FLAŞ


Şuşanın işğalından 27 il keçir


http://news.lent.az/upload/images/news/2019/may/07/big/1f5b325b9b07cd8273217445f46e506e.jpg
Şuşa şəhərinin erməni silahlı qəsbkarları tərəfindən işğal edilməsindən 27 il ötür...

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını dağıdıb. 

Həmçinin erməni quldurları Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini yerlə-yeksan edərək buradakı nadir sənət incilərini talayıblar.
 
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
 
Məlumat üçün bildirək ki, dəniz səviyyəsindən 1420 metr hündürlükdə yerləşən şəhərin sahəsi 5,5 km²-dir.
 
Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. İlk çağlarda Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb.
 
Şuşada 17 məhəllə vardı  - Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.