FLAŞ


Adama deyirlər ki, niyə başqasının paçasının arasını güdürsən?


https://modern.az/uploads/news/seymur-verdizade-11554787639.jpg

Seymur Verdizadə

 
Biz məişət zorakılığını müzakirə edirdik. Mən həmişə olduğu kimi yenə qadının döyülməsinin, təhqir edilməsinin əleyhinə danışırdım. Verilişin qonağı olan digər kişi ekspertlər isə gah nala, gah mıxa vururdular. Qonaqların arasında cəmi bir qadın vardı. Fəlsəfə üzrə fəlsəfə doktoruydu. Sovet dövrünün yetirməsi olduğu üçün mən onun yaxşı təhsil aldığını düşünürdüm. Amma ağzına su alıb oturmuşdu. Reklam fasiləsində xahiş etdim ki, bir az fəal olsun, mövzuyla bağlı düşüncələrini dilə gətirsin...
 
Bundan sonra nə baş verdiyini təsəvvür edə bilməzsiniz. Reklam fasiləsi başa çatan kimi söz istədi. Aparıcı mikrofonu ona uzatdı. Ağzını açan kimi ilk sözü bu oldu: "Günah biz valideynlərdədir. Qızlarımızı çox ərköyün böyüdürük".
 
Bilmədiyi mövzularda danışmağa həvəsli olan ekspert yoldaşımız onun sözünə qüvvət verdi: "Müəllimə düz deyir. İndi qızını döyən valideyn tapmaq çox çətindir".
 
Bu sözlərdən sonra "müəllimə" daha da ruhlandı: "İndiki gəlinlərə bir şillə vuran kimi boğçasını da götürüb, atasının evinə yollanır. Ay başınıza dönüm, kişi qadınl döyər də, söyər də. Guya bizi döyməyiblər? Cavan olanda ərim gözümün altına elə yumruqlar vururdu ki, yeri bir həftə çəkilmirdi".
 
Azərbaycan teleməkanında ciddi ekspert qltlığı yaşanır. Bu təfəkkürün sahibi olan "alimlərlə", "ziyalılarla" efirdə tez-tez qarşılaşmaq mümkündür. Mən 10 ildi yazıram, deyirəm ki, telekanalların qapılarını ziyalıların üzünə açmaq lazımdır. Hətta xahiş-minnət edib hansısa alimin, həkimin, müəllimin efirə dəvət almasını təmin edirəm. O da gəlib cavanlıqda əri tərəfindən döyülməyindən nostalji hislərlə danışır..
 
Ötən gün özəl telekanalların birində çoxuşaqlı ailələrin durumunu müzakirə edirdik. Maddi vəziyyəti sabit olmayan ailələrdə beş-altı uşağın dünyaya gətirilməsinin əleyhinə olduğumu bildirdim. Verilişin qonağı olan tanınmış bəstəkar dərhal mənə opponentlik etdi: "Ruzunu verən Allahdır. Uşaq dünyaya gəlməmiş Allah onun ruzusunu göndərir".
 
Biz öz mövqeyimizi əsaslandırmağa çalışdığımız vaxt aparıcı verilişin qəhrəmanını studiyaya dəvət etdi. Məlum oldu ki, ucqar rayonlarımızın birindən təşrif buyurmuş bu qadın beş uşaq anasıdır. Böyük uşağın 14, sonbeşiyin 4 yaşı var. Aparıcıdan əvvəl mən soruşdum: "Ay bacı, uşaqların yazıb-oxumaq bilir?"
 
Qadın başını aşağı salıb, zəif səslə dedi: "Ərim işləmir. Uşaqlara əyin-baş almağa imkanımız yoxdur. Buna görə də heç birini məktəbə göndərə bilmirik. Böyüklər qoyun-quzu otarır, xırdalar da evdə əl-ayağıma dolaşırlar".
 
Mən hələ 1998-ci ildə hərbi xidmətdə olanda əsgər yoldaşlarımın arasında hərf tanımayan xeyli adam vardı. Hansısa sənədə qol çəkmək lazım gələndə, onlar imza yerinə baş barmaqlarını basırdılar. Hər dəfə bu vəziyyət təkrarlananda digər əsgərlər şaqqanaq çəkib gülür, o uşaqlar isə utandıqlarından yerin dibinə girirdilər. Mənim başqalarının ürəyini oxumaq kimi qeyri-adi bir qabiliyyətim yoxdur. Amma yüz faiz əminəm ki, hərf tanımayan o əsgərlər həmin vaxt ürəklərində valideynlərini söyürdülər...
 
Bu hadisıni mənə jurnalist dostlarımdan biri danışıb. Ailə həyatı quran gənc qız hərf tanımadığı üçün nikah şəhadətnaməsinə baş barmağını basmalı olub...
 
Bilirsiniz, vəziyyətdən çıxış yolu nədir? Cəmiyyətə doğru mesaj vermək lazımdır. Demək lazımdır ki, ay qardaş, ay bacı, özün yeməyə çörək tapmırsansa, beş uşaq sənin nəyinə lazımdır? Axı o uşaqların günahı nədir ki, ömürlərinin axırına kimi dost-tanışın gülüş hədəfi olsunlar? Təəssüf ki, hamı bu həqiqətləri dilə gətirə bilmir. Çünki danışanın özünü hədəfə çevirirlər, sosial şəbəkələrdə aşağılayırlar, qaralayırlar. Adama deyirlər ki, niyə başqasının paçasının arasını güdürsən? Buna görə də efirə çıxan adamların çoxu kütlənin əleyhinə çıxmağa çəkinir. Kütlə ziyalını da, qeyri-ziyalını da öz arxasınca sürüyür. Buna görə də hamımız sürünürük...
 
Moderator.az