FLAŞ


İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı


https://cdn.axar.az/2016/11/10/ilham-serencam.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bolge.info sərəncamın mətnini təqdim edir:

1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

***

Prezident İlham Əliyev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2550) 2-ci və 5-ci hissələrində “iyunun 1-dən” sözləri “noyabrın 1-dən” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

1. Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Bəşirov Elxan Hidayət oğlu

Məmmədov İsmayıl İmran oğlu.

***

İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Səfərov Niyazi Abdulla oğlu

“Tərəqqi” medalı ilə

Ağazadə Şükür Mirzə oğlu

Axundov Emin Faiq oğlu

Atakişiyev Rüfət Tofiq oğlu

Babakişiyev Cəlal Rasim oğlu

Bağırov Nahid Rza oğlu

Əhmədov Fikrət Bayram oğlu

Ələsgərov Kamal Hidayət oğlu

Əzimov Zakir Mikayıl oğlu

Hacıyeva Menzer Asəf qızı

Heydərov Natiq Heydər oğlu

Həsənov Natiq Namiq oğlu

Həsənov Rafiq Həsən oğlu

Kərimov Cavid Əbülfət oğlu

Kərimov Ehtibar Həmzə oğlu

Qaraşov Fərhad Arif oğlu

Məmmədov Rəşad Malik oğlu

Məmmədov Ziyafəddin Məcid oğlu

Rəhimov Arif Fazil oğlu

Siraclı Qeys Məmməd oğlu

Vəliyev Yusub Rəhim oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qədirzadə Aysel Qadir oğlu

Poladov İlqar İlham oğlu.

***

İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2267) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Qanunun 13.1-ci maddəsinin birinci, ikinci, üçüncü cümlələrində, 13.4-cü maddəsində və 15.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir.”;

1.2. 3.2-ci bəndə “Milli Televiziya və Radio Şurası” sözlərindən sonra “,“müvafiq icra hakimiyyəti orqanları” dedikdə mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara və digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərə (o cümlədən animasiya filmlərinə), kompüter oyunlarına və digər elektron oyunlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mətbu nəşrlərə və digər informasiya məhsullarına münasibətdə isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.