistikaya görə, İngiltərə, Uels və Avstraliyada hər beş qadından biri cinsi istismara məruz qalır. ABŞ-da da statistika təxminən eynidir; hər 5 qadından və hər 71 kişidən biri nə vaxtsa cinsi təcavüzə uğrayıb.

Böyük Britaniyada aparılan bir araşdırma göstərir ki, baş verən hadisələrin yalnız 10 faizində zərərçəkmiş tanımadığı şəxs tərəfindən təcavüzə məruz qalıb.

Cinsi zorakılıq hallarının 56 faizində təcavüzkar zərərçəkmişin sevgilisi, 33 faizində isə dostu, tanışı, ya da ailə üzvü olub.

Səsi-sədası bizə gəlib çatan əksər cinsi zorakılıq hallarında təcavüzkarın ailəyə yaxın adam olduğunu görürük.

Qubada baş vermiş hadisədə cinayətkar zərərçəkmişin öz kürəkənidir. 53 yaşlı qayınanasının evdə tək olmasından istifadə edib ona təcavüz etmiş 34 yaşlı şəxs görəsən hansı cəmiyyətdə, hansı şərtlər altında böyüyüb? Hansı ata-ana onu tərbiyə edib? Və yalnız ailənin deyil, formalaşdığı mühitin də günahı var.

Ata-ananın vəzifəsi övladlarını yaxşı insan kimi tərbiyə etməkdir.

Əgər bir insan yetişdirə bilməmisinizsə, deməli vaxtınızı hədər yerə sərf etmisiniz.

Belə situasiyalarda məsələnin kökünü dərinlərdə axtarmaq lazımdır. Tərbiyə aldığı ailədən tutmuş psixoloji travmalara qədər.

Amma bu situasiyada yalnız kürəkən günahkar deyil.

Mənbədə deyilir ki, kürəkən bir neçə dəfə qayınanaya təcavüz etməyə cəhd edib. Deməli, bu adam hələ çox-çox öncədən iç üzünü göstərib, məqsədini biruzə verib. Qayınana isə bütün bu zorlanma cəhdlərindən sonra heç nə olmamış kimi üzdəniraq kürəkənlə normal qaydada davranmaqda davam edib. Görünür, bu məsələyə potensial cinayətkarın həyat yoldaşı da xüsusi reaksiya göstərməyib. Əks halda təcavüzə cəhd şikayətilə polisə müraciət edilərdi, ən azı məsələ boşanmaya qədər gedib çıxardı.

Qəribədir ki, belə çirkin davranışlardan sonra həyat öz axarında davam edib. Qadın onu zorlamaq istəyən kürəkəninin varlığından heç də narahat olmadan, sakit bir şəkildə həyatını sürdürüb. Qayınatanın da bütün bunlardan sonra kürəkənlə problemi olmayıb, əks halda kürəkən bu planını gerçəkləşdirməyə cəsarət etməzdi.

Belə məlum olur ki, 53 yaşlı qayınanaya təcavüz etmək kürəkənin ən ümdə planı olur. Razılaşın ki, tragikomik situasiyadır. Nəhayət, kürəkən pivə içir və cəsarətini toplayıb yenidən qayınanaya təcavüz etməyə yollanır.

Bu dəfə qayınana evdə tək imiş. Kürəkən bundan istifadə edərək çoxdankı planını həyata keçirir və qadına təcavüz edir.

Bu hadisədən sonra qadın polisə üz tutur. Məsələ böyüyür, kürəkən ifadə verməyə çağrılır, onu həbs gözləyir, saytlar bu məlumatı yayır və birdən gözlənilməz hadisə baş verir:

Rayondan bildirirlər ki, lütfən, bu məlumatları saytdan silin. Belə ki, qayınana kürəkənini bağışlamağa hazırlaşır.

Bu xəbər hamını təəccübləndirir. Necə yəni qayınana kürəkənini bağışlayır? Məgər ailədaxili kiçik bir çəkişmədən söhbət gedir? Bu şəxs ailə dəyərlərini, insani dəyərləri tapdalayıb, ana əvəzi bir qadına qarşı belə bir çirkin əməldə bulunub, onu əfv etmək mümkündürmü?

Bu məqamda qayınananın əri, yəni qayınata söhbətə qarışıb və o da kürəkənini bağışlamağı xahiş edib. Onun bu hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu dilə gətirib. Belə çıxır ki, bu üzdəniraq adam anlaqsız olduğu vaxtlarda nədənsə hər dəfə qayınanasını xatırlayırmış.

Kürəkənin bağışlanmasını xahiş edən zərərçəkmişin əsas səbəbi ondan ibarət olub ki, ailədə uşaqlar böyüyür. Gərək kürəkən işləyib onları böyütsün. Əgər kürəkən həbs olunsa, uşaqları kim böyüdəcək?

Belə çıxır ki, bu insanın qazancı onun bütün kir-pasını ört-basdır edir. Yəni bu kirli insanın qazancı namus, qeyrət kimi anlayışlardan, ailə dəyərlərindən üstündür.

Belə bir insanın qazandığı çörək görəsən ailənin boğazından necə keçəcək? Belə bir şəxsə uşaqları əmanət etmək olarmı? Və yaxud onun tərbiyə etdiyi uşaqlar cəmiyyət üçün nə dərəcədə yararlı ola biləcəklər?

Belə bir “oksigensiz” mühitdə bu adamlar necə nəfəs alacaq, onu deyə bilmərəm, amma onu bilirəm ki, bu olayda bizim bilmədiyimiz, daha doğrusu, gün işığına çıxarılmayan başqa gizli mətləblər də var...

 

Günel Natiq

Lent.az