FLAŞ


İmişlidə 11-ci sinif şagirdi qohumu ilə sevgili olan tanışını bıçaqladı


http://olke.az/uploads/1556518978/bicaq.jpg
Şirvan Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü R.Hüseynlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Hüseynlinin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, ona şərti cəza verilib. R.Hüseynli məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə ötən il iyunun 3-də İmişli rayonunun Cəfərli kəndində su kanalının kənarında baş verib. Həmin ərazidə R.Hüseynli tanışı M.Bəbirliyə onun qohumu ilə sevgi münasibəti saxlamasına iradını bildirib. Bu zaman tərəflər arasında mübahisə düşüb və R.Hüseynli bıçaqla M.Bəbirlinin qarın, kürək, sol qol və sol qulaq nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Hüseynli 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, hadisə baş verən zaman R.Hüseynli 11-ci sinif şagirdi olub.