FLAŞ


Təhsil şöbələrinin müdirləri nazir müavininə hesabat verdilər


http://azedu.az/uploads/news/2019/05/azedu.az_02-29.05.19-3_154.jpg

Mayın 29-da Qazax rayonundakı Gənclər Mərkəzində Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Ağstafa, Qazax və Tovuz təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak edib.

Tədbirdən öncə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən əhəmiyyətli işləri diqqətə çatdıran nazir müavini qarşıda duran hədəfləri də sadalayıb.

Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə  yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən təlimlər, eləcə də yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Məhəbbət Vəliyeva məktəb idaretməsində ümumi təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətli olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Daha sonra Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

Hesabatlar dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.