FLAŞ


Təhsil şöbələri icra başçısına tabedir, yoxsa nazirliyə?


https://cdn2.img.sputnik.az/images/41214/45/412144535.jpg

Nadir İsrafilov

 

“Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? — Deputatlar aydınlıq gətirdilər”- başlıqlı bir yazı diqqətimi cəlb etdi. Oxudum. Oxumayan varsa da oxusun: “Hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni bu qurumların fəaliyyətinə həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?”

Bu da bir neçə deputatın fikirləri: “Şöbələr nazirliyin göstərişi ilə işləyirlər. Sadəcə, rayon səviyyəsində tədbirlər olursa, rayonun böyüyü kimi icra başçısı ilə məsləhətləşmələr aparılır. Amma Təhsil şöbələrinin İcra hakimiyyətinə tabe olması reallığı əks etdirmir” ; “İcra hakimiyyəti həmin rayonun kiçik bir prezidentidir. Onların tədbirlərində Təhsil şöbəsinin rəhbəri də dəvət olunur. Amma birbaşa icra başçılarının rayon Təhsil şöbəsi rəhbərlərinin işinə müdaxilə etməsi halı yoxdur”; “Nazirliklə yerli Təhsil şöbələri arasında müvafiq proqramlar, tədris sistemi ilə bağlı münasibətlər formalaşar. Xalqın seçdiyi nümayəndələr isə yerlərdə vəziyyəti idarə edər” ; “Yerli İcra hakimiyyəti orqanı olduğuna görə, qurum bəzən bu məsələlərə qarışa bilir, tənzimləmə aparır. Amma faktiki olaraq, hansı rayonda İcra Hakimiyyəti ilə rayon Təhsil şöbələrinin rəhbərinin fikirləri üstü-üstə düşürsə, problemlər yaranmır. Hər iki qurum fərqli məqsəd və mərama xidmət etdikdə isə fikir ayrılıqları ola bilir”

Digər bir deputat nisbətən fərqli fikirdədir. O,ölkədə ciddi islahatların aparılmasının, yerlərdə hakimiyyət bölgüsünün optimallaşdırılmasının tərəfdarıdır: “Təəssüf ki, bizdə hələ də belə sistem formalaşmayıb. Türkiyədə, Avropanın bir sıra ölkələrində, Amerikada bu, çox gözəl nəticə verib. Bizdə isə hələ də İcra hakimiyyətinin nümayəndələri özlərini keçmiş SSRİ-nin raykom katibləri kimi aparırlar”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri məsələyə daha "loyal" münasibət bildirib: “İcra hakimiyyətləri rayon Təhsil şöbələrinin işinə ümumi nəzarət edə bilər. Amma mərkəzləşmiş qaydada bu qurumlar Təhsil Nazirliyinə tabedir. Bu məsələ əslində qanunvericiliklə deyil, təhsil nazirinin müvafiq qərarı ilə tənzimlənir. Təhsil Nazirliyi haqqında Əsasnaməyə görə, rayon Təhsil şöbələri nazirliyin qurumudur. Yerlərdə İcra hakimiyyəti və nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü isə icra mütəxəssisləri daha yaxşı bilər. Hazırda bu məsələ ilə bağlı Milli Məclisə hər hansı narahatlıq gəlib çatmayıb”.

Bu məsələ ilə bağlı Milli Məclisə hər hansı narahatlıq gəlib çatıb və ya çatmamasını deyə bimərəm, ancaq tam əminliklə onu deyə bilərəm ki, bu məsələ geniş ictimaiyyəti olmasa belə, hər halda təhsil ictimaiyyətini çoxdan, özü də çox ciddi şəkildə narahat edir. Hətta, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamalı olan rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələrinin yaradılması prosesinin uzun müddətdən bəri təxirə salınmasında İcra hakimiyyəti başçılarının “əli olması” barədə subyektiv iddialar da az deyil.

Bununla belə sözüm heç də təkcə onda deyil. Sadəcə M.M-in Elm və təhsil komitəsi sədrinin “Bu məsələ əslində qanunvericiliklə deyil, təhsil nazirinin müvafiq qərarı ilə tənzimlənir... Yerlərdə İcra hakimiyyəti və Nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü isə icra mütəxəssisləri daha yaxşı bilər.” - qənaətinin mücərrəd mahiyyəti, istər-istəməz vəziyyətin bundan sora da bu şəkildə davam edəcəyinə bir dolayı mesaj xarakteri daşımasından başqa bir şey olmaması anlamına gəlir.

Belə çıxır ki, “Nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü icra mütəxəssisləri yaxşı bilənə və bunu nə vaxtsa elan edənə qədər təhsil ictimaiyyəti “ikihakimiyyətlik rejimi”şəraitində fəaliyyət göstərməlidirlər? Bir də ki, Təhsil Nazirliyi haqqında Əsasnaməyə görə, rayon Təhsil şöbələrinin Nazirliyin qurumu olması, heç də yerlərdəki İcra hakimiyyəti başçıları üçün yetərli əsas olmaya bilər. Çünki, Rayon İcra Hakimiyyətləri haqqında Əsasnamədə də RTŞ müdirlərinin RİH Başçıları tərəfindən təyin edilməsi haqqında maddə var. Yəni, bunu qanunvericiliklə nizamlamaq nomenklaturanı optimallaşdırmaq, əlavə söz-söhbətlərə son qoymaq bu qədərmi çətindir...?

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, bu halda Nazirliyin bilavasitə tabeliyində olan təhsil müəssisələrinə kənar müdaxilələr nə dərəcədə məntiqi xarakter daşıya bilər? Əlbəttə,Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının İcra hakimiyyəti qürumları ilə qarşılıqlı anlaşma və birgə əməkdaşlıq şəraitində işləməməsi mümkünsüzdür və bu heç kəsdə şübhə belə doğura bilməz. Söhbət yalnız nomenklatura üzrə səlahiyyət və funksiyaların konkretləşdirilməsindən, son söz sahibinin kim olmasından gedir.

Bununla belə, istənilən halda ümidverici olan hal odur ki, bu məsələ heç olmasa uzun illərdən sonra yada düşüb, gündəmə gətirilib…