FLAŞ


Bu gün Respublika Günüdür


http://news.lent.az/upload/images/news/2019/may/27/big/ba1529192cf129e6d40f718047c595da.jpg

Bu gün Azərbaycanda 28 May - Respublika Günü kimi qeyd edilir.

Bolge.info məlumat verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi və ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı və bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski oldu. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü, yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyətini təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan (4 iyun 1918-ci il) ilk dövlət isə Osmanlı dövləti olub.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli (o vaxta qədər qırmızı olub) bayrağı qəbul edildi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. 1991-ci ildə isə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Qeyd edək ki, 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir və qeyri-iş günüdür.