FLAŞ


Kondisionerlərlə bağlı bilmədiyimiz nələr varmış


https://ww2.lent.az/upload/images/news/2019/june/03/small/1578312c9ba22dea1857a7221a694d60.jpg
Yayda sərinləmək üçün kondisioner əvəzsiz vasitələrdən biri hesab olunur. Bəzən kondisionerlərdən düzgün istifadə etməmək və yaxud bu qurğu ilə qaydalara zidd davranmağımız bir sıra fəsadlara yol açır.

Elə bu və ya digər suallara aydınlıq gətirmək üçün kondisioner mütəxəssisinə müraciət etməyi qərarlaşdırdıq.

Mövzu ilə bağlı Lent.az -a danışan kondisioner ustası Bayramov Babək əvvəlcə kondisionerlərin iş prinsiplərinə diqqət çəkdi. Bildirdi ki, kondisionerlərin uzun ömürlü olması üçün ilk növbədə onun təmizliyinə diqqət yetirilməlidir:
 
“Kondisioner alınarkən radiator, spilit və aqreqatlar düzgün seçilməlidir. Bu hissələrin mis olması vacibdir, çünki aluminium radiatorlar şaxtaya, eləcə də təzyiqə davamlı olmur və tez çürüyür. Eyni zamanda kondisionerlər quraşdırılarkən otağın kvadratı nəzərə alınmalıdır. Əgər bir neçə otaq varsa, bu qurğu orta otağa qoyulmalıdır. Aqreqatın blokda və ya qapalı yerdə quraşdırılması düzgün deyil, o açıq havada olmalıdır ki, qayıdan qazı mühərrik soyuda bilsin. Bu olmadıqda isə aqreqat tez bir zamanda xarab olar".
 
Usta əlavə etdi ki, kondisionerin bina evinin balkonunda quraşdırılması məsləhətdir. Buna səbəb isə hansısa problem yaranarsa, düzəltməyin daha rahat mümkün olmasıdır. İçəridəki spilitlə aqreqat arasında 3 metrdən 10 metrə qədər məsafə olmalıdır. Misboru seçilməlidir ki, sonralar sızma yaranmasın”.
 
Usta həmçinin qeyd etdi ki, ofis və mağazalarda kondisionerlər tez-tez, evdə isə 2 ildən bir təmizlənməlidir:
 
“Uzun müddət kondisioner təmizlənməzsə, yığılan toz aparatın sıradan çıxmasına səbəb olur”.
 
Yuxarıda qeyd etdiklərimiz kondisionerin texniki tərəfləri barədə mütəxəssis rəyi idi. İndi isə kondisionerlərin insan orqanizminə təsir edə biləcək ziyanlarını öyrənmək üçün həkimə müraciət etdik.
 
Həkim Vəfa Zeynalova Lent.az -a açıqlamasında dedi ki, kondisioner süni hava verdiyi üçün, həmin havada çox oturmaq məsləhət deyil:
 
“Otaqda olan temperatur çölün havası ilə çox fərqlənməməlidir. Temperatur çöldəkindən çox aşağı, yaxud yuxarı olarsa, orqanizm buna adaptasiya oluna bilmir və müxtəlif xəstəliklər, məsələn, bronxit, faringit, fraxait və s. əmələ gəlir".
 
Həkimin sözlərinə görə, istidən birdən-birə soyuq havaya daxil olduqda bu, səhətdə problemlər yarana bilər:
 
“Bu hal əzələlərdə ağrılar, soyuqdəymə, iltihab oynaq ağrılarını əmələ gətirə bilər. Tövsiyə edirəm ki, kondisioner olan otaqda çox oturulmasın. Ümumiyyətlə, uşaqlar və immun sistemi zəif olan insanlar kondisioner havasından olduqca uzaq olmalıdırlar”.