FLAŞ


“Mənim yaratdığım obrazlar xalqın sevimlisiydi - Şirin Zərdablı, Xanım nənə…”

- Mübariz Əsgərov


http://modern.az/uploads/news/z1554270866.jpg

Tanınmış telejurnalist Mübariz Əsgərov hazırkı fəaliyyəti, yeni telelayihələri haqqında Modern.az-a danışıb. Onun əməkdaşımızla söhbətini təqdim edirik:

- Mübariz müəllim, hazırda televiziya üçün hansı layihələr üzərində işləyirsiniz? 

- Hər kəsin bildiyi kimi, “Rezonans” proqramını hazırlayıram. Paralel olaraq, müəllifi olduğum bir neçə sənədli filmin üzərində də iş gedir. Filmlərin mövzusu Azərbaycanda ölüm hökmünün ləğvi, ömürlük məhkumların həyatı ilə əlaqədardır. Həmçinin repressiya qurbanları haqqında da bir neçə sənədli film hazırlayırıq. Artıq bu filmlərin çəkilişlərinə başlamışıq. Əlimizdə olan işlər çoxdur. Nəzərdə tutduğum, gələcəkdə çəkməyə niyyət etdiyim layihələr də var. Amma son zamanlar yaradıcılığın istiqamətini daha çox sənədli filmlərə yönəltmişəm. Çünki kino sahəsində bu sarıdan boşluqlar çoxdur. Azərbaycan tarixi ilə bağlı sənədli filmlər isə ümumiyyətlə, azdır. Repressiayaya məruz qalmış insanlar, onların həyatı, ailələri haqqında məlumatların işıqlandırılmasına, həmin şəxslərin daha çox tanıdılmasına ehtiyac var. Bu istiqamətdə yeni sənədli filmlər ərsəyə gələrsə, daha yaxşı olar.

İndiyə kimi dörd sənədli filmin müəllifi olmuşam. Həmin filmlərə televiziyalarda ehtiyac yarandığını görürəm. “Qarabağ: əsirlər və girovlar. Közərən xaç”  adlı filmimizi əsir və girovlarla, bizə qarşı törədilən soyqırımları ilə bağlı olduğu üçün daha çox yayımlayırlar. Bu sübut edir ki, Qarabağla, Azərbaycanın tarixi ilə bağlı maarifləndirici filmlərə hələ də tələbat var. 
 


- Əvvəllər də içərisində olduğunuz satirik-yumoristik janra qayıtmağı düşünürsünüzmü?

- Belə ideyam var ki, yaxın gələcəkdə sənədli filmləri ərsəyə gətirərək, qısametrajlı satirik-yumoristik layihələrə də start verim. Hələlik isə bunlardan daha çox qeyd etdiyim kimi, sənədli filmlərə ehtiyac duyuram. Hesab edirəm ki, Azərbaycan tamaşaçısı üçün indi zəruri və maraqlı olan budur. Maarifləndirici proqramlara, filmlərə bir az da artıq yer verməliyik. Hazırlamağa çalışdığım proqramlar, filmlər də ən çox buna istiqamətlənib. Satirik-yumoristik janra qayıtsam belə, yenə də maarifləndirici istiqaməti üstün tutacağam. Zaman göstərər, necə layihələri həyata keçirə biləcəyimi. İndi cəmiyyət və özüm nəyə ehtiyac duyuramsa, onları hazırlayıram. 

- Sizin televiziya ekranlarına gətirdiyiniz, efirlərdə iz qoyan Şirin Zərdablı, Xanım nənə, Baba Pünhan və s. kimi obrazlar olub. Son zamanlar isə obraz formalaşdırmaq, efirlərə nümunəvi obrazlar çıxarmaqla bağlı TV-lərdə xeyli problem var. Tamaşaçılar hesab edir ki, ekranlardakı yumoristik verilişlərdə, filmlərdə yaradılan obrazlar daha səviyyəli alınmır. Sadaladığım obrazlar tipində yeni layihələr düşünürsünüzmü? 

- Ola bilər ki, təbii seçim edilmir. Bir zamanlar hazırladığım “Qulp” proqramında həmin obrazları tamaşaçıların qarşısına təbii seçim vasitəsilə çıxarırdım. Siz qeyd etdiyiniz Şirin Zərdablı, Baba Pünhan, Xanım Nənə, Aşıq Yediyar - hər biri oynadığı rolun ustası idi. Onlar tək rol olaraq bunu oynamırdılar, hər biri özü kimi davranırdı. Mən seçim aparırdım ki, hansı obraz tamaşaçı üçün nə qədər maraqlı ola bilər, onu efirə çıxarım. Bilmirəm, indiki seçim necə aparılır. Açığı onlara qiymət vermək də istəmirəm. Mən o zaman yaratdığım obrazlar xalqın sevimlisi idi. Bu təbii seçimin nəticəsidir, nəyə ehtiyac var idi, efirə o çıxarılırdı və hansısa obrazın öhdəsindən gələnlərə bu həvalə olunurdu. Hər kəs öz səviyyəsindən, öz zövqündən irəli gələrək, belə obrazlar yaradır. Onlara qiymət vermək isə tamaşaçıların biləcəyi məqamdır.