FLAŞ


Əsgərin şəhid statusu 7 il sonra ləğv edildi


http://news.lent.az/upload/images/news/2019/april/29/big/5e89712fbb7aa13b1f859377801eae9b.jpg
Ali Məhkəmədə Alməmmədov Vəfadar Əlövsət oğlunun şəhid statusunun bərpası ilə bağlı kassasiya şikayətinə baxılıb.
 
Bu barədə ONA-ya vəkil İlkin Mustafa məlumat verib.
 
Onun sözlərinə görə, V. Alməmmədov 2000-ci ilin dekabrın 24-də Daşkəsən rayonunda yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşüb və donaraq ölüb. Bundan sonra ona “Şəhid statusu” verilib: "Ailəsi qanunvericilikdə nəzərdə tutulmuş maddi ödəmələri də alıb. Lakin 7 ildən sonra Hərbi Komissarlığının 28 iyun 2007-ci il tarixli məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən mərhuma verilmiş şəhid statusu ləğv edilib. Məsələyə aydınlıq gətirmək üçün müvafiq inzibati orqanlara yazılı müraciətlər edilsə də bunun bir nəticəsi olmayıb".
 
Vəkil qeyd edib ki, daha sonra şəhid statusunun bərpa edilməsi üçün şəhidin anası Alməmmədova Gülöyşə Feyzulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilib. Daha sonra birinci instansiya məhkəmısinin qərarından apelyasiya şikayəti verilib. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bundan sonra kassasiya şikayəti verilib və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib və iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilib. Kollegiya hesab edib ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmayıb, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməyib. Hazırda işə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsində 30 aprel 2019-cu il tarixdə təyin edilmiş prosesdə baxılacaqdır.
 
Vəkil mərhum Alməmmədov Vəfadar Əlövsət oğlunun layiq olduğu “Şəhid statusu” bərpa olunacağına ümid etdiklərini vurğulayıb.