FLAŞ


"Uşaqların atası mən deyiləm, arvadım hərəsini bir kişidən doğub"


https://modern.az/uploads/news/seymur-verdizade-11554787639.jpg
Seymur Verdizadə
 
 
 
Biz onunla Space TV-nin önündə qarşılaşdıq. Köhnə tanışlar kimi hal-əhval tutandan sonra mətləbə keçdi: "Məni içəri buraxmırlar. Xahiş edirəm, kömək eləyin".
 
Bu məsələnin səlahiyyətim daxilində olmadığını desəm də, əl çəkmədi: "Amil Xəlilin verilişində iştirak etmək istəyirəm. Mühafizəçiyə deyin, məni içəri buraxsın".
 
Çəkilişə tələsdiyim üçün onunla danışmağa vaxtım yox idi. Verilişin prodüserini onun arxasınca göndərəcəyimə söz verib, yerimdən tərpənmək istəyəndə, dövrə vurub, qarşımda dayandı: "Siz niyə qara camaatı dinləmək istəmirsiniz? Biz dərdimizi kimə deməliyik?"
 
Otuz-otuz iki yaşlı bu cavan oğlan sırtıqlıq edib, zəhləmi töksə də, hələ ki, özümü təmkinli aparırdım: "Çəkilişə tələsirəm. Nömrəmi qeyd elə. Sonra danışarıq".
 
Telefon nömrəmi yazsa da, yenə yolumdan çəkilmədi: "Mənə kömək edəcəyinizə söz verirsiniz?"
 
Yaxşı ki, bu cür tiplərlə ilk dəfə qarşılaşmırdım. Təmkinli olmaqdan başqa çarəm yox idi: "Sizin probleminizin nədən ibarət olduğunu mən bilmirəm. Mənim gücüm yazmağa, problemi ictimailəşdirməyə çatır. Əgər haqlı olsan, sənə kömək edəcəm".
 
Bir andaca sifəti işıqlandı, gözlərində ümid qığılcımları parladı: "Seymur müəllim, iki uşağım var, amma yoldaşımdan ayrılmaq istəyirəm. İstəyirəm ki, mənə kömək edəsiniz, aliment verməyim".
 
Səsimin tonunu bir qədər yüksəltdim: "Boşanmaq sənin hüququn, uşaqlara baxmaq isə atalıq borcundur".
 
Ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: "Uşaqların atası mən deyiləm. Arvadım hərəsini bir kişidən doğub".
 
Onu kənara itələyib, yoluma davam etdim...
 
Bu hadisədən 15 gün sonra tanımadığım nömrədən telefonuma zəng gəldi: "Seymur müəllim, sizi Space TV-nin qarşısında görüşdüyünüz adam narahat edir. Yoldaşımın pozğun olduğunu desəm də, o vaxt mənə inanmamışdınız. Xahiş edirəm, təcili görüşək. Əlimdə sübutlarım var".
 
Maraq güc gəldiyi üçün dedim ki, sabah 4-ün yarısında Xəzər TV-nin qarşısında olsun. Bu söhbət 15 gün əvvəl baş verdiyinə görə razılaşdığımız vaxt "Xəzər" televiziyasının qarşısında görüşdük. Ötən dəfə ona qarşı kobudluq etsəm də, incikliyini büruzə vermədi. Kefimi xəbər alıb, şənimə bir neçə xoş söz deyəndən sonra mətləbə keçdi: "Keçən dəfə mənə inanmadınız. Bax, sizə çoxlu sübut gətirmişəm. Bu şəkillərin hamısını arvadımın telefonundan çıxartdırmışam".
 
Sözünü tamamlayıb, əlindəki ağ zərfi mənə uzatdı: "Burda 53 şəkil var. Bu şəkillər arvadımın xəyanətkar olduğunu sübut edir".
 
Əlini geri itələdim: "Bu şəkillərin gerçək olduğunu hardan bilim? Bəlkə montajdır? Kişi də öz arvadının çılpaq şəkillərini yayar? Sənin şərəfin yoxdur?!"
 
Sifətini turşutdu: "Təhqir etməyin!"
 
"Allah cəzanı versin!" - deyib, giriş qapısının yolunu tutdum...
 
İki saat əvvəl yenə zəng eləmişdi. Səsində əvvəlki qətiyyətdən əsər-əlamət qalmamışdı. Dili topuq vura-vura belə dedi: "Evə gizli kamera quraşdırmışdım. Mənə xəyanət etdiyi yerdə arvadımın videosunu çəkmişəm. Diski sizə vermək istəyirəm".
 
Bu alçaqlığın qarşısında dilim tutuldu, deməyə söz tapmadım. Özümə gələndə, belə dedim: "Sabah 12-də Nərimanov parkında olarsan".
 
Sevincək cavab verdi: "Mütləq gələcəm!"
 
Sabahkı planım hazırdır: camaatın gözünün qabağında diski başına çırpacağam. Sonra da dalına bir təpik vurub, yola salacağam...
 
Bayaqdan bəri bir sual mənə dinclik vermir: o qurumsağı döysəm, məni tutarlar?..
 
 
Moderator.az