FLAŞ


Yeni islahatların anonsu: İcra başçılarına son xəbərdarlıq


https://azvision.az/photos/2019/05/15566-1556704488.jpg
Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxış edən ölkə başçısı keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.
Prezident vurğulayıb ki, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İclasda ölkə başçısı bir sıra tapşırıq və tövsiyələrini verib və idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

"Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq". 



Nazirlər Kabinetinin iclası ilə bağlı fikirlərini AzVision.az -la bölüşən YAP-ın Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə vətəndaşların sosial problemlərinin həll edilməsi, iş yerlərinin sayının artırılması, əmək haqlarının artırılmasıdır: 

“Bu istiqamətdə həm ölkə başçısının çıxışında vurğuladığı məqamlar, həm nazirlərin hesabat xarakterli çıxışları bir daha göstərdi ki, aparılan bütün işlər sadalanan vəzifələrin yerinə yetirilməsinə yönəldilib. Bu gün qeyri-neft sektorunun inkişafında aqrar sahəyə böyük diqqət göstərilir. Kənd təsərrüfatı nazirinin çıxışında bu məsələlər özünü qabarıq şəkildə göstərdi. Fermerlərə dəstək, vergi yükünün azaldılması, onlar üçün xüsusi bazarların yaradılması kənd təsərrüfatında aqro firmaların, kooperasiyaların təşkil edilməsi gündəmdə olan məsələlərdir. Bunlar mütləq əhalinin məşğulluğunu daha da artıracaq. Eyni zamanda gələn ildən başlayaraq Azərbaycanda icbari tibbi sığortanın bütün əhalini əhatə etməsi insanlara daha keyfiyyətli və daha ucuz tibbi xidmət göstərilməsinə səbəb olacaq. Bundan əlavə, tibb müəssisələrinin özünü maliyyələşdirməsi ən müasir avadanlıqları almasına şərait yaradacaq. Ən əsası isə hər bir vətəndaşın öz yaşadığı yerdə daha yaxşı tibbi xidmət almasına gətirib çıxaracaq”. 



A.Mirzəzadə qeyd edib ki, prezidentin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər xüsusilə diqqəti cəlb edir: “Bir daha göründü ki, Azərbaycan ərazi bütövlüyü məsələsini heç bir zaman müzakirəyə çıxarmayacaq. Ermənistanla münasibətlərdə ancaq və ancaq Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsi müzakirə olunur, dünya birliyində Azərbaycanın xarici siyasətinin əsas qayəsi olaraq qalır”. 



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə AzVision.az -a bildirib ki, ölkə başçısı iclasdakı çıxışında islahatların mahiyyəti üzərində dayandı, bunun vermiş olduğu və gələcəkdə verə biləcəyi effektiv nəticələrin əhəmiyyətini önə çəkdi: “Bu, bir daha sübut etdi ki, ölkə başçısı həyata keçirmiş olduğu islahatların davamında son dərəcə maraqlıdır. Bu islahatların həyata keçirilməsi ölkəmizin inkişafında ciddi rol oynayacaq, xalqın həyat səviyyəsinin yüksəldilməsinə özünün müsbət təsirini göstərəcək. Biz dövlət başçısının qarşıdakı aylarda və illərdə islahatların dərinləşməsi ilə bağlı yeni-yeni sərəncam və fərmanlar imzalamasının şahidi olacağıq. Digər tərəfdən idarəetmə sisteminin təkmilləşməsi ilə bağlı ölkə başçısının ortaya qoyduğu iradədən irəli gələrək bir daha məmurların Azərbaycan xalqına yüksək səviyyədə xidmət göstərməsinin zərurliyini qeyd etdi. Vurğuladı ki, nazir və komitə sədrlərinin müavinlərinin vətəndaşlarla görüş keçirməsi vacibdir. Hesab edrəm ki, bu vətəndaşları narahat edən problemlərin aradan qaldırılmasına özünün müsbət töhfəsini verə bilər. Məndə olan informasiyaya görə proses başlayıb”. 

F.Ağamalı qeyd edib ki, nazirlər, komitə sədrləri və icra başçılarına dövlət başçısı tərəfindən çox ciddi tələb var: “Məmurlarla vətəndaşlar arasında yüksək səviyyəli münasibətlərin qurulması, onların qarşısında qoyulan məsələlərin dərhal həll olunması çox faydalıdır. Belə olmadığı halda vətəndaş məcbur olub nazirliklərin, komitələrin, icra hakimiyyətlərinin həll edəcəyi problemləri cənab prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva səviyyəsinə qaldırmağa ehtiyac duyur. Hesab edirəm ki, iclasda edilən xəbərdarlıqların müsbət faydası olacaq”. 



Deputat vurğulayıb ki, xidmət sahələrinin rəhbərlərinin xalqla görüşünə də ehtiyac var: “Məsələn, "Azəriqaz", "Azərişıq", "Azərsu"yun baş ofisinin rəhbər işçilərinin də mütəmadi olaraq vətəndaşlarla görüşünə ehtiyac var. Regionlarda xidmət sahələrinə aid mövcud problemlərin aradan qaldırılması və əlavə problemlərin yaranmaması üçün onların da regionlarda vətəndaşlarla görüşü lazımdır. 

Bundan əlavə, iclasda verilən hesabatlar göstərir ki, 2019-cu ildə Azərbaycan bütün sahələrdə öz inkişafının yeni mərhələsini yaşayacaq. Buna qətiyən şübhə ola bilməz. Bütün bunlar dövlətimizi gücləndirəcək, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacaq, hərbi qüdrətimiz artacaq, əhalinin sosial vəziyətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlər əldə olunacaq”.